“Dedi ki, burda camaatın anası-bacısı var, sən də qızla...” – Mingəçevirdə ŞOK OLAY

Mingəçevir şəhərində 2007-ci il təvəllüdlü Vüqar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Ayaza (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən 8 saylı orta məktəbin yaxınlığında baş verib. Vüqar orada həmyaşıdı Ayazı yumruqla vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Ayazı tanımır, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmayıb: “Ayazı ilk dəfə hadisə günü görmüşəm. 2021-ci ilin yay aylarınadək Mingəçevir şəhərində babamgilin evində yaşamışam. Təxminən 1 ildir ki, anam ilə birlikdə Bakı şəhərində kirayədə yaşayıram. Arabir Mingəçevir şəhərinə, babamın yaşadığı evə qonaq gəlirəm. Sonuncu dəfə babamı görmək və bir gün qalaraq qayıtmaq üçün onlara gəldim. Həmin günü təxminən saat 17 radələrində hava almaq və keçmiş tanışlarla görüşmək üçün həyətə düşdüm. Bir qədər keçəndən sonra babamın yaşadığı evin yaxınlığındakı 8 saylı orta məktəbin həyətinə getdim. Orada qonşuluqda yaşayan keçmiş tanışım Səlimə ilə rastlaşdım. Biz məktəbin həyətindəki oturacaqlardan birində əyləşdik, öz aramızda söhbət etdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir qədər söhbət etdikdən sonra Səlimə sağollaşaraq gedib: “Səlimə getdikdən sonra adı mənə sonradan məlum olan Ayaz yaxınlaşdı. O, “burda camaatın anası-bacısı var, sən niyə qızla oturursan, belə səhv hərəkət edirsən" dedi. Mənə irad bildirəndə, ona heç bir səhv hərəkət etmədiyimi dedim. Çünki həmin vaxt Səlimə ilə sakit tərzdə normal qaydada söhbət etmişik. Orada heç bir yaşlı, orta yaşlı və yaxud gənc qadın olmayıb, nə də bizə heç kim söhbət etdiyimizə görə irad bildirməyib. Eləcə də, biz heç bir əxlaqa zidd hərəkət etməmişik. Nə də kənarda olan şəxslərin narahatlığına səbəb olan uca səslə danışmamışıq. Ona görə də Ayazın irad bildirməsini özümə qarşı qərəzli hərəkət və sataşma kimi qəbul etdim. Bu vaxt Ayaz mənə “sən burda səhv edə bilməzsən" dedi. Məni daha da qıcıqlandırdı. Sonra isə mənimlə üzbəüz dayanaraq “vura bilirsənsə, vur məni, gör ardı necə gələcək” dedi. Sonra qorxutmaq məqsədi ilə belimdə olan kiçik ölçülü bıçağı bağlı vəziyyətdə çıxardım. Sonra isə şalvarımın yan cibinə qoydum. Həmin vaxt bıçağı açmadım və ya ətrafdakı şəxslərə nümayiş etdirmədim. Bu zaman kənarda dayanmış Ayazın adlarını bilmədiyim 2 nəfər dostu bizə yaxınlaşdılar. Bundan başqa həmin vaxt üzdən tanıdığım, təxminən 7 nəfər həmyaşıdlarımız da təsadüfən oradan keçərkən Ayazla mübahisə etdiyimizi gördülər. Onlar da bizə yaxınlaşaraq, mübahisə etməməyimizi, mehribançılıq etməyimizi xahiş etdilər”.

Vüqar qeyd edib ki, bu zaman Ayaz ona "sən nəsə çəkmisən, hallısan" deyib: “Mən də Ayazın bu sözündən əsəbiləşdim. Ayazın sifət nahiyyəsindən yumruqla bir dəfə vurdum. Zərbənin təsirindən Ayaz yerə yıxıldı. Mən də yıxılmış vəziyyətdə Ayazın sinəsinə 2 dəfə təpiklə vurdum. Ayazın tanımadığım 2 nəfər tanışları və orada olan üzdən tanıdığım şəxslər bizi araladılar. Sonra oradan uzaqlaşaraq babamgilin yaşadığı evə getdim. Səhəri gün isə yaşadığım Bakı şəhərinə qayıtdım”.

İş üzrə zərərçəkmiş Ayazın sözlərinə görə, ailə üzvləri ilə birlikdə yaşayır: “Mingəçevir şəhərində yerləşən 128 saylı Ağdam rayon orta məktəbin 10-cu sinifində təhsil alıram. Təqsirləndirilən Vüqarı əvvəllər tanımamışam. Aramızda hər hansı ədavət və ya düşmənçilik olmayıb. Hadisə günü, saat 19 radələrində şəkər tozu və çay almaq üçün Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən 8 saylı məktəbin qarşısındakı mağazaya getdim. Məktəbin yaxınlığında dostlarım Ramil və Emillə rastlaşdım. Birlikdə söhbət edərək yolumuza davam etdik. 8 saylı orta məktəbin yaxınlığına çatarkən əvvəllər tanımadığım, lakin sonradan adının Vüqar olduğunu bildiyim şəxsin bir qızla oturaraq söhbət etdiklərini gördüm. Yaxınlıqda isə orta yaşlı qadınlar oturaraq söhbət edirdilər. Biz həmin yerə yaxınlaşarkən, yaxınlıqda əyləşmiş orta yaşlı qadınlardan birinin Vüqar və onun birlikdə əyləşib söhbət edən qızın ünvanına "bu tərbiyəsizlərə bax, heç kimi saymırlar" dediyini eşitdim. Mən Ramil və Emildən ayrılaraq yaxınlıqdakı mağazaya daxil oldum. Bayıra çıxdıqdan sonra Vüqarla birlikdə əyləşmiş qız oradan aralanaraq getdi, Vüqar isə orada tək əyləşmişdi. Vüqarın tək olduğunu gördüm və ona yaxınlaşaraq "sən niyə belə edirsən ki, xala sənə tərbiyəsiz deyir" ifadəsini işlətdim. Orta yaşlı qadınların yaxınlığında qızla birlikdə əyləşərək söhbət etməsini irad tutdum. Bu zaman Vüqar da mənə “sən kimsən ki mənə irad bildirirsən" dedi. Bu zəmində aramızda sözlə mübahisə yarandı”.

Zərərçəkmiş deyib ki, bundan sonra Vüqar ona təkbətək dalaşmağı təklif edib: “Mən də Vüqarla razılaşaraq birlikdə bir qədər kənara çəkildik. Yaxınlıqdan keçən təxminən 7 nəfər mənimlə həmyaşıd olan oğlanlar və dostlarım Emil və Ramil də bizə yaxınlaşdılar. Bizə yaxınlaşan tanımadığım 7 nəfərdən biri "lazım deyil, dalaşmayın, mehribanlıq edin" deyə söylədi. Vüqar belindən bıçaq çıxardı, sonra isə bıçağı belinə qoydu. Həmin zaman Vüqara dalaşmaq niyyətimin olmadığını demək istədim. Bu zaman Vüqar qəflətən yumruqla sifətimin sağ nahiyyəsinə bir dəfə zərbə ilə vurdu. Zərbənin təsirindən müvazinətimi itirərək yerə yıxıldım. Vüqar isə yerə uzanıqlı vəziyyətdə sifətimə və başıma 2 dəfə təpiklə vurdu. Zərbənin təsirindən yerə yıxılarkən cibimdə saxladığım "Redmi 10" markalı mobil telefon da yerə düşdü. Vüqar isə təpiklə telefonun ekranından vuraraq ekranını sındırdı. Bu zaman ətrafda olan şəxslər, eləcə də dostlarım Emil və Ramil Vüqarı məndən araladılar. Sonra Vüqar getdi. Mən də ayağa qalxaraq özümü toparladıqdan sonra dostum Emil yaşadığım evə apardı. Lakin evə gedəndə atam mənim xəsarət aldığımı gördü və nə baş verdiyini soruşdu. Mən isə yıxılaraq ehtiyatsızlığından xəsarət aldığımı bildirdim. Lakin 2 gün ərzində gözümdə ağrılar olduğunu gördüm, hadisə barədə atama məlumat verdim”.

Bu cinayət işinə Mingəçevir Şəhər Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edib.

Bu maddə üzrə Vüqarın barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Buna səbəb isə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması ilə izah olunub./Teleqraf.com

20.07.2023 18:00
1239