Daha 3 ölkə Iran Air-ə qarşı sanksiya tətbiq edəcəyini açıqladı

ABŞ-ın ardınca daha üç ölkə - Almaniya, Fransa və Böyük Britaniya İranın Iran Air aviaşirkətinə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, üç ölkənin hakimiyyət orqanları dərhal yeni tədbirlər görmək, xüsusən də İranla hava əlaqəsi sazişlərini dayandırmaq və “Iran Air”ə qarşı sanksiyaların tətbiqi üzərində işləmək niyyətindədirlər. Bu addım Tehranın Rusiyaya silah tədarükünün davam etməsinə cavabdır.
Bəyanatda deyilir: “Biz Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın Rusiyaya silah ixracını və Rusiyanın İrandan ballistik raketlər almasını qətiyyətlə pisləyirik. Bu, həm İran, həm də Rusiya tərəfindən eskalasiyadır və Avropanın təhlükəsizliyinə təhdiddir. Biz İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün dərhal hərəkətə keçəcəyik. Bundan əlavə, İranın ballistik raket proqramında, ballistik raketlərin və digər silahların Rusiyaya ötürülməsində iştirak edən əsas təşkilat və şəxsləri müəyyən etməyə davam edəcəyik.

Bəyanatda qeyd olunur ki, üç ölkə öz cavab tədbirlərini avropalı və beynəlxalq tərəfdaşlarla əlaqələndirir və İrandan Rusiyaya hərbi dəstəyini, eləcə də ballistik raket ixracını dərhal dayandırmasını tələb edir.

 

Musavat.com

11.09.2024 01:15
518