44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhid olanlardan biri də baş leytenant İmran Əli oğlu Əliyevdir.
O, 1993-cü ilin 7 aprelində Göyçay şəhərində anadan olub. Uşaqlığı və gəncliyi Bakıda keçib. Orta təhsilini paytaxtda 54 nömrəli məktəbdə alıb. Daha sonra Azərbaycan Texniki Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində xidmət edib. Xidmətini başa vurduqdan sonra təlim tədris mərkəzində kursa gedib və leytenant kimi Bərdə şəhərinin N saylı hərbi hissəsində xidmətə başlayıb.
Şəhidin atası Əli Əliyev: ”Günlərin bir günü qəti qərara gəldi ki, hərbçi olacaq. Oturub dost kimi söhbət etdik. Dedi, bu yolu seçirəm, mən də xeyir-dua verdim. Xidmətə Bərdədən başladı. Bir müddət orada qaldıqdan sonra Tərtərə ezam olundu. Orada “Mübariz İbrahimov postu”nda xidmət edirdi. Ailəsi bizim yanımızda idi. Qızı Dəniz yeni doğulduğuna görə onları Tərtərə apara bilmədi.
Pandemiyada isə ümumiyyətlə, özü bir müddət evə gəlmədi. Dedi, təlimlər başlayıb, ona görə bizə baş çəkə bilməyəcək. Heç nədən xəbərimiz yox idi, həyat öz axarında gedirdi...
Sentyabrın 26-sı gecə İmran mənə zəng etdi. Dedi, könüllülər gəlib, bizi onlara nəzarət etməyə aparırlar. Sən demə, hərbçilərimiz hücuma hazırlaşıb, irəli gedirmişlər.
Səhəri müharibənin başladığını eşitdik. Oğluma təcili zəng etdim, lakin ona zəng çatmadı. Döyüşçü yoldaşları ilə əlaqə saxladıq, dedilər, müharibə başlayıb. İmrangilin briqadası artıq hücuma keçmişdi. Oğlumla bağlı heç cür xəbər ala bilmirdik. Qəfil ondan zəng gəldi və sağ-salamat olduğunu dedi.
Sonra yenə onunla əlaqəmiz kəsildi. Hərbçi yoldaşlarından da xəbər yox idi. Biz axtarışlara başladıq. Ağdama, Bərdəyə, Mingəçevirə getdim. Hərə bir söz deyirdi. Bəzi hərbçilər İmrangillə rabitə əlaqəsinin kəsildiyini, digərləri isə onların daha irəlidə olduğunu deyirdi. Əlacım kəsildi, komandir müavini Babək Səmidli ilə əlaqə saxladım. Dedi, oğlun döyüşdədir, hər şey qaydasındadır və narahat olmayaq.
Amma ürəyimiz rahat deyildi, axtarışları davam etdirdik. Üstündən bir neçə saat keçəndən sonra Babək Səmidli zəng edib İmranın şəhid olduğunu və nəşinin neytral ərazidə qaldığını bildirdi. Daha sonra tabutunu Yevlaxdan gedib gətirdim”.
Şəhidin qardaşı Sahib Əliyev o günləri belə xatırlayır: ”Mən hərbi xidmətdə olarkən qardaşımın əsgəri olmuşam. İmran yeməkxanaya daxil olanda üzündəki zəhmdən hiss olunurdu ki, içəri girən Azərbaycan zabitidir. Əsgərlərinə qardaş qayğısı göstərirdi. Ən ali keyfiyyəti isə onun ədalətli olması idi. Xidmət dövründə ona deyirdim ki, telefonu versin, anamgilə zəng edim. Deyirdi ki, sənin bir əzizin yanındadır, amma o biri əsgərlərin burada heç kimi yoxdur, qoy birinci onlar danışsınlar. Evə gələndə əsgərləri üçün bir torba təmizlik ləvazimatları alıb aparırdı. İmran fəxr olunası zabit idi.
Eyni zamanda, liderliyə meylli, sədaqətli insan idi. Heç vaxt məni tək qoymazdı. Hər hansısa bir sıxıntım olarsa, onu öz dərdi bilərdi. Bu da qardaşımın böyüklüyünü göstərirdi”.
Şəhid anası Səfurə Əliyeva sözə “mənim balam könlümün, qəlbimin lideridir” deyərək başladı. Tərtərdə “Mübariz İbrahimov” postunda xidmət edirdi. Şəhidliyi bəlkə də Mübarizdən öyrənmişdi. Deyirdi ki, gedib Mübarizin otağında oturanda adamın ruhu dincəlir. Balam bilmirdi ki, özü də şəhid olacaq.
İmran mənim dostum, qardaşım, sirdaşım idi. Evə zəng edəndə telefonu digər övladlarım götürürdü. Deyirdi ki, ” mən sizin nömrənizi bilirəm, anama zəng etmişəm, qoyun telefonu o götürsün. Birinci mənim səsimi eşitmək istəyirdi. İlk sözü də “sən mənim ürəyimsən” olurdu. Həmişə gəlib məni öpürdü və deyirdi ki, “səndən cənnətin iyi gəlir, öpdüm səni, 10 yaş cavanlaşdım”. Dörd ildir ki, balamı görmürəm. Bu 4 il ərzində fikirləşib onun bir qüsurunu tapa bilmədim. Balamın ruhu da gözəldir”.
Şəhid atası: ”İmranla biz ata-bala yox, dost idik. Hər işimizdə bir-birimizin məsləhətini dinləyərdik. Mən oğul yox, dostumu, sirdaşımı itirdim. Onun qızı Dəniz atasının məzarını, şəhidlər xiyabanın ziyarət edə-edə böyüdü.İndi yeganə təsəllimiz İmranın yadigar balasıdır”.
Şəhid qardaşı: ”Sonuncu dəfə sentyabrın 25-i danışdım. Qızı oyuncaqları ilə oynayırdı, o isə görüntülü zəng edərək ona baxırdı. Heç nə olmamış kimi bizimlə danışdı, güldü. Deyirdi, məzuniyyətə gələcək... İki gündən sonra döyüşlər başladı və əlaqə kəsildi. Daha sonra acı xəbəri eşitdik.
Qardaşım döyüşdə rabitəyə baxırdı. Çünki rabitə döyüşdə ən önəmli məsələdir. Rabitəyə məsul olan hərbçilər adətən, çox da ön cəbhədə olmurlar. Məlum məsələdir ki, rabitə kəsilsə, döyüşün sonu yaxşı olmaz. Qardaşımdan rabitəçi əsgər istəyiblər. O, əsgər göndərməyib, özü gedib. Deyib ki, heç kimin anasının gözünü yaşlı qoya bilmərəm, özüm gedəcəyəm. Suqovuşan istiqamətdə gedən şiddətli döyüşlərdə elə sentyabrın 27-də vurulub”.
Səfurə xanım: ”Balam o qədər savadlı uşaq idi ki, onu rabitə rəisi qoymuşdular. Türklər sonradan atasına dedi ki, “övladınız elə gözəl rabitə yaradıb ki, hələ də biz onun yaratdığı rabitədən istifadə edirik”. Məktəbdə də əlaçı idi. Hətta müəllimə məktəbdə hamının yerinə cavab verdiyinə görə bir dəfə 2 yazmışdı.
Axırıncı dəfə evə gələndə başını dizimin üstünə qoydu. Dedi, “ana mənim başımı çoxlu sığalla, bir gün olmayacağam, məni tapmayacaqsan”. Sonra həyətə çıxdı, samovar yandırdı, üzüm dərdi... Bilməzdim ki, balamın son gəlişidir.
Axşam yatmağa gedəndə zəng edərdi. Deyirdi, qoy səsinizi eşidim, sonra gedib yatım. Bir də görürdün ki, səhər saat 6-da zəng edirdi ki, səsimizi eşitsin. Övladda ananın, atanın belə aşiqi olarmı?
İmranla yenidən qarşılaşsaydıq, deyərdim ki, gəl yerimizi dəyişək. Çünki ona yoldaşının və balasının ehtiyacı var”.
Şahanə Rəhimli,
Musavat.com