Dələduz vətəndaşın "WhatsApp" tətbiqinə daxil olaraq insanlardan müəyyən məbləğdə pul istəyib.
Hadisə ilə bağlı zərərçəkən Baku TV-yə danışıb:
"WhatsApp" tətbiqinə həmişə olduğu kimi yenilənmə gəldi, aktiv etdim. Qarşı tərəfin verdiyi sualdan anladım ki, nəsə problem var. Bildirdi ki, Aygün xanım, sizə pul lazımdır? Kartınıza göndərmişəm. Mən heç bir məlumatım olmadığına görə tətbiqə baxıb gördüm ki, proqramda təsdiq kodu tələb olunur. Kod gəldi, bərpa etdim. Halbuki bir saat əvvəl onu bərpa etmişdim. İndi başa düşürəm ki, onu qarşı tərəf üçün bərpa etmişəm. "WhatsApp"ı açıb gördüm ki, qarşı tərəfin yazdığı mesajlar telefonumda yoxdur. Ancaq mənə gələn mesajlardan gördüm ki, kontaktımdakı insanlarla danışıb və onlara kartını ataraq 100-150 manat istəyib".
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu tip halların olmaması üçün vətəndaşlar ikili təhlükəsizlik funksiyasını aktivləşdirməlidirlər:
"Dələduzlar daxildən gələn kodu bilmədikləri üçün vətəndaşların mesajlarını oxuya, həmçinin onların kontaktında olan insanlara mesaj göndərə bilməyəcəklər".
Daxili İşlər Nazirliyindən bildirilib ki, vətəndaşın üzləşdiyi məsələ ilə bağlı artıq ərazi üzrə polis şöbəsində araşdırma başlanılıb.