Dəhşət saçan piyadalar, yoxsa diqqətsiz sürücülər –Prospektləri “ölüm yolu”na kim çevirir?

Dünən günorta saatlarında Bakının Xətai rayonu, “8 Noyabr” prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sözügedən hadisə ilə bağlı yaydığı görüntülərdən aydın müşahidə olunur ki, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurur. NİİM-in müşahidə kameralarının qeydə aldığı görüntülər əsasında söyləmək olar ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar. Davamlı şəkildə təbliğat aparılmasına və cərimələrin tətbiq edilməsinə baxmayaraq, belə xoşagəlməz hallar günü-gündən artır. Belə hadisələrin çoxluq təşkil etməsi haqlı suallar yaradır: Daha nə edək ki, piyadalar məsuliyyətsizlik edib həm öz həyatlarına, həm də sürücülərə təhlükə yaratmasınlar? Necə edək ki, piyadaların vurulması, sürücülərin də buna görə məsuliyyətə cəlb edilməsi halları azalsın?

Məsələ ilə bağlı Medianews.az-a danışan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, bu cür hadisələrin qarşısını yalnız ciddi cəza tədbirləri ilə almaq olar:

“Bizim piyadalar maşınlardan qətiyyən qorxmurlar. Şüur, beyinlər və tərbiyə dəyişməlidir. Uşaqlıqdan onlara tərbiyə verilməlidir. Bu məsələni ancaq cəza tədbirləri ilə düzəltmək olar. Cərimələr çox azdır. Cərimələrin məbləği 20 manatdan 100 manata qaldırılmalıdır. Bizdə piyadalar elə hesab edir ki, avtomobil ona dəysə və ya onun ucbatından qəza olsa sürücü cəzalanacaq. Bu səhv fikirdir. Əslində bir çox ölkələrdə sürücü qaydaları pozmayıbsa, icazə verilən sürət həddini aşmayıbsa, piyada keçidindən keçməyən şəxsi vurduğu halda tam şəkildə məsuliyətdən azad olunur. Bizdə də bu olmalıdır. Hətta televiziya kanllarında və radiolarda bunu təbliğ etmək lazımdır. Tərbiyə məsələsi çox mürəkkəb məsələdir. Bir nəsil yetişib ki, yol hərəkəti qaydaları barədə çox tərbiyəsizdirlər. Onların da övladlarına verəcəyi tərbiyə nə olacaq?”



Aqil Rəhimov daha sonra Azərbaycanda piyadalara vəsiqə verilməsinin də vacibliyindən danışıb: “Hər hansısa bir ölkədə tətbiq edildiyini bilmirəm. Lakin sürücülərə verildiyi kimi, piyadalara da vəsiqə verilməlidir. Piyada qaydaları pozduğu halda cərimə olunmaqla yanaşı, onun vəsiqəsində qayda pozması haqqında məlumat qeyd olunsun. İki-üç dəfə qaydaları kobud şəkildə pozan piyadalara işə götürülməkdə çətinlik yaransın. Belə halda piyadalar da eynilə sürücülər kimi vəsiqələrini itirməkdən çəkinərək ehtiyat edəcəklər”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli də bildirib ki, ölkəmizdə piyadaların vurulması halları artıb:  “Azərbaycan Respublikası ərazisində yaxın 10 ilin statistikasın nəzər saldıqda yol nəqliyyat hadisələrində piyadaların vurulma sayı çoxdur. Paytaxt üzrə bu rəqəmlər ümumi respublika üzrə rəqəmlərdən fərqli olur. Çünki paytaxtın ərazisi və əhalisi bu prosesdə rəqəmlərin çox olmasını şərtləndirən amildir. Amma əsas hadisələrin baş vermə səbəbinə gəldikdə, sürücü diqqətsilziyi də var. Sürücülər yolda nəzərdə tutulmuş sürət həddini artırmamalıdırlar. Sürücülər radar qurğularını keçdikdən sonra sürət həddini arıtırırlar. Sanki radar qurğularının arasında oyun oynayırlar. Bu qayda ilə yolda sürəti düzgün idarə etmirlər. Bu sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyidir. Piyadalara gəldikdə, uzun müddətdir aparılan bütün növ təbliğatların üzərində dayanan başlıca məqsəd piyada təhlükəsizliyinin artırılmasıdır. Piyadaların təhlükəsizliyi məsələsinin fundamental həllini təhsil müəssələrində görürük. Hərəkətin təşkili ilə bağlı da məcburi addımlar atmağa artıq təlabat yaranıb. Bu cür yollarda arakəsmələr çəkilməlidir ki, insanlar o yoldan keçə bilməsinlər. Ötən 9 ay ərzində 17 min inzibati protokol ödənilməmiş qalıb. Biz ödənilməli məbləğlərlə bağlı qurumlara rəsmi məktublar da göndərmişik. Sürücülər cəriməsini ödəməyəndə sürücülük hüququ məhdudlaşır. Lakin piyadalarda bu çətindir. Piyadalar cəriməni ödəmirlər. Piyada keçidlərinin olduğu yerləri xüsusi nişanlar və işıqlarla da təmin etmək belə hadisələrin qarşısını almaqda kömək edə bilər. Dünyada tətbiq edilmiş bir format var. 3D işıqlandırma sistemi ilə piyadaların təhlükəsizliyini təmin etmək mümkündür. Piyada təhlükəsizliyi olduqca vacib bir mövzu kimi, hər zaman cəmiyyətin gündəliyində saxlanılmalıdır. Çünki işin sonunda sürücülər də sərnişinlər də piyadadırlar”.

DYP-da media ilə iş bölməsinə Araz Əsgərli rəhbərlik edəcək

Qeyd edək ki, 2013-2017-ci illər ərzində Azərbaycanda 11 min 600 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 4691 nəfər ölüb, 11611 nəfərin sağlamlığına ağır və ya az ağır xəsatrət yetirilib. Qəzalarda həyatını itirənlərin 399, xəsarət alanların 1219 nəfəri yetkinlik yaşına çatmayanlardır. Paytaxt ərazisində isə son 9 ay ərzində 320 qəza qeydə alınıb. Qəzalar nəticəsində 151 nəfər ölüb, 249 nəfər xəsarət alıb. Ötən dövrlə müqayisədə hadisələrin sayında 17 fakt (5.1 faiz) azalma müşahidə olunur.

06.12.2023 14:24
844