“İctimaiyyəti Çeçenistan rəhbəri Ramzan Kadırovla senator Süleyman Kərimovun arasındakı münaqişəyə cəlb etmək olmaz”.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu fikri Dağıstan Müftiliyinin sədri Abdulla Səlimov özünün Telegram-kanalında bildirib.
“Bu məsələdə həm mənəvi prinsiplərə, həm də hüquq normalarına riayət etməklə müdriklik göstərmək vacibdir. Bütün münaqişələr səlahiyyətli strukturlar tərəfindən həll edilməli, cəmiyyətdə nifaq salmamalıdır”, - deyə o yazıb.
Bundan başqa, Səlimov tərəflərin münaqişəni həll edəcəklərinə və barışığa gələcəyinə ümid etdiyini bildirib.
Oktyabrın 10-da Çeçenistan rəhbəri Ramzan Kadırov Dağıstandan olan senator, milyarder Süleyman Kərimova, habelə Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Kurbanova qarşı onun həyatına sui-qəsd planlaşdırmadıqlarını sübut etmədikcə, qan davası elan edib.
Bildirilir ki, bütün bunlar “Wildberries” ticarət mərkəzini ələ keçirmək uğurunda başladılmış münaqişə fonunda baş verir.
Musavat.com