“WikiLeaks” portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj AZƏRTAC-ın Britaniya bürosuna eksklüziv müsahibə verib.
Stella Assanj Londonda Belmarş həbsxanasında saxlanılan ərinin vəziyyəti və psixoloji durumu haqqında danışaraq deyib ki, Culian son aylarda çox çətin zamanlar keçirib:
“Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu. Həbsxanada hər gün fərqlidir, onun qaldığı həbsxana çox sərt rejimli həbsxanadır. O, gündə 21-22 saat təcrid olunur və xarici aləmlə çox məhdud əlaqəsi var. İnternet yoxdur. Radioya isə qulaq asa bilir. Mənə, ailə üzvlərinə, vəkillərinə zəng edə bilir. Lakin bu, çox məhdud əlaqədir. Artıq beş ildir ki, oradadır. Bu, onun üçün çox çətin hal alıb”.
Stella Assanj qeyd edib ki, o, Culianın ABŞ-da ədalətli mühakimə olunacağına inanmır: “Culianın ABŞ-da ədalətli mühakimə olunacağı ehtimalı yoxdur. Çünki o, jurnalist olduğuna, doğru olan məlumatı alaraq onu ictimai maraqlar naminə dərc etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilir. Buna görə də ona qarşı ittihamlar bütün dünyada jurnalistlərin fəaliyyətinə qarşı cinayət hesab edilir”.
Müsahibimiz qeyd edib ki, hətta Culiana açılan işin müddəaları yanlışdır və Casusluq Aktı ilk dəfədir ki, bir naşirə qarşı istifadə olunur.
“Culianın bu informasiyaları hansısa xarici dövlətin adından nəşr etdiyinə dair heç bir iddia yoxdur. ABŞ özü etiraf edir ki, Culian bunları ictimaiyyət üçün nəşr edib. Ancaq o, bunları ictimai maraqlar naminə nəşr etdiyini iddia edə bilmir, öz müdafiəsini bunun üzərində qura bilmir. ABŞ onu Casusluq Aktı ilə 17 maddə və CFAA (Kompüter Fırıldaqçılığı və Sui-istifadə Aktı) üzrə bir maddə ilə ittiham edib və bu, 175 il həbs cəzası deməkdir”,- deyə Stella Assanj bildirib.
Stella Assanj növbəti məhkəmə dinləməsinin mayın 20-də keçiriləcəyini deyib. O vurğulayıb ki, bu, Culianın İngiltərədə ekstradisiya mübarizəsinə son verə biləcək dinləmədir: “Əgər o, prosesdə uduzarsa, Böyük Britaniya onu ekstradisiya etmək üçün hərəkətə keçəcək. Əlbəttə ki, Culian Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək, lakin bu, heç bir zəmanət deyil. Əgər ekstradisiya qərarı çıxarsa, Culian bir neçə saat, bir neçə gün və ya həftə ərzində ekstradisiya edilə bilər”.
Londonda özünü təhlükədə hiss edib-etmədiyi ilə bağlı AZƏRTAC-ın müxbirinin sualını Stella belə cavablandırdı: “Mən Londonda, xüsusən də Culianın səfirlikdə təzyiqə məruz qaldığı və əziyyət çəkdiyi dövrdə özümü təhlükə altında hiss etmişəm. Məni izləyirdilər, mənə bir şey olardısa, bundan Culianı səfirlikdən çıxarmaq üçün təzyiq vasitəsi kimi istifadə edəcəkdilər. Əlimizdə bununla bağlı dəlillər də var idi”.
Qeyd edək ki, 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib.
Bu il martın 26-da Britaniya məhkəməsi Assanjı dərhal ABŞ-a təhvil verməkdən imtina edib. Hakimlər bildiriblər ki, ABŞ səlahiyyətliləri onun ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə başına nə gələcəyinə dair əlavə zəmanət verməsələr, Assanj apellyasiya şikayəti verə biləcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
“Yeni Müsavat”ın QEYDİ: “WikiLeaks” saytının qurucusu Culian Assanj və hazırkı həyat yoldaşı Stella Assanj 2021-ci ilin noyabrında Böyük Britaniyanın Belmarş həbsxanasında evlənmək üçün icazə almışdılar. Onların iki övladı var.