Daim döyülən uşaq gələcəkdə manyak ola bilər

Valideynlərin “uşaq döyülməlidir” tezisi hansı fəsadlara səbəb olur?

Yeni dərs ilinin başlanması ilə yenidən uşaqların döyülməsi mövzusu aktuallaşıb. Bəli, məktəblərdə dəcəl və ipə-sapa yatmayan uşaqlarla bağlı zaman-zaman cəza metodları fiziki şiddətlə müşayiət olunur. Valideynlər də zaman-zaman bu vəziyyətdən narazı görünmürlər: “əti sənin, sümüyü mənim” deyib, uşağını müəllimin insafına buraxan anaların sayı az deyil. “Sözünüzə baxmırsa, vurun!” - azmı eşitmişik belə valideyn “xeyir-duasını”? 

Əslində isə qanunvericilik də, psixologiya da bu barədə fərqli tezislər ortaya qoyur. Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur. Azyaşlılara qarşı törədilən mənəvi və fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə etməyə başlayıb. Bir çox valideynlərin inadla “uşaqların özləri zorakılığın yaranmasına səbəb olur” deməsinə baxmayaraq, qanun bütün hallarda valideyni məsuliyyət qarşısına çəkir. Və nəticə etibarilə bu gün döyülən uşaq sabah döyən valideyn, bacı və qardaş olur. Şiddət domino effekti ilə yayılır.

Maraqlıdır, dünya ölkələrində vəziyyət necədir? Məsələn, Polşada uşaqların döyülərək tərbiyə edilməsi qadağan edilib. Ölkədə "Ailədə zorakılığa qarşı mübarizə haqqında" qanuna yeni əlavələr bu gündən qüvvəyə minib. Yeni əlavələr uşaqlara işgəncələrin verilməsini, habelə uşaqların mənəvi cəhətdən alçaldılmasını qadağan edir. Bu norma pozulduğu halda, polisin iştirakı ilə sosial xidmət əməkdaşları uşaqları ailədən ala bilər və məhkəmələr 24 saat ərzində qəddar valideynləri bu hüquqlarından məhrum edə bilər.

Yeni əlavələrin müzakirəsi zamanı bir çox valideynlər bildiriblər ki, onlar uşaqların döyülmədən tərbiyə edilməsini təsəvvür edə bilmirlər. Bu iddianı rədd edən sosial xidmət əməkdaşları bildirirlər ki, uşaqların düzgün tərbiyəsi üçün onlara da böyüklər kimi hörmət qoyulmalıdır.

Bu arada ekspertlər bildirirlər ki, əslində Azərbaycanda uşaqlar daha çox internat müəssisələrində döyülürlər. Burada onlara adi həmyaşıdlarından fərqli münasibət göstərilir. Buna səbəb həmin uşaqlara sahibsiz, kimsəsiz kimi baxılmasıdır. Psixoloqların fikrincə, uşaqlara qarşı fiziki təzyiq göstərən şəxslərin iki əsas səbəbi var. Bunlardan biri onların da uşaq vaxtı fiziki travma görməsidir. Digər səbəb isə zəif əsəblər, dözümsüzlükdür. Müntəzəm olaraq fiziki şiddət görən uşaqda isə aqressiyanın dərəcəsi yüksək olur. Ekspertlər hesab edir ki, bir çox cinayətkarlar, serial qatillərin həyatını araşdıranda onların uşaqlıq travmasının qurbanı olduğu üzə çıxır: “

Uşağını döyən valideyni necə cərimələyirlər?

Cinayət Məcəlləsi öz uşağını döyən valideynə qarşı ittiham qaldırmağa imkan verir.  Uşağın digər valideyni və ya qəyyumu Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən ittiham qaldırıb övladını döyən valideyni cinayət məsuliyyətinə cəlb edə bilər. Bu halda valideyn 200 manat cərimə, 240 saat ictimai və 1 il islah işləri və ya 6 aya qədər həbs cəzası ala bilər. Qanunda konkret olaraq döymə faktı üçün bu cür cəza tətbiq olunur.

Döymə faktı sağlamlığa zərər vurmağın üç növünə (yüngül, az ağır və ağır) aid deyil. Döyülən uşaqlar evi olan halda valideynlərin evində, ya da uşaq himayəsindən məhrum olan uşaqlar üçün xüsusi mərkəzdə yerləşdirilməlidir.

Amma bu halda uşaqlar yazılı halda şikayətlər də verməlidir. Cinayət Məcəlləsinin 126-cı maddəsi ictimai ittiham əsasında şikayətin mövcudluğunu qeydə alır. Bu ittiham lap ağır zərbələr yetirilən zaman uşağın köməksiz vəziyyətdə olmasından dolayı qaldırıla bilər. İttiham bu zaman prokuror tərəfindən də qaldırıla bilər.

Daha bir hüquqi detal. Ailə Məcəlləsinin 51-ci maddəsində uşağın müdafiə hüququ barədə bənddə göstərilir ki, uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Bundan əlavə, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Məcəllənin 56-cı maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 58-ci maddəsində isə valideynlərin uşaqlarını tərbiyə etmək hüququna malik olmaları və uşaqlarını tərbiyə etməyə borclu olmaları təsbit olunub. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Məişət zorakılığının uşaqlarda yaratdığı fəsadlarla bağlı araşdırma aparan London Universiteti və Anna Fred adlı mərkəzin alimlərinin gəldikləri nəticəyə görə, məişət zorakılığının uşaqların beynində yaratdığı fəsadlar ilə müharibədə iştirak edən əsgərlərin beynində yaranan fəsadlar eyni təsirə malikdir. Belə ki, illər keçsə də məişət zorakılığının qurbanı olan uşaqların beynində və eləcə də müharibədə iştirak etmiş əsgərlərin beynində potensial təhlükəyə qarşı patoloji hazırlıq hissi saxlanılır. Alimlər sübut etməyə çalışırlar ki, məhz bu cür uşaqlarda yetkinlik dövrünə çatarkən müxtəlif psixi xəstəliklər, depressiv hallar, nevrozlar müşahidə olunur.

Psxioloqlar sübut edib ki, şiddətə məruz qalan bir uşaq bir dəfə və ya dəfələrlə yaşamış olanlara müxtəlif yollarla cavab verə bilər. Üstəlik, sadəcə, bunlara məruz qalmaları deyil, həm də bu görüntülərə şahidlik etmələri kifayətdir. Şiddət uşaqlara pis təsir göstərə bilər. Şiddətə məruz qalan uşaqlarda hadisədən sonra uşaqdan-uşağa fərqli olaraq bunlar gözlənilir:

    - Dalaşqan və əsəbi davranışlar sərgiləyə bilər;

    - Özünə qapanar və heç bir şeyə reaksiya verməzlər;

    - Yuxu problemləri və izah eləyə bilmədikləri qorxulu yuxular görə bilərlər;

    - Davamlı diqqətləri dağınıq və narahatdırlar;

    - Sanki hadisəni təkrar-təkrar yaşıyırmış kimi davrana bilərlər və bu hadisə ilə əlaqəli hadisələrlə qarşılaşdıqlarında sıx psixoloji narahatlıq yaşayırlar, həddindən artıq fizioloji reaksiyalar göstərə bilərlər;

    - Mövzu ilə əlaqəli insanlardan uzaq durmağa çalışırlar;

    - Hadisənin əhəmiyyətli bir hissəsini yaddan çıxarmağa, ətrafa olan maraqlarının azalması, emosiyalarının ifadə olunmasında məhdudiyyət, ətrafdan uzaqlaşma kimi davranışlar sərgiləyə bilərlər;

    - Uşaqda şiddət onu bədbəxt göstərə bilər;

    - Oyunlarında yaşadıqları hadisəni təkrar-təkrar  canlandıra bilərlər.

   Bu şikayətlər aylar sonra və ya bir neçə aydan sonra baş verə bilərlər.

    Şiddətə məruz qalan uşaqlara necə kömək edilə bilər?

   Bu cür uşaqlara sosial dəstək çox vacibdir. Şiddətə məruz qalan uşaqlar yaşlarına uyğun psixoterapiya almalı, lazım olarsa, dərman müalicəsi dəstəklənməlidir. Müalicə edilməmiş uşaqların böyük əksəriyyəti, hətta həyatında bir zamanda həyatlarının mənfi təsirlərini qarşı-qarşıya qoyacaqlar. Bütün uşaqlar sevgiylə böyüməyə layiqdirlər. Sevilməyən uşaqlar gələcəkdə cinayətlər törətməyə meyilli, maddə asılılığı və depressiya kimi problemlərə qarşı həssas olacaqlar. Və bu gənclər hamımızla birlikdə yaşayacağı üçün onların ruhi sağlamlığı bir şəkildə cəmiyyətin sağlamlığı ilə bağlı olduğundan onlara hamı birlikdə sahib çıxmalı və onların əqli və fiziki baxımdan sağlam yetişmələri üçün əlimizdən gələnləri  etməliyik.

Yazını hazırladı: Sevinc TELMANQIZI

03.10.2024 08:35
338