“May ayının əvvəli gələndə biz həmişə həsrət, itki, nisgil hisslərinə bürünürdük. Mayın 8-i Şuşanın işğal günü kimi qeyd olunurdu. Həmin dövrdə vahid ordunun olmaması, ölkədəki xaos, böhran, iqtisadi-siyasi çətinliklər, hərc-mərclik girdabında torpaqların itkisi sonda Şuşanın da itirilməsi ilə nəticələndi. Bütövlükdə Qarabağ və Şərqi Zəngəzur işğal altına düşdü”.
Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.
Politoloq xatırladıb ki, 1 milyon qaçqın və məcburi köçkün, torpaqların işğalda qalması, ölkənin çox çətin bir durumda olması sabaha ümidləri puç edirdi:
“Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi, “Əsrin müqaviləsi”, uğurlu neft strategiyası ölkəmizin sosial-iqtisadi inkişafını şərtləndirdi. Ordu quruculuğu möhkəmləndi, dayanıqlı inkişaf təmin edildi. Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdi. Şuşanın işğaldan azad olunması bu gün dünyanın aparıcı hərbi beyin mərkəzlərində təhlil olunur. Xüsusi təyinatlılarımızın şücaəti, ordumuzun şəxsi heyətinin peşəkarlığı və müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial siyasi mövqeyi bizim ümumi qələbəmizi formalaşdırdı.
Ermənilər Şuşa əməliyyatına “Dağlarda toy” kod adı vermişdilər. Biz öz “Dəmir yumruq” əməliyyatımızla bütün dünyaya nümayiş etdirdik ki, Şuşanın və bütünlükdə Qarabağ bölgəsinin əsl sahibi kimdir.
Bu gün Şuşa yenilənir, gözəlləşir və öz əvvəlki görkəminə qayıdır. Əlbəttə ki, müasir simada, müasir yanaşmalarla”.
Politoloqun sözlərinə görə, bu il əlamətdar hadisə odur ki, artıq 20 ailə Şuşaya qayıdacaq:
“Bu, böyük Şuşa qayıdışının ilkin mərhələsidir. Ümid edirəm ki, Azərbaycan ailələri Şuşada öz fəaliyyətlərini quracaqlar və Şuşanın, ümumilikdə bölgənin inkişafına öz töhfələrini verəcəklər. Şuşa bizim mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də qələbə rəmzidir. Şücaət, mərdlik, namus rəmzidir. Biz artıq işğal günlərini yox, qələbə, zəfər günlərini qeyd edirik. Buna görə də həmişəyaşar şəhidlərimizə, Ali Baş Komandanımıza və bu qələbədə öz sağlamlığını, canını fəda edən ordumuzun şəxsi heyətinə öz dərin minnətdarlığımı bildirir, bütün dünya azərbaycanlılarının ürəyində silinməz izlər buraxan Şuşanın azad olunması münasibətilə xalqımızı təbrik edirəm”.
Aytən Novruz
Musavat.com