"Cütlüklər evlənmədən öncə eyni evdə..." - VİDEO

Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" adlı podkastının növbəti qonağı fizioloq Rəşid Mahmudov olub.

Bu dəfəki söhbətin formatı iki nəslin debatı kimi baş tutub. Sovet dövrünü gördüyünü qeyd edən qonaq, kənddə böyüyərkən necə bir uşaqlıq keçirdiyini dilə gətirib:

"Kənd camaatının bircə amalı var idi: necə edək ki, yaxşı oxuyaq. Başqa çarə yox idi. İnsanların üzərində qorxu var idi. Azad söz demək mümkün deyildi. "Abır-həya" sözünü bəyənmirəm. İnsanıq, sənin öz fikrin var. Biz bir ailədə 6 uşaq olmuşuq. Mənim bir anam var idi, çox hikkəli bir qadın idi. 6 uşağın, 6-na da təhsil verib. Pis işlərlə məşğul olmağa qoymadı. Bizi futbol oynamağa qoymurdu. Biz ata və anamıza çox köməklik etmişik. Atam bizə individual yanaşırdı. Hamının içində bizi sevdiyini deməsə də, təklikdə bunu hiss etdirirdi. Amma bir dənə səhv iş görəndə bizə bir sözü var idi, "A nadürüst", başqa bir şey deməzdi. Anamın hərfləri tanımadığını 5-6-cı sinifdə bilmişəm. Sən demə, kiril əlifbasından anlayışı yox imiş".

Mahmudov söhbət əsnasında səhiyyədə olan problemdən, bu gün onu da narahat edən adətlərdən bəhs edib:

"O vaxtlar bizi özbaşına buraxsaydılar, biz dindən başqa heç nəyə getməyəcəkdik. Dinlə getmək, "Allahu veliyyüllezine" deməklə qarın doymur. Din mənim üçün əqidədir, həqiqətdir, düzgünlükdür, ədalətdir, vicdandır, başqasının haqqına girməməkdir. Amma qalan hər bir şey mənə görə xurafatdır. Ehsan verirlər, bir dənə arağı çatmır masada, toylarımız biabırçıdır, musiqilər çox yüksəkdən səslənir. Belə olmalı deyil, özümüzdən başlayaraq dəyişməliyik. Mən demişəm ki, xalqın, dövlətin sərvəti onun ziyalısıdır. Bir ziyalı yaltaqdırsa, o millətin vay halına. Sovet dövründə yaltaqlıq bundan da betər vəziyyətdə idi. Komunist partiyasının rəhbərləri var idi, onları tərifləməsəydin.... Biabırçılıq idi. Bir kadrın yetişdirilməsi var. Bizdə isə bir murdar tendensiya var. Bu, filankəsin qohumudur, tanışıdır, onu mütləq vəzifəyə gətirirlər. Həmin adamın başı işləmir. Ən böyük əxlaqsızlıqdır. İnanırsınız ki, bizdə həkimlərin çoxu işləmir. Çünki yer yoxdu. Travmatologiyada işləyən adam başdan tutmuş, ayağa qədər sümükləri bilməlidir. Amma xaricdə hər sümüyün həkimi ayrıdır.

Bizim o qədər səhv mentalitetimiz var ki... Yaz gələndə Novruz bayramını qeyd edirik, ruslar da Pasxa bayramını. Onun mollasının geyiminə bax, tər-təmiz, əlində əsası. Bizim molla gələndə isə boynu çirkli. Bizimki Şaxta babaya öz dədəsinin pulunu verir ki, onun uşağına çürük konfet versin. Uşaq da sevinir. Yalandı bu. Keçəl bic olar, kosa isə nə arvaddır, nə də kişi... Gələndə də dilənməyə gəlir, kosanın payını verin. Bunlar hamısı düzəlməlidir. Belə adət olar? İnsanları dilənməyə öyrədirlər. Türklərdən dilənçi olmamalıdır, olmayıbdır. Yolda dayanıb dilənən insan bizdən deyil. Qıza elçi gedirlər, yalandan. Qadınlar əvvəlcədən qızı verib də, məsələni öz aralarında həll ediblər də. Yalandan orada oturub çay içməyə gedirlər. Evlənmədən cütlüklər eyni evdə də yaşamamılıdır. O bizim hamımızın həyatını pis yola aparır"./Milli.Az

13.08.2024 13:10
1831