Daimi ideya idxalı təhlükəlidir- Zahid Orucdan MÜHÜM ÇIXIŞ

Azərbaycanda Beyin Mərkəzləri Platformasının internet saytının təqdimatı keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə “Azərbaycanda beyin mərkəzləri, onların qarşısında duran məsələlər və Beyin Mərkəzlərinin Platformasının rolu” mövzusunda çıxış edən deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri sədri Zahid Oruc bir sıra önəmli məqamlara toxunub.

Millət vəkili Zahid Orucun çıxışının tam versiyasını təqdim edirik:

"Dünyada görünməmiş dəyişikliklərin, qlobal siyasi  konfliktlərin və beynəlxalq təhlükəsizlik böhranın artdığı, risqlərin çoxaldığı bir zamanda beyin mərkəzlərinin fəaliyyətini vahid milli informasiya platformasında birləşdirən, onu çağırışlara uyğunlaşmağa və qarşıdan gələn ssenariləri proqnozlaşdırmağa, cəmiyyətimiz və dövlətimiz üçün gələcəklə bağlı aydın hədəflər göstərməyə xidmət  edən siyasət kimi dəyərləndiririk. 

Ənənəvi doktrina və konsepsiyaların məhv olduğunu, fikir trestlərinin gərəksizliyini,  ideyasız bir eraya daxil olduğumuzu iddia edənlərin əksinə, gələcək ədalətli  dünya təhlükəsizlik arxitekturasını verənlərin yenə də düşüncə institutları, fikir və ideya bankları olacağına dərindən inanırıq.

İki il əvvəl, senyabrın 28-də Qələbə səlnaməmizin ildönümündə müstəqillik və Zəfər tariximizdə ilk dəfə Bakıda keçirilən Azərbaycan Beyin Mərkəzlərinin (BM) I Forumu təşkilatlanma yönündə verdiyi qərarı-BM-nin vahid platformasının yaradılmasını yüksək qiymətləndirir, platformanın işinə uğurlar diləyirik. İnanırıq ki, ideya mərkəzlərinin fəaliyyətin koordinasiyası imkan verəcək ki, biz ölkəmizdən gedən “beyin axını”ndan deyil, azad torpaqlarımıza olduğu kimi, dövlət və millət quruculuğuna da Böyük Beyin Qayıdışından danışa biləcəyik. Ölkəmizdə mətbuat və informasiya  vasitələrinin fəaliyyətini koordinasiya edən Media Agentliyi kimi, 3-cü sektor siyasətini uzlaşdıran Dövlət Dəstəyi Platforması ilə yanaşı, beyin mərkəzlərinin də fəlaiyyətini əlaqələndirən, onlar arasında uğurlu əməkdaşlıq bağları yaradan təşəbbüslər alqışa layiqdir.

2019-cu ildə yenidən formalaşdıran beyin mərkəzləri dövlətimizin güclənməsinin, iqtisadi və siyasi  inkişafın göstəricisi olmaqla, tədqiqat əsaslı idarəçiliyin meyarlarından birinə çevrildi. Yeni mərhələdə beyin mərkəzləri milli maraqlara xidmət sferasını genişləndirə, dövlət siyasətinə  təsiririni artıra, ictimai legitimlik və beynəlxalq müstəviyə çıxmaq imkanı qazana bilərlər.  

Dəyərli dostlar,

Prezident İlham Əliyev strategiyalar və proqramlar irəli sürən, onu millətin idealına çevirməyi bacaran, nəhayət, bütün beynəlxalq təzyiq və təsirlərə baxmayaraq, planlarını sistemli həyata keçirən bir liderdir. Təkcə Qarabağın xilası prezidentin ideoloq və strateq kimliyini ortaya qoyur. O, özünün dediyi kimi, qlobal layları tərpətməyi bacarıb, lakin bu titrəyiş yeni ədalətli dünya quruculuğunun mesajına çevrilib. Cənubi Qafqaz regionu öz tarixində  heç vaxt indiki qədər Bakıdan asılı olmaylb. Biz sülh ixracını nəinki təkcə regionumuz, eləcə də iqlim atəşkəsi çağırışı ilə bütün dünyaya yaymağa hazırıq.

Əslində Qarabağ müharibəsinin son və diplomatik demarşı da beynəlxalq beyin mərkəzi arenasında baş vermişdi. Münxen Təhlükəsizlik sammitində ölkə rəhbəri təkcə ermənistanlı həmkarına qalib gəlməmişdi, həm də gələcək silahlı əməliyyatların legiitmliyini dünyaya göstərə bilmişdi. Çernobbio konfranslarında ardıcıl iştirak, ənənəyə çevrilən humanitar, mədəniyyətlərarası forumlar, ADA-ya toplanan xarici tədqiqatçı alim və ekspertlərin tribunasından dünyaya səsləniş, Şuşa beynəlxalq platforması və onlarla digər tədbirlər  sübut edir ki, ölkə başçısı dünyanın siyasi-analitik məkanını nəinki izləyir, eləcə də onun milli və dövləti ideallarımızla təchiz olunmasında bilavasitə iştirak edir. Biz inanırıq ki, beyin mərkəzlərinin güclənməsi dövlətimizin regional və beynəlxalq çəkisinin artmasının tərkib hissəsi olacaq, prezidentin onlarla ən yüksək səviyyədə görüşlərinə, ictimai və milli maraqlara xidmətlərinə kömək edəcək.

Birinci Forumdan keçən son 2 il çox kiçik rəqəm kimi görünsə də, bu dövrdə  Azərbaycan qələbəmizin davamı olan misilsiz hadisəyə- tam suverenliyə nail olub. Tarixdən məlumdur ki, Yeni Dünya Düzəninin (YDD) formalaşması hər dəfə müharibələrdən sonra baş verib. BM-nin yaranma və inkişafı da bu  tarixi proseslərlə bağlı olub.

Bəllidir ki, xaricdən mal və məhsul asılılığı milli mənafelər üçün o qədər də təhülkəli deyil, nəinki daimi ideya idxalı. Bizə hər gün kənardan milli gündəlik sırımağa çalışırlar. Qələbəmizi milli ideologiyaya çevirmək və qalib millət statusunu qoruyub saxlamaq da yenə fikir sənayesini formalaşdıran qüvvələrdən asılıdır.

Yaranması və təşkilatlanması baxımından Qərb BM-ri tarixən öndə olub. Bu təcrübədə, nəinki ölkədaxili, habelə xaricdə şaxələnmə, bu gün mövcud olan BM-nin 6-cı nəsli- “Transmilli BM-ri” kimi son fenomenlərin şahidiyik. Nəticədə, dünya intellektual məkanında strateji  üstünlük hələlik, Qərbin  tərəfindədir. XXI  əsr boyu da belə   qalacaqmı? Sualın cavabı- regional və transmilli səviyyəli, rəqabətədavamlı BM-ni strateji gündəmə çevirir.

Ölkəmizin düşüncə mərkəzləri daxildə təşkilatlanmanın dəyərli təcrübəsini yaradarkən, Qərb BM-ri şəbəkələşmə adı altında qlobal məkanı sözün əsil mənasında ələ keçirib. İlk təcrübə kimi-1974-cü ildə Brüsseldə ümumavropa BM şəbəkəsi, “Trans-Avropa Siyasi Araşdırmalar Assosiasiyası” (Trans-European Policy  Studies Association -TEPSA) yaradılıb. 1996-cı ildə “Avropa-Aralıq dənizi Araşdırma Komissiyası” (Euro-Mediterranian Study Commission-EuroMeSCo) yaradıldı, 32 ölkəni təmsil edən 106 tədqiqat institutu, BM-ni əhatə edir.  

 Digər nümunə “Avropa Siyasət İnstitutları Şəbəkəsi” (EPIN),habelə, sonuncunun təşəbbüsü ilə yaradılmış "İqtisadi Siyasət üzrə Tədqiqat İnstitutlarının Avropa Şəbəkəsi”dir (European  Network  of  Economics  Policy  Research Institutes -ENEPRI). 25 BM -ni birləşdirən təşkilat birgə tədqiqatlarla Avropa və milli iqtisadi siyasət problemlərinın həlli və təşviqi üçün çalışır. Habelə, 2010-cu ildən başlayaraq, AB-nə  üzv ölkələrinin çoxsaylı analitik-ekspert təşkilatları hər il keçirilən "Beyin Mərkəzi Dialoqu"-nda (Think Tank Dialogue -TTD) platforması yaradılıb. Burada BM-ləri  öz analitik məhsullarını  Birliyin yüksək vəzifəli rəsmi şəxslərinə birbaşa təqdim edir. “Böyük 20”-lərin-G20-də, “Düşün 20” BM-ri platforması(TheT20--G20) yaradılıb. Digər təcrübələrə: 8 ölkəni əhatə edən“Çin-Afrika Tədqiqat və Siyasət Mərkəzi” artıq 15-ci ildir ki, illik  "China-Africa Think Tanks Forum "lar keçirir. Habelə, “BRİKS  Beyin Mərkəzləri Şurasının (BRICS Think Tank Council - BTTC) fəaliyyəti də məlumdur. Söz gedən platformalarda Azərbaycan araşdırma və beyin mərkəzlərinin iştirakı ilə bağlı nümunələr mövcuddur.

Son-yeni təcrübəyə misal kimi, Böyük Britaniyanın  bütün sahələr üzrə aparıcı beyin mərkəzlərini bir araya gətirən 48 BM-ni birləşdirən “Smart Thinking”(Ağıllı Düşüncə) platforması qeyd edilə bilər.  Platformaya üzvlük peşəkar inkişaf, elmi fikir mübadiləsi və şəbəkələşməyə, milli maraqların təminatı yönündə ortaq ekspert tövsiyələrinin formalaşmasında imkanlar  yaradır. Beləliklə, Qərb BM-nin beynəlxalq -transmilli təşkilatlanma formatlarının tətbiqi, burada iştirak və təmsilçilik aktual məsələdir.

Prezident İlham Əliyev 14 fevral andiçmə mərasimində “bizə təzyiqlər artacaq”, söylədi,  VII çağırış Milli Məclisin ilk iclasında bəyan etdi ki, “ideoloji təhlükəsizlik ən vacib vəzifələr sırasındır...Bizə qarşı aparılan çirkin oyunları bütün səviyyələrdə  ifşa etməliyik.”

Azərbaycanın Vətən Müharibəsində Zəfərlə yaratdığı yeni reallığın başlıca cəhərtlərindən biri də döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan və havadarları, yeni meydanda-informasiya müharibəsində səfərbər olub. Bu müharibədə dezinformasiya, ictimai şüurun manipulyasiyası, ölkəmizə qarşı saxta ittihamlar dolu qətnamələrin qəbulu, sanksiyalara sürüklənmə cəhdləri, beynəlxalq imicinin demonizasiyası prosesi gedir.

Son 4 ildə qlobal erməni diasporunun regional və beynəlxalq təşkilatlara, xüsusilə də beyin mərkəzlərinə sızması, ya maliyyələşdirməsi, ya təsisçi olması, ya da, əsas işçi heyətdə təmsil olunması əsas tendensiyadır. COP29-a qarşı diaspor və havadar ölkələrin qərəzli kampaniyası bu fəaliyyətin nə qədər qlobal miqyas almasını göstərir.

Bütün cavab tədbirləri ilə yanaşı, TDT çərçivəsində BM-ri, habelə, ekspertlərin şəbəkələşməsi hələlik formalaşmayib. Onlar arasında 2 və çoxtərəfli layihələr olsa da,   ortaq fəaliyyət platformalarının təşkili ilə bağlı məsələlər açıq qalır. Bu gün üçün,Türk Dünyası Beyin Mərkəzləri Alyansı” və s. analoji qurumun yaradılması məqsədəuyğun olar.

Əlbəttə, dövlətlər idearəemtə quruluşuna, siyasi və sosial sisteminə  görə bir-birindən fərqlənir, ona görə də dünyada təqdiqatçı sayına görə qabaqcıl Qərb ölkələrinin analitik mərkəzlərinin fəaliyyət üsulunu və formasını təkrarlamaq avtomatik uğura sahib etmir.

21-ci əsrdə ideya sənayesi və intellektual potensial həyati əhəmiyyət daşıyan yumşaq infrastrukturlardan biridir, atelye olaraq müxtəlif sahələrdə alimləri, ekspertləri, analitikləri, peşəkarları “istehsal edən” beyin mərkəzi sənayesinin inkişafına imkan verən intellektual sütundur.

Qeyd edək ki, 2022-ci ilin məlumatına  görə, Ermənistanda 33 beyin mərkəzi var, onlardan müstəqil 23, universitetə ​​bağlı 5, hökumətə bağlı 4, siyasi partiyaya bağlı 1-dir.

Bir daha, müstəqilliymiz dövründə heç vaxt indiki qədər təzyiqlərə məruz qalmadığımızı önə alaraq, Qarabağı geri qaytarmağımızın, bunu ən qısa vaxtda, ən az itki və maksimum nəticə ilə həyata keçirməyimizin qisasını almağa çalışanlara qarşı birgə mübarizə zərurətini qeyd edirik.

İnanırıq ki, yeni platformada hakmiyyət qollarının bütün təmsilçiləri, xüsusilə hökumət üzvləri və nazirlər üçün xüsusi rubrikalar açıla bilər. Onlar rəhbərlik etdikləri sahə ilə bağlı analitik baxışlarını ictimaiyyətlə bizim tribunadan bölüşə bilərlər. Hökumətin malik olduğu resurslar həmişə tədqiqatçılar üçün maraqlı olub, lakin bir sıra hallarda əlçatmazdır. Bu boşluğu doldurmağın yaxşı yollarından biri think-tanklarda gəlib birlikdə məruzələr, görüşlər təşkil etməkdir. Biz onlarla birlikdə yaxşı BİG Dataları məhz burada yerləşdirə bilərik və görün nə qədər oxucu sayı artacaqdır.  Dövlət sifarişləri və layihələr üzrə çalışmalar məhz belə yarana bilər. Akademik çevrələr, gənc tədqiqatçı alimlər üçün əvəzsiz resurs yaranar. Müxtəlif təqaüd proqramları təşkil olunacağı təqdirdə gedib xarici yardımlarla kurslarda gələcəkdə agentura fəaliyyətinə cəlb olunma potensialı daşıyanlardan fərqli olaraq, milli araşdırmaçıların böyük bir dəstəsi formalaşa bilər. Ümidvarıq ki, bütün hökumət saytları, çoxsaylı media və 3-cü sektorun informasiya şəbəkələri think-tank platformasını paylaşacaq, orada aktiv yer almağa çalışacaqlar.

Təmsil etdiyim Sosial tədqiqatlar Mərkəzi 100 mindən artıq respondentin müxtəlif milli məsələlərə münasibətini özündə ehtiva edən böyük və çoxsaylı tədqiqatlara  malikdir. Biz onu paylaşmağa hazırıq.

Bir daha Beyin Mərkəzləri Platformasının işinə uğurlar arzulayır, regionda və dünyada tanınmış, oxunaqlı və daim yenilənən intellektual məkana çevrilməsi yönündə böyük uğurlar arzu edirik!

Gəlin, mərkəzi beyinlər olaq!”

       

 

 

21.10.2024 11:07
448