Noyabrın 11-nə keçən gecə Ukraynanın Nikolayev şəhərinə Rusiyaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində 5 nəfər həlak olub. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Qeyd olunur ki, birmərtəbəli ev pilotsuz təyyarənin zərbəsi nəticəsində dağıdılıb və yanğın baş verib. Bundan başqa, dördmərtəbəli binanın mənzillərinə ziyan dəyib, orada da yanğın baş verib. Xilasedicilər 60 və 150 kvadratmetr ərazini əhatə edən yanğınları söndürüb.
Ötən gecə Rusiya hərbçiləri Zaporojye şəhərinə də 3 hava zərbəsi endirib, 1 nəfər ölüb, azı 20 nəfər yaralanıb. 4 yaşlı uşaq da daxil olmaqla 8 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov və Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Partlayış dalğası ikimərtəbəli yaşayış binasını qismən dağıdıb, yataqxana və avtosalon binasına ziyan vurub. Noyabrın 11-də səhər saatlarında Ukrayna Hərbi Hava Qüvvələri raket təhlükəsi barədə xəbərdarlıq edib və bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
Ukraynanın müxtəlif bölgələrində bazar ertəsi səhər saatlarında hava hücumu təhlükəsi ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr tətbiq olunmağa başlayıb. Kiyev, Dnepropetrovsk, Çerkassı, Sumı, Nikolayev və Xarkov vilayətlərində fasilələr olduğu bildirilir. Ukrayna Silahlı Qüvvələri noyabrın 9-dan 10-na keçən gecə Rusiyanın Moskva vilayətindəki "Klin-5" aerodromuna hücum edib. Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat və video yayımlayıb. Məlumata görə, hücum zamanı aerodromdakı bir ədəd "Mi-24" döyüş helikopteri məhv edilib.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu AMİP sədri, deputat Arzuxan Əlizadə ilə gündəmi dəyərləndirir.