Dağılan tifaq - sırada Abxaziya var

Vaxtilə “dqr”in 25 illiyini Xankəndində qeyd edən abxaz separatçılarının da sonu gələcək; Rusiya Cənubi Osetiyanı “özünə birləşdirməkdən” vaz keçdi, bəs Abxaziya ilə bağlı plan nə?  

Birbaşa mətləbə keçməkdə fayda var. Separatçı Abxaziyada hazırkı qarşıdurmaya əsas səbəblərdən biri bölgədə gələn il keçirilməsi nəzərdə tutulan qondarma “prezident seçkisidir”. Onlar da 1994-ci ildən bəri Dağlıq Qarabağda olduğu kimi səkkiz belə qondarma  seçki oyunu keçiriblər. Dəqiq tarix hələ bəlli deyil, ola bilsin ki, gərginlik yenidən növbədənkənar “seçkini” zəruri etsin, çünki bundan əvvəl də qondarma “prezident” vaxtından əvvəl istefaya göndərilmişdi. 

***

Vaxtilə bu cür qondarma seçki oyunularında Abxaziya və “artsax” bir-birlərinə ciddi dəstək veriblər. Təqdim olunan foto 2016-cı ildə sentyabrında Xankəndidə çəkilib. Sağ cərgədəki personajları yaxşı tanıyırsız, ikisi hazırda Bakıda DTX-nın təcridxanasındadır. Onlarla üzbəüz qədəh toqquşduran isə Abxaziyanın o vaxtkı “vitse-prezidenti” Vitali Qabniyadır. Abxaz separatçıları Xankəndiyə “dqr”in 25 illiyinə təbrikə gəliblər. Ermənilər də dəfələrlə Rusiya ərazisindən keçməklə separatçı bölgəyə belə “dostluq” səfərləri ediblər. 

gdfgdfg.JPG (49 KB)

Aslan Bjaniya

Noyabrın 15-dəki aksiyalar fonunda Rusiya mediasında hazırkı “prezident” Aslan Bjaniyanın istefa xəbəri yayılsa da, sonradan təkzib edlidi. Hər halda, 2025-ci ilin fevral-mart aylarında “seçkinin” keçiriləcəyi gözlənilir.  

Həm Rusiya mənbələrindən, həm Teleqram kanallarından anlaşılan budur ki, əhali Bjaniyanın idarəetməsindən narazıdır  və onun yenidən namizədliyini irəli sürməsini əngəlləmək istəyirlər. 

Qarabağdan fərqli olaraq, Abxaziyanın yerləşdiyi coğrafiya, turizm potensialı və  bölgədə maddi maraqların tez-tez toqquşması “siyasi böhranla” nəticələnir.    

 Burada əsas söz sahibləri Rusiyaya bağlı oliqarxiyadır. 1992-94-cü il qarşıdurmalarında gürcüləri Abxaziyadan qovanlar elə zənn edirdilər ki, “müstəqillikdən” sonra bölgədə söz sahibi onlar olacaq. Amma bu illər yerli əhaliyə (təxminən 200 min civarında) xüsusi heç nə verməyib. Qarabağ separatçıları Ermənistanın dilənçi payına möhtac olduqları kimi, Abxaziya da Kremlin “pul kilsəsindən” asılıdır.  2024-cü ildə Abxaziyanın büdcə gəlirləri 12.097.184.900 rubl təşkil edir. Bunların demək olar ki, yarısı Rusiyadan gələn birbaşa maliyyə dəstəyidir. Eyni zamanda, son bir neçə ildə büdcə kəsiri artıb və Moskvadan gələn puldan imtina etmək həm siyasi, həm sosial cəhətdən olduqca çətindir. Etirazlara səbəb olan yeni investisiya razılaşmalarınadək də Abxaziyada oliqarxlar torpaq sahələri, biznes,  turizm obyektləri alıblar, apartamentlər, mehmanxanalar tikiblər. Bu isə sosial vəziyyəti onsuzda ağır olan,“müstəqillikdən əli bala batmayan” yerli əhalini qıcıqlandırır. 

vTASS-75987203-copy-67373fdd4bfc2.jpg (345 KB)

İndi əhali Rusiya investisiyasının qarşısını daha da açacaq yeni qanunu bəhanə edərək “acığını” yerli hakimiyyətdən almaq fürsəti qazanıb.  Rusiya da 2019-cu ildən hakimiyyətdə olan Bjaniyanın fəaliyyətindən narazıdır və  Abxaziyaya maliyyələşmənin dayandırılmasının bir səbəbi də Bjaniyanı zəiflədərək “yola salmaq” ola bilər. Qarabağda olduğu kimi, Abxaziyada da maddi maraqlar güdən qondarma “müxalifət” var, bəziləri keçmiş prokuror, mer və sairə vəzifələrdə işləyiblər, indiki etirazları da onlar təşkil edir və yönəldirlər. Bəs, onların arxasında kim(lər) var? Qarşıdurma olan dünənki etiraz aksiyasında Rusiya bayraqları qaldırılıb. Keçmiş “vitse-prezident”, indi isə müxalifətin əsas simalarından olan Aslan Bartsits aksiyaçılar qarşısında çıxışında elan edib ki, mediada onlar yanlış olaraq “anti-Rusiya” qüvvələr adlandırırlar. Bartsits  deyib ki, abxazlar indi Donbasda Rusiya üçün canlarını verirlər və “ Abxaziyanın gələcəyi yalnız Rusiya ilə birlikdə mümkündür”. Bundan sonra aksiya iştirakçılar “Rusiya, Rusiya!” şüarı səsləndiriblər. (Erməni milyarder Vardanyan Qarabağa yerləşməsindən sonra Rusiyaya və Putinə yarınmaq aksiyası yada düşür) Dövlət Dumasından da abxaz “müxalifətinə” üsulunca dəstək verilib. Dumanın MDB üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov  Aslanı(Bjaniya) qorxaqlıqda suçlayıb, “çölə çıxıb insanlarla danışmağa hazır deyil, ona görə də müxalifəti sakitləşdirməyin başqa yollarını axtarır, lakin siyasət belə aparılmır” deyib.  

***

Separatçı bölgədə budəfəki etirazların və narahatlıqların başqa bir səbəbi  “Gürcü Arzusu”nun parlament seçkilərdə qələbəsidir. Ermənilər güclü Azərbaycan hakimiyyəti istəmədikləri kimi, separatçı abxazlar da Gürcüstanda daima gərginlikdə maraqlıdırlar. Qərbin parlament seçkilərində Tiflisdə “oktyabr inqilabı”alınmadı, qərbpərəst müxalifətin də ara-sıra davam edən aksiyaları isə Gürcüstanda hakimiyyət böhranı vəd etmir. Bu durum da  Abxaziya separatçılarını narahat edir. 

ghgfhgfhfgh.JPG (149 KB)

Əlbəttə, Azərbaycan Qarabağda öz ərazi bötüvlüyün tam təmin etdikdən sonra yaranmış yeni reallıqlar da separatçıların gözünü qorxudub.“Gürcü Arzusu” son parlament seçkilərindən əvvəl ərazi bütövlüyünün bərpası haqda dəfələrlə bəyanat veriblər. Son olaraq partiyanın fəxri sədri Bdzina İvanişvili də bəyan edib ki, ərazi bötövlüyü yalnız “sülh yolu ilə, barışıq və qarşılıqlı bağışlama əsasında” mümkündür. Bəllidir ki, Gürcüstan hökuməti dəfələrlə ölkənin birləşməsi (mümkündür ki, federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib. Separatçı bölgələrin Gürcüstanın konfederal dövlət çərçivəsində birləşdirilməsi ideyası hələ 2008-ci ilin avqust müharibəsindən əvvəl Moskvanın iştirakı ilə Tiflis və Suxumi arasında aparılan danışıqlarda müzakirə olunub. 2008-ci ilin avqustunda Rusiyanın o zamankı prezidenti Medvedyev Cənubi Osetiya və Abxaziyanın konfederasiyaya birləşməsini təklif etmiş,  lakin  o vaxtkı prezidenti Mixail Saakaşvili bu ideyanı rədd etmişdi. Sonrakı uğursuz müharibə cəhdi və separatçı bölgələrin  Rusiya və ona yaxın ölkələrin(Kuba, Venesuela, Suriya,  Nikaraqua) “müstəqilliyini tanınması” ilə nəticələndi.       

Abxaziya, xüsusilə Rusiyaya  daha çox “qaynayıb-qarışan” Cənubi Osetiya  Rusiyaya birləşməyi ehtiyat variant kimi saxlayır, amma indiki reallıqlarda bu, baş tutmaya bilər. Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi ilə bağlı mümkün referendum müzakirələrinin qəfil dayandırılması da bu konteksdə diqqət çəkir. 

***

Gürcüstanda seçki ərəfəsində xüsusilə Abxaziyanın Gürcüstanın nəzarətinə qaytarılması haqda çox yazdığım üçün təfərrüatlara varmıram. Amma bu mövzuda optimist olduğumu xatırladıram, dünyanın yeni təhlükəsizlik modeli qurulursa və o sistemdə aparıcı rol üstlənən Rusiyadırsa, Cənubi Qafqazda yaratdığı separatizm ocaqlarına son qoymalıdır. Azərbaycan öz ərazisində bu işi bacardı. Gürcüstandanın məlum bölgələrində milli və ərazi məsələsi əlbəttə çox fərqli vəziyyətdir. Rusiyanın “müstəqilliyi tanıma”, Gürcüstanın isə  həmin bölgələrin “Rusiyanın işğalında” olduğuna dair sənəd var və sairə. Yəni heç kim imkan etmir ki, bizim də  sınadığımız, ermənilərin danabaşlığı səbəbindən alınmayan reinteqrasiya danışıqları Gürcüstan və separtçı bölgələrlə daha uzun müddət davam edə bilər. Amma bunlar mütləq olmalıdır.  

900x600_0xwScbhFQu_6572318090980920098.jpg (157 KB) 

Vaşinqondan maliyyələşən Robert Lansinq(ötən əsrin əvvələrində ABŞ-ın keçmiş dövlət katibi olub) İnstitutunun anaitik mərkəzinin iki gün əvvəl bu mövzuda maraqlı hesabatı yayılıb.   Analitik mərkəz Gürcüstanda parlament seçkilərindən sonra separatçı bölgələrdə hadisələrin mümkün inkişaf ssenarilərinə diqqət çəkib. Hesabatda Kremlin Abxaziya və  Cənubi Osetiyanı “tanımaq qərarından” imtina edə biləcəyi xəbərləri Moskvanın həm Gürcüstan daxilində, həm də xaricdə ictimai rəyi öyrənmək istəyi kimi izah edilir. Qeyd olunur ki, bu məlumatların yayılması Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin həllinə yönəlmiş “konfederasiya planına” ictimai reaksiyanı yoxlamaq üçün atdığı strateji addım kimi görünür. Daha maraqlısı, iddia olunur ki, konfederasiya ideyasına yenidən qayıdış Rusiyanın Qərb sanksiyaları fonunda yeni nəqliyyat dəhlizlərinə təcili ehtiyacı olduğunu göstərir. Rusiyadan Abxaziyadan keçməklə Gürcüstana və daha da cənub-şərqə gedən dəmir yolu marşrutlarının bərpası regionda “təhlükəsizlik zonasını” fəal şəkildə gücləndirən Kreml üçün strateji prioritet hesab olunur. Gürcüstan-Abxaziya-Cənubi Osetiya konfederasiyası Moskvanın Tiflis üzərində təsirini artıra və  Gürcüstanın NATO-ya daxil olmaq istəklərini cilovlaya bilər.

 ...Bjaniya “dqr”in altıncı və sonuncu “prezidenti” Şahramanyan kimi Abxaziyada qondarma altıncı “prezidentdir”. Sonuncu olsun... 

16.11.2024 11:05
2877