Rusiyanın ucqarında yerləşən Tuva vilayətində doğulan bir şəxsin sonradan gəlib ölkənin 3-5 rəhbərindən biriı, ordu generalı olacağı, yüzlərlə generala, federasiya ordusuna rəhbərlik edəcəyi heç kəsin ağlına gəlməzdi.
Ancaq 1955-ci ildə Tuvanın Çadan şəhərində Tuva türkünün ailəsində doğulan Sergey Kujuget oğlu Şoyqu (Tuva türkcəsində onun ad-soyadı məhz belə yazılır -Сергей Күжүгет оглу Шойгу) buna nail oldu. Yəqin ki, xalqının tarixində o, bu mərtəbəyə qalxan ilk və yeganə hərbi-siyasi xadimdir.
Onu da qeyd edək ki, onun atası Kujuget Seree oğlu Şoyqu da adi, sadə adam olmayıb, Sovet İttifaqı Kommunist Partiyasının Tuva muxtar vilayətin komitəsinin katibi, sonradan, 1980-ci illərdə Tuva MSSR-in baş nazirinin müavini postunda işləyib.
Bu şəxs haqqında maraqlı məqam odur ki, doğulanda onun adını Şoyqu qoyublar, Kujuget isə ailənin soyad imiş. Ancaq ona pasport verilərkən əksinə qeyd olunub, Kujuget ad, Şoyqu soyada çevrilib. Əgər sənəd düz yazılsaydı və bu ad-soyadın gələcək nazirin həyat yoluna təsiri olmasaydı, güman ki, bu gün Rusiyanın baş ordu generalının ad-soyadı belə olardı: Seree Şoyqu oğlu Kujugetov.
Sözsüz ki, belə bir yüksək vəzifəli partiya xadiminin ailəsində doğulması Sergey Şoyquya imkan yaradıb ki, o, karyera yollarında tay-tuşlarından 1-2 addım qabaqdan start götürsün.
Bu səbəbdəndir ki, o, yaxşı təhsil alıb, 1962-1972-ci illərdə yerli məktəbdə, 1972-1977-ci illərdə Krasnoyarsk Politexnik İnstitutunda oxuyub və onu inşaat mühəndisi ixtisası ilə bitirib. Sonra tikinti trestlərində usta, mühəndis, baş mühəndis, rəis və sair yüksək vəzifələrdə çalışıb.
1988-1989-cu illərdə partiya işinə keçən Sergey Şoyqu Sov.İKP-nin Abakan şəhər komitəsinin ikinci katibi, 1989-1990-cı illərdə isə partiyanın Krasnoyarsk vilayət komitəsinin təlimatçısı vəzifəsində işləyib. Daha sonra o, Moskvaya köçüb və 1990-1991-ci illərdə RSFSR Dövlət Memarlıq və İnşaat Komitəsi sədrinin müavini təyin edilib. 1991-ci ildən RSFSR Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin sədri təyin olunub. O vaxr onun 36 yaşı olub. Rusiyada sovet dönəmindən bəri nazir postunda olan yeganə şəxs Şoyqudur. Tam 32 ildir ki, o, nazir vəzifələrində işləyir.
Putin hakimiyyətə gəlməzdən öncə Sergey Şoyqu eks-prezident Dmitri Medvedyevdən fərqli olaraq, heç də onun komandasında olmayıb. O, regionlararası "Birlik" hərəkatının rəhbəri (1999-2001) və təsisçisi olub.
Daha sonra 2000-ci ildə o, "Vətən" (Yuri Lujkov) və "Bütün Rusiya" (Mintimer Şaymiyev) partiyaları ilə birləşərək yeni partiya yaradıb. Prezident Putinin ətrafında təmərküzləşən bu yeni partiya "Vahid Rusiya" adlanıb və bu hakim partiyanın həmsədrlərindən biri də Şoyqu olub (digərləri - Yuri Lujkov və Mintimer Şaymiyev).
Müdafiə naziri olmazdan öncə Şoyqu Moskva vilayətinin qubernatoru, fövqəladə hallar naziri postunda da çalışıb. Əslində o, əsas şöhrət və nüfuzunu məhz FHN-in rəhbəri olanda qazanıb. Bu vəzifədə o, kifayət qədər uğurlu fəaliyyət göstərib, adı dillərdə dolaşıb, federasiyada “xilaskar nazir” kimi tanınıb. Eyni zamanda o, həmin vaxt prezident Putinin etimadını tam doğruldub və ona sədaqətini sübuta yetirib.
Rusiya elə bir ölkədir ki, burada yüksək rütbəli və mənsəbli kadrın bacarıq və səriştəsindən çox, şəxsi sədaqətinə və bəd ayaqda özünü necə aparmaq qabiliyyətində olmasına diqqət edirlər. Heç kəsə son dərəcə bacarıqlı, amma itaətsizliyə meylli general-nazir lazım deyil. (Yəqin ki, bu, çox ölkələrdə belədir).
Şoyqu 2012-ci il noyabrın 6-da işdən çıxarılan Anatoli Serdyukovun yerinə Rusiya Federasiyasının müdafiə naziri təyin edilib. Onun bu vəzifəyə təyin olunması o zaman prezident postunda işləyən Dmitri Medvedevin tövsiyəsi əsasında baş tutub. Əslində isə Şoyqu heç də peşəkar hərbçi deyil və ordu sıralarında iyerarxiya pillələri keçməyib.
Bununla belə, nazir vəzifəsinə gəldikdən sonra Şoyqu Rusiya Silahlı Qüvvələrinin köklü islahatı üçün sələfinin dövründə başlayan kursu davam etdirib, lakin islahatın praktiki həyata keçirilməsində bir sıra əhəmiyyətli dəyişikliklər edib.
Rusiyanın Ukraynaya hərbi təcavüzünün müxtəlif mərhələlərində bu ölkənin qoşunlarına rəhbərlik edən əsas sima Şoyqu olduğundan o, ABŞ-ın, onun satelliti olan dövlətlərin, eləcə də Avropa ölkələrinin tətbiq etdiyi sanksiyaların altındadır.
Öz ölkəsində də o, hələ FHN başçısı olduğu zamanlarda kifayət qədər tənqidə məruz qalıb. Onu Fövqəladə Hallar Nazirliyi çərçivəsində de-fakto hərbiləşdirilmiş struktur yaratmaqda qınayıblar, bildiriblər ki, FHN hərbi əməliyyatlar apara bilməz.
2015-ci il oktyabrın 27-də Korrupsiyaya Qarşı Mübarizə Fondu (Navalnının qərargahı) Şoyqu ailəsinə məxsus torpaq sahələri ilə bağlı araşdırma dərc edib. Orada rəsmi məlumatlara istinadən bildirilirdi ki, Müdafiə Nazirliyinin rəhbərinin qızı Kseniya 2009-cu ildə (18 yaşında olarkən) ümumi dəyəri 9 milyon dollar olan iki torpaq sahəsi alıb.
Fondun işçiləri qeyd ediblər ki, Kseniya Şoyqunun 18 yaşı olanda torpaq sahələrinin alınması atasına öz gəlir bəyannaməsində onları qeyd etməməyə imkan verib.
“Vaqner” özəl hərbi şirkətin sahibi Yevgeni Priqojinin Ukrayna cəbhəsindəki uğursuzluqlar üçün Şoyqu və baş qərargah rəisi Gerasimova yeklənməsi isə xeyli dərəcədə qərəzli səciyyə daşıyır. Çünki Şoyqu nə Jukovdur, nə də Rokossovskidir, o, prezidet Putinin göstərişlərini birəbir dəqiqliklə yerinə yetirən, bir növ kargüzarlıq xidməti göstərən şəxsdir.
Priqojin və Şoyqunu sevməyən digər siyasilər və generallar sadəcə, “günah keçisi” axtarırlar və Ukrayna bataqlığına saplanmalarının rüsvayçılığını kiminsə belinə şələləyib rus generalitetinin şərəfini qorumaq istəyirlər. Onlar düşünürlər ki, təzyiqi bir az da gücləndirsələr, Putin bu, “monqol-tatar sülaləsinin züryəti”ni qurban verəcək.
Bəs Putin belə edərmi? Tarixi təcrübə göstərir ki, Putin gənclik dostlarına sədaqəti ilə fərqlənən adamdır, amma hakimiyyət də o qədər şirin və vazkeçilməzdir ki, ondan ötrü kimin və ya nəyin qurban veriləcəyini bilmək olmaz. Tarixdə taxt-taca görə atasını, qardaşlarını, övladlarını öldürən yüzlərlə adam olub.
Bir paradoksal məqam: Şoyqunun anası Aleksandra Yakovlevna Kudryavtseva əslən ukraynalıdır. Başqa sözlə, hazırda Şoyqu dayılarına qarşı döyüşür.
Araz Altaylı, Musavat.com