Qırğızıstanın şəhərlərində dövlət krematoriyaları tikiləcək. Bu barədə deputat Marlen Mamatəliyev məlumat verib. O, krematoriyalarla bağlı bəndin bu yaxınlarda qəbul edilmiş “Dəfn və dəfn işləri haqqında” Qanunda əksini tapdığını bildirib.
“Bizdə elə insanlar var ki, öldükdən sonra yandırılmaq istəyirlər. Yeni qanun krematoriyaların tikilməsini nəzərdə tutur. Onlarda təkcə insanların cəsədlərini deyil, bəzi xəstəlikləri olan ölü heyvanları da yandıracaqlar”, - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, krematoriyalar dövlət hesabına və yalnız şəhərlərdə tikiləcək, lakin hələlik dəqiq sayı məlum deyil. “Altı ay ərzində əlavə hüquqi akt və qaydalar qəbul ediləcək. Şəxsin yandırılması proseduru müəyyən yoxlamadan keçir. Krematoriyaların işinə dövlət qurumları nəzarət edəcək”, - Mamatəliyev qeyd edib
Qırğızıstan müsəlman ölkəsidir. Cəsədin yandırılması isə adətən buddist və ateist cəmiyyətlərə xasdır. Müsəlman şəxsin öz vəsiyyəti əsasında cəsədinin yandırılmasına dinimiz necə baxır? Belə vəsiyyət icra olunmalıdırmı? Bəs tibbi göstəriş olsa, tutaq ki, qorxulu yoluxucu xəstəlik səbəbindən, təhlükəli bir xəstəlikdən ölmüş müsəlmanın meyiti yandırıla bilərmi? Nəhayət, Azərbaycanda da krematoriyaların inşasına qanun icazə verirmi?
Qeyd edək ki, bir çox ölkələrdə vəfat etmiş şəxsin yandırılaraq basdırılması adətləri var. Hindistanda induizmə sitayiş edildiyi ölkədə mərhumun tonqalda yandırılması (kremasiya) adəti mövcuddur. Onlar inanır ki, tonqalda yanan cəsədin ruhu təmizlənir. Kremasiya (tonqalda yandırılma) mərasimi bitdikdən sonra mərhumun qohumları öz evlərinə qayıdırlar. 3 gündən sonra isə kremasiya yerinə qayıdaraq mərhumdan geri qalan külü qablara toplayaraq çaya və digər su hövzələrinə atırlar.
Yaponiyada da cəsədlərin yandırılması adəti var. Burada ilk öncə mərhumun cəsədi yuyulur, onun qulaq, burun və ağız nahiyələrinə pambıq yerləşdirilir. Cəsədin sinəsinə bıçaq da yerləşdirilir. Yaponlar inanırlar ki, bıçaq pis ruhları qovur. Prosesin ardı olaraq mərhumun cəsədi quru buz parçası ilə dolu tabuta yerləşdirilir. Tabutun içinə mərhumun sevimli əşyaları, o dünyada istifadə etməsi üçün mis pullar, paltarlar da qoyulur. Dəfn mərasiminin sonunda tabutun qıraqlarına daşla mismar vurulur. Cənazə krematoriyalardan birinə göndərilir. Yaponiyada cəsəd yandıran krematoriyalar minlərlədir. Burada1-2 saat ərzində cəsəd yandırılır. Onun qohumları taxta çöplərlə cəsədin külünü mücrüyə toplayırlar. Bu mücrünü isə ailə qəbiristanlığında torpağa basdırırlar.
Deputat: “Digər dinlərin inanc azadlığını təmin etmək üçün belə bir məsələni nəzərə ala bilərik, amma...”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, İslam dini buna icazə vermir: “İslamda müsəlmanın cənazəsi yandırıla bilməz. Müsəlman adət-ənənlərinə, qaydalarına görə insan şəriətə görə dəfn edilməlidir. Yəni dinimiz yalnız İslam qayda-qanununa uyğun olaraq bunun həyata keçirilməsinə icazə verir. Amma ümumi krematoriyaların yaradılması məsələsinə gəldikdə, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var. Həm də biz zaman-zaman yoluxucu xəstəliklərin yayıldığının şahidi oluruq. O anlamda hesab edirəm ki, biz bu məsələyə baxa bilərik. Həm digər dinlərin inanc azadlığını təmin etmək üçün belə bir məsələni nəzərə ala bilərik. Eyni zamanda xəstəliklərlə bağlı, heyvanlarla bağlı bunu demək olar. Elə xəstəliklər var ki, cəmiyyət üçün müəyyən problem yarada bilər. Bunlarla bağlı belə addım atılmasına ehtiyac var. Getdikcə bu ehtiyac özünü daha aydın formada göstərəcək. Gələcəkdə anidən bu problemin yaşanmaması üçün indidən aidiyyəti qurumlar bu istiqamətdə addımlar atmalıdır. Çünki istənilən halda cəmiyyətdə həm heyvanlarla, həm də insanlarla bağlı təbliğat ola bilər. Bu problemin yaranmaması üçün baş verə biləcək məsələləri aradan qaldırmaq məqsədilə belə addımlar atıla bilər. Amma əvvəldə qeyd etdiyim kimi, İslam buna fərqli yanaşır. Digər dinlərdə, bir sıra ölkələrdə insanların cəsədləri yandırılır. Bu bizim dinimizdə qəbul olunan deyil, bizim də yanaşmamız bu formada olmalıdır”.
İlahiyyatçı: “Müsəlman hökmlərinə zidd vəsiyyət edilə bilməz və...”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mehdiabad qəsəbəsi üzrə imamı, ilahiyyatçı Samir Əzizov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İslam dininə görə müsəlman hökmlərə zidd vəsiyyət edə bilməz: “Meyitin torpağa dəfn edilməsi vacib əməllərdən sayılır. Əgər müvafiq olmayan şəkildə vəsiyyət edərsə, icazəli deyil, şəri qanunlara müxalifdir. Meyitin hər hansı bir şəraitdə yandırılması icazəli deyil, istər xəstəlik səbəbindən olsun, istərsə də olmasın. O ki qaldı krematoriyaların yaradılmasına, bu bizim ölkəmiz üçün qeyri-ənənəvi haldır. Nəzərə alsaq ki, bizim ölkədə qeyri-dinlərin mənsubları yaşayır, hələ belə bir müraciətlər daxil olmadığı üçün qanunvericilikdə də öz əksini tapmayıb”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”