Beynəlxalq Enerji Agentliyi (BEA) də 2024-cü ildə qlobal neft tələbatı ilə bağlı proqnozunu azaldıb.
Musavat.com agentliyin aylıq hesabatına istinadən xəbər verir ki, proqnoz 41 min barel azaldılaraq sutkada 862 min barelə endirilib.
Bir ay əvvəl BEA bu göstəricini 903 min barel səviyyəsində proqnozlaşdırmışdı.
Agentliyin ekspertləri 2023-2025-ci illərdə tələblə bağlı gözləntilərinə yenidən baxıblar. Onların fikrincə, ötən il tələb 101,98 milyon barel olub (sentyabr təxmini - 102,08), 2024-cü ildə bu rəqəmin 102,84 milyon barel (əvvəlki hesablama - 102,99 milyon barel), 2025-ci ildə isə 103,84 milyon barel (103,94 milyon barel) olacağı gözlənilir.
Bu il tələb artımının azalması proqnozunu şərh edən agentlik analitikləri üçüncü rübdə göstəricinin illik cəmi 680 min barel artdığını bildirirlər. Bu 2022-ci ilin dördüncü rübündən bəri ən aşağı artım tempidir.
BEA-nın məlumatına görə, bu il neftə tələbat meylləri əhəmiyyətli dərəcədə dəyişəcək. Əgər ötən il bu göstəricidəki artımın təxminən 70 faizi (1,4 milyon barel) Çinin payına düşübsə, bu ilin sonunda onun töhfəsinin cəmi 20 faiz (gündə 150 min barel) olacağı gözlənilir. Eyni zamanda, müqayisəli artım Hindistan - 190 min barel, Braziliya isə 120 min barel təşkil edəcək. Bundan əlavə, İndoneziya, Tailand, Malayziya, Sinqapur və Vyetnam kimi Asiya-Sakit okean ölkələri istehlakda əhəmiyyətli artım göstərəcək.
Müşahidə olunan qlobal neft ehtiyatları avqustda 22,3 milyon barel azalıb. Bu, əsasən, tankerlərdəki neft ehtiyatlarının 24,5 milyon barel azalması ilə bağlıdır ki, bu da qurudakı ehtiyatların cüzi artımı ilə qismən kompensasiya edilib.
Musavat.com