“Dələduz zərərçəkmişi özünün müdafiəçisinə çevirir...”

Yoxdur vəfası dünyanın, aldanma anın alına,

     Rəngindən oldu münfəil, hər kim boyandı alına.

(Nəsimi)

Əslində, bu mövzudan bəhs edərkən geniş müqəddiməyə ehtiyac yoxdur. Çünki haqqında söhbət açacağım şəxslər o qədər cəld və “peşəkar”, cərəyan edən hadisələr isə o qədər sürətli və mütəhərrikdir ki, onların barəsində elə özlərinə bənzər tərzdə qısa, lakonik və kəskin yazmaq lazımdır. Amma kiçik bir nüansı qeyd etmək mütləqdir. “Dələduz” sözünün etimologiyası barədə araşdırarkən versiyaların biri diqqətimi cəlb etdi və güman ki, ən düzgün fərziyyə budur; farsca “dozidən” (oğurlamaq) məsdəri ilə “duz” (əsli: dozd) sözü qohumdur. “Dələ” hissəsi “dil” (ürək) sözünün təhrifi ilə bağlıdır. Mənası: “ürək oğrusu” deməkdir.

Maraqlıdır ki, ürək oğrusu birləşməsini ifadə edən “dələduz” kəlməsi hansısa mərhələlərdən keçərək fırıldaqçı mənasını qazanıb. Amma, görək, bu gün yaranan mənzərə, mövcud situasiya və dələduzların fəaliyyət prinsipləri bu sözün etimologiyasına necə haqq qazandırır?

Texnologiyanın sürəti qarşısında aciz qaldığımız, dələduzlarla mübarizə istiqamətində maariflənmənin vüsət aldığı bir zamanda kimisə, xüsusən, gənc nəslin nümayəndəsini hansısa fırıldaqçılığın qurbanına çevirmək elə də asan olmamalıdır. Amma dələduzlar, yazının əvvəlində qeyd etdiyim kimi, sərrastdırlar. O qədər sərrast ki, insanların “ürəyini oğurlamaq” onların əlində uşaq oyuncağı kimi bir şeydir. Axı dələduz sözünün haqqını vermək onların ümdə arzusudur...

“Ürək oğurlamaq” məsələsi bir yana, həqiqətən, insanları bu dövrdə aldatmaq klassik dələduzluq əməlləri ilə mümkün ola bilməzdi. Ona görə də sözügedən şəxslər daha “innovativ” planlarla fəaliyyət göstərirlər; 2024-cü ilin adamını aldatmaq üçün süni intellektə müraciət etmək kimi... Süni intellekt vasitəsilə insanların yaxınlarının səsləri eyniləşdirilir və onların özlərinin, yaxud yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyi bildirilir, yardım göstərilməsi üçün pul tələb edilir.

Onlayn platformadakı dələduzluq faktları ilə bağlı yayılan xəbərlərin çoxluğundan belə məlum olur ki, dələduzlar dövrün nəbzini asanlıqla tutmağı bacarıblar. Bu yaxınlarda “Farmaniya.com” dələduzluq piramidasının DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən ifşa olunması ictimaiyyətə açıqlandı. Cinayətin təfərrüatı isə insanın ağlına gəlməyən prosesləri özündə əks etdirir. Məlum olub ki, 18 mindən çox şəxsin 400 min manata yaxın vəsaiti dələduzluq yolu ilə talanıb, bank kartlarına 700 min manat pul mədaxil olunub.

Bu tip iqtisadi əsası olmayan piramidalar insanların psixologiyasına nüfuz edir, onların investisiya imkanlarından sui-istifadə edir.

Digər tərəfdən, “İnstagram” sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələr vətəndaşları internetdə qumar oyunlarına cəlb ediblər, “qurbanlar” isə pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirdikdən sonra milyonlarla pulun dələduzluqla mənimsənildiyi məlum olub.

Bu cür piramidalarda dələduzların “peşəkarlığını” əsas faktor kimi qələmə versək də, bu fitnənin “qurbanlarının” düşünülməmiş addımlar ataraq necə böyük səhvə yol verdiklərini unutmamalıyıq. Bu gün, demək olar ki, hər kəs sosial şəbəkə istifadəçisidir. Həm sosial platformalarda, həm də digər kütləvi informasiya vasitələrində bu və ya digər şəkildə dələduzluq faktı törətmiş şəxslər və xüsusi qruplaşmalar barədə məlumatlar tirajlanır, aldadılan şəxslərin çağırışları yayımlanır. Bu qədər baş verənləri bilə-bilə külli miqdarda vəsaiti hansısa qeyri-müəyyən piramidaya qurban vermək bir neçə məsələdən irəli gəlir; loru dildə desək, pul çox olanda gözə heç nə görünmür və risk etmək elə də qorxulu olmur. İkinci məsələ isə, daha çox qazanmaq ehtirası və dəhşətli hərislik... Dələduz üçün də nə lazımdır? Belə şəxslərlə əlaqə yaratmaq, vəssalam.

Yaşlı insanları aldatmaq ənənəsi də aktuallaşıb. Məsələn, 79 yaşlı qadına zəng ediblər ki, bacın ağır qəza keçirib, təcili pul lazımdır. Qadın da 20 000 manatı naməlum şəxsə verib. Yaxud, 88 yaşlı qayınana gəlinin qəza keçirdiyini eşidərək naməlum şəxsə 4000 manat pul verib... Bu isə məsələnin son həddidir. Soyuqqanlılığı kənara qoysaq, mənəvi cəhətdən necə amansız addım olduğunu dərk edə bilərik.

Dələduzluqla bağlı xəbərlərin 80 faizində bu sözlər qarşımıza çıxır: “Əvvəllər də eyni əmələ görə məhkum olunmuş...” Hətta sentyabrın 18-i Sumqayıtda dələduzluq etmiş şəxslərdən söhbət açılanda belə yazılmışdı: “Əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş...”

Eyni əmələ görə dəfələrlə məhkum olunmuş... İstehza ilə desək, artıq peşə anlayışına çevrilmiş bu əməlin icraçılarını da “qurban” adlandırmaq olar; öz mənfi xislətlərinin qurbanları... Onlar ifadə verərkən “Yox peşman deyiləm, məni anlatmaq istəyəni mən aldadacağam...” fikirlərini səsləndirirlər. Onlar üçün hamı potensial dələduzdur, öz aləmlərində insanlarla mübarizə mexanizmi qurublar və guya, hər kəsi qabaqlayıb birinci dələduzluğu özləri törədirlər.

Yazının əvvəlindəki epiqraf da təsadüfi deyil... Bəzən dələduz zərərçəkmişi özünün müdafiəçisinə çevirir... Məhkəmə zalında deyir ki, siz məni tutmasanız, mən filankəsin borcun qaytarardım. Hətta bu səbəblə ərizəsini geri çəkənlər də var. İki qütb var: aldadan və inanan. İkisi bir yerə gəldisə, deməli, nəsə pis bir şey baş verəcək.

Nəsimi necə deyir?

Vəfasız dünyanın rənginə aldanma, kim onun təsirinə düşsə, həmin rəngə boyanacaq...  (lent.az)

09.10.2024 18:53
386