“Dalan ölkə” üçün xilas yolu hansıdır: “qırmızı xətt”, yoxsa Zəngəzur dəhlizi?

Zəngəzur dəhlizi çoxlarının yuxusunu qaçırıb. Bu gün dünyanın əsas güclərinin maraq dairəsində olan məkanlardan biri də məhz 43 km-lik Zəngəzur dəhlizi - Turan qapısıdır. Ermənistan 2020-ci ilin 9-10 bəyanatına imza atmaqla dəhlizin açılmasına təminat verib, amma bu günədək onu imzasından geri çəkilməyə, sözünü tutmamağa təhrik edirlər.

Azərbaycan dövləti səbrlə prosesin haradək davam edəcəyini gözləyir. Bir sıra hallarda ölkəmizi məhz Zəngəzur dəhlizini hərbi yolla açmağa sövq edən cəhdlər də müşahidə olunur. Hətta böyük dövlətlərin kəşfiyyatı belə Azərbaycanın guya Zəngəzur dəhlizini açmaq üçün hücuma keçəcəyi barədə qeyri-ciddi şəkildə anonslar edirlər. Amma Azərbaycan Ermənistanın təxribatlarına belə, səbrli reaksiya verir, necə ki, Zəngəzur istiqamətində sadəcə atəş nöqtəsini susdurmaqla, postu sərrast atəşlə ləğv etməklə kifayətləndi, irəliyə doğru addım belə atmadı. Bir sıra məkrli qüvvələr məhz bunu gözləyirdilər, Azərbaycan hücuma keçsin və dərhal hay-küyə başlasınlar, ölkəmizə qarşı alçaq siyasətlərinin növbəti mərhələsinə adlasınlar.

Azərbaycanın dövlət başçısı sözünü deyib və nəticəsini gözləyir.

photo_75957.jpg (37 KB)

Sitat: “"Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur”.

Prezident bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapdığını xatırladıb.

Sitat: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”. Dövlət başçısı deyib ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. “Ancaq bu, bizi dayandırmayacaq. Yəni bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”.

da6823112922f291f1588e1e7e6a7262-1.jpg (120 KB)

Kifayət qədər aydın şəkildə mövqe ifadə olunub. Necə ki, 2023-cü ilin mayında Qarabağdakı separatçılara xəbərdarlıq edilmişdi. Sentyabrda başlarından böyük qələt edən separatçıların başına ordumuz hansı oyunları acid, hər kəsə məlumdur. İndi Ermənistan üçün gerisayım başlayıb. Seçim özlərinindir. Qarabağı işğalda saxladığı illərdə onlara gizli və açıq dəstək verənlər Zəngəzur mövzusunda da aktivləşiblər. Ermənistan üçün ötənlər dərs olmadısa, günahı bizdən görməsin!

Amma bu, o demək deyil ki, Azərbaycan müharibə edəcək! Dövlətimizin başçısı bildirib ki, biz Zəngəzura tanklarla yox, avtomobillərlə gedəcəyik! Yeri gəlmişkən, Azərbaycan müstəqillik tarixində ilk dəfə dövlət büdcəsində hərbi xərclərini azaltmağa qərar verib. Belə ki, 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait ayırmaqda davam edəcək. Dövlətimiz öz vəsaitlərini Ermənistanın işğal dövründə darmadağın etdiyi ərazilərimizin bərpasına yönəldəcək. 2025-ci ildə daha 4 milyard manat! Azərbaycanın səbrli, təmkinli Zəngəzur dəhlizi gözləntisi uzandıqca, Ermənistan itirəcək! Bunun özü səssiz savaşdır, düşmən anlamalıdır! Zəngəzur dəhlizi açılmasa, Azərbaycan çox itirməyəcək, düzdür, vətəndaşları ölkənin bir hissəsindən digər hissəsinə gedib-gəlməkdə çətinlik çəkəcək…Amma Zəngəzur dəhlizi qapalı qaldıqca, neçə vaxtdır Avropa İttifaqı, NATO üzvlüyü üçün yanıb-yaxılan xəyalpərəst Ermənistan dalan dövlət “statusu”nu qoruyub-saxlayacaq. Bir azdan havaya bulud gələcək və Gürcüstandan keçən yolun Yuxarı Lars keçid məntəqəsi yenə də keçilməz olacaq. Türkiyə vasitəsilə çıxış imkanı da mümkün olmayacaq, çünki Bakı və Ankaranın ürəyi bir döyünür. Ermənistanın “Marqara” sərhəd-buraxılış məntəqəsini təmir edib, gözləməsi heç nəyi dəyişmir.

Maraqlısı budur ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı fərqli mövqe ortaya qoyan kimi, bəzi oyunçular aktivləşirlər. Məsələn, keçən ilin oktyabrında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizi artıq Azərbaycan üçün cəlbedici deyil, İrandan keçən marşruta üstünlük veririk. Ondan sonra bəzi oyunçular hərəkətə keçdilər. Şərti sərhədlərdə müxtəlif təxribatların şahidi olduq. Təbii ki, təxribatlar Ermənistanın əli ilə törədildi, amma arxada Avropa İttifaqının cəsus şəbəkəsi, Ermənistandakı “beşinci kolon”, şimallı-cənublu qonşular, ABŞ və sairin olması sirr deyildi.

2bc3e090-1ae9-3a01-a9fa-4f081491.jpg (63 KB)

Bu ilin yayında isə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov bildirdi ki, rəsmi Bakı Ermənistanla ərazilərimizin qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb. Sitat: “Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik”.

Heç şübhəsiz, Bakı bu kimi bəyanatlarla nəbz yoxlayır, özü də çox böyük diplomatic ustalıqla. Həm də status-kvonun daha çox Ermənistana zərbə olduğu mesajını verir.

Bu günlərdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin Qafqazda inkişaf üçün vacib əhəmiyyət kəsb etdiyini bildirdi və Zəngəzur dəhlizinin açılması zərurətindən bəhs etdi. Bəli, Zəngəzur dəhlizi Turan qapısıdır, Avrasiya və Asiya arasında körpüdür, təkcə Naxçıvan bölgəsi ilə Azərbaycanın əsas hissəsi arasında rabitə deyil. Amma Zəngəzur dəhlizi həm də Ermənistan üçün xilas yoludur. İndi baxsın, Ermənistana “nəfəslik” verib, faktiki olaraq onun nəfəsini kəsən İranın “qırmızı xətti”dir xilas yolu, yoxsa Zəngəzur dəhlizi?..

19.09.2024 12:21
675