Dəhşətli işgəncələr verib, minlərlə adamı öldürən general – o, Beriya ilə qarşıdurmada məğlub olub  

 

Onun iş metodu çoxları üçün təəccüblü görünüb. Gününün əsas hissəsini kabinetdə və məhkəmə zalında keçirən Vasili Ulrixlə hətta ailə üzvləri sutkalarla görüşə bilməyiblər. Şəhərin mərkəzində iki geniş mənzilə sahib olsa da Ulrix çox vaxt “Metropol” mehmanxanasında yaşayıb.

Vasili Ulrix 22 il (1926-1948-ci illər) SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədri vəzifəsində işləyib, general-polkovnik rütbəsi daşıyıb. Kremlin yüksək çinliləri onu böyük terrorun memarı adlandırıblar.

Təkcə 1937-1938-ci illərdə Ulrixin başçılığı ilə SSRİ-nin ayrı-ayrı bölgələrində keçirilən səyyar kollegiya iclaslarında 30 min 514 nəfər güllələnmə hökmünə, 5 min 643 nəfər isə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun fəaliyyəti ilə bağlı statistik göstəricilər bir daha sübut edir ki, 22 il ərzində Vasili Ulrix üçün əsas şərt əsl cinayətkarlara layiqli cəzalarının verilməsi yox, rəqəm göstəricisi olub və general bu rəqəmləri yuxarılar qarşısında peşəkarlığının məhsulu kimi ifadə edib, qürurla dilə gətirib.

Vasili Ulrix 1930-cu illərin ən səsli-küylü məhkəmə proseslərinə rəhbərlik edib. Stalinə qarşı çıxanlar, siyasi proseslərdə iştirakı arzuolunmaz sayılanlar məhz Ulrixin əli ilə məhv edilib. Elə bu ərəfədə o, Stalinin kabinetində daha çox görünüb. Onların görüşü təklikdə keçib, Stalin Ulrixə şəxsi tapşırıqlarını verib.

scale_1200 (1).png (195 KB)

Sözsüz ki, mövcud mürəkkəb siyasi vəziyyətdə Ulrixin Stalinlə yaxınlığı Kreml məmurlarının çoxunun narahatlığına səbəb olub, onlar yaxşı anlayıblar ki, Ulrix Stalinin kiçik bir mesajı ilə istənilən adamı məhv etməyə hazır olan bir şəxsdir. Bəlkə elə bu səbəbdən də çoxları generalla ehtiyatla davranıb.

O cümlədən Vasili Ulrixin Kreml dəhlizlərində yetərincə arxayın gəzməsi Lavrenti Beriyanı da qıcıqlandırıb. Hətta onların arasında xidməti vəzifələri ilə bağlı qarşıdurmalar da yaranıb. “Ölüm siyahı”larından Lavrenti Beriya kimisə xilas etmək istəyəndə Ulrix bir neçə dəfə “NKDV” şefinin iradəsinə zidd gedib. Beriya generala olan münasibətini gizlətməyib və Kremldə keçirilən müşavirələrin birində onun ünvanına “Vasili Ulrix Hərbi Kollegiyada özünü “Metropol” mehmanxanasında olduğu kimi hiss edir” ifadəsini işlədərək fəaliyyətini tənqid edib. Stalin Beriyanın Ulrixi tənqid etməyinə reaksiya verməyib. Çünki Ulrix Stalin üçün hələ ki, lazımlı kadr sayılıb.

Ulrix öz vəzifəsini hökmlərin və qərarların çıxarılması ilə yekunlaşdırmayıb. O, bəzi hallarda güllələnmə hökmünün icrasını şəxsən özü həyata keçirib. General həm də ittiham olunanlara verdiyi işgəncələrlə yadda qalıb. Mərhəmət və insanlıq hisslərindən məhrum olan Ulrix ittiham olunanlara insan ağlına sığmayan işgəncələri tətbiq etməkdən çəkinməyib və bundan zövq alıb.

Müasirlərinin yazdıqlarına görə, işin “çoxluğundan” Vasili Ulrix elə məhkəmə prosesi zamanı nahar edib. Düzdür, onun üçün iş başında zəngin süfrə açmayıblar, general-polkovnik qara kürü və qara çörəklə kifayətlənib. Ağ adam bu “qara” məhsulları yaxşı həzm etmək üçün hər naharda yarım litr konyakdan istifadə edib. Konyak onun iş məhsuldarlığını aşağı salmayıb, əksinə, Vasili Ulrix bu mayenin təsiri altında işini daha da “sürətlə” aparıb.

scale_1200-3.jpg (93 KB)

Rəsmi ştatda generalın bir köməkçisi və bir sürücüsü olduğu halda Ulrix özünə böyük bir xidməti personal yaradıb. Nə az, nə çox, düz 16 nəfər onun qulluğunda dayanıb. Zəngin həyat tərzini sevən general rahatlığı üçün özünü heç nədən məhrum etməyib.

Ulrixin özünə yaratdığı şərait, vəzifə salahiyyətlərini aşması, özünü məhkəmə sistemində bir nömrəli adam sayması Kremlin diqqətindən yayınmayıb. Vyaçeslav Molotovun dəfələrlə Stalinə Ulrixin həddini aşması ilə bağlı məruzələri olub, generalın vəzifədən uzaqlaşdırılmasını zəruri sayıb. Stalin isə bu məruzələrə bir cümlə ilə cavab verib:

“Vasili Ulrix öz işinin peşəkarıdır və hələ ki, o, bizə lazımdır...”

Nəhayət, 1948-ci ildə Beriyanın “canfəşanlığı” sayəsində Vasili Ulrix işdə buraxdığı nöqsanlara və vəzifə səlahiyyətlərini aşdığına görə 22 il əyləşdiyi vəzifədən uzaqlaşdırılıb. Amma Stalin onu nə həbs etdirib, nə də sürgünə göndərib. Vasili Ulrix Hərbi Hüquq Akademiyasında kurs rəhbəri təyin edilib.

scale_1200-2.png (247 KB)

Bu təyinatı general özünə təhqir kimi qəbul edib. Akademiyada keçirilən yığıncıqların birində sərxoş vəziyyətdə olan general özünü saxlaya bilməyib:

“Mən yuxarıda rahat kabinetlərdə əyləşənlər üçün hər şey etdim. Bəs onlar mənə qarşı nə etdilər? Vəzifəmdən uzaqlaşdırmaqla məni cəzalandırdılar. Bəli, mən artıq onlara lazım deyiləm. Çünki lazım olan bütün işləri görmüşəm...”

General vəzifəsini itirməyini həzm edə bilməyib, içkiyə qurşanıb, akademiyada kurs rəhbəri kimi işini icra etmək gücündə belə olmayıb. Bu cür həyat tərzi onun həyatına son qoyub. Vasili Ulrix 1951-ci ildə infarktdan vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

12.05.2024 13:58
3149