“Əlixan təzə videolar çəkməyə başlayanda bir dostum onun videosunu mənə göstərib dedi ki, rəqibin gəlir. Videoya baxıb, dedim ki, başı üçün deyil”.
Ölkə.Az xəbər verir ki, bunu azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi Taleh Yüzbəyov yazıb. Aktyor, ssenarist Əlixan Rəcəbovu doğum günü münasibətilə təbrik edən T.Yüzbəyov zamanla dostlaşdıqlarını bildirib:
“Amma Əlixan hər video ilə plankanı elə qaldırdı ki, ayaqlaşmağa məcbur oldum. Onun çəkdiyi hər video mənə, mənim çəkdiyim hər video ona motivasiya oldu və ən yaxşı videolarımızı belə çəkdik. Rəqib olmadıq, dost olduq.
Bir yerdə ilk şəklimizi ilk videomuzu çəkən gün çəkdirdik. 9-cu mikrorayonda. Hamı bizdən nəsə ciddi bir şey gözləyirdi. Biz isə liftdə öpüşən day-dayların həmin ana qədər olan gününü çəkdik. Telefondan başqa texnikamız yox idi. Yolumuzun əvvəlində idik. Amma arzularımız var idi.
Evdə telefonla video çəkən adamlardan öz filmini çəkmiş və serialını çəkən adamlara döndük. Filmimi çəkəndə o mənə dəstək oldu, serialını çəkəndə mən əlimdən gələn qədər dəstək oluram. Axırıncı şəklimiz də onun serialının çəkiliş meydanındandır. Əminəm ki, həmişə bir-birimizin yanında olacağıq. İndi isə həyatımızın təzə mərhələsindəyik.
Əlixan asan adam deyil. Əlixan sabit adam deyil. Amma həmişə özü kimidir. Onu istəyənlər kimi istəməyənlər də çoxdur. Ən əsası bu onun vecinə də deyil. Onun hədəfi ,arzuları, istedadı var. Bu gün ad gününü də çəkilişdə keçirir.
Ad günün mübarək, Əlixan! Sənə bütün arzularını həyata keçirməyə güc və vaxt arzulayıram. Sağlam və güclü ol! Böyük işlər gör! Heç vaxt təslim olma! Öpürəm və bağrıma basıram”, -deyə o qeyd edib.