Ekspert: “Həmyerlilərimiz Rusiyada əsasən ticarətlə məşğul olsalar da...”
Rusiyadakı terror hadisəsindən sonra hakimiyyət miqrantların ölkədə qalma şərtlərini sərtləşdirmək niyyətindədir. Tənzimləmə üçün müqavilə şərtlərinin iki il çərçivəsində məhdudlaşdırılması planlaşdırılır.
“Kommersant”ın yazdığına görə, qanun layihəsi artıq hazırdır. Prioritet iki il müddətində işçilərin məqsədyönlü şəkildə işə qəbulu olacaq. Sonra işəgötürən bu mexanizmdən yenidən istifadə edə biləcək, məqsədli işə qəbul isə xüsusi şirkət tərəfindən aparılacaq.
Qanun layihəsində deyilir ki, miqrantlar öz profillərinə uyğun işləməsələr, ölkəni tərk etməyə məcbur ola bilərlər. İdeya artıq Dövlət Dumasında dəstəklənib. Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 2023-cü ildə 75% artaraq 22 minə yaxın olub.
Qeyd edək ki, Rusiyada təxminən 3 milyon civarında azərbaycanlının yaşadığı deyilir. Sözügedən qanun layihəsi bu ölkədəki azərbaycanlıların həyatına da təsir edə bilər. Miqrant azərbaycanlılarla bağlı sərt qərarların hansı mənfi nəticələri ola bilər?
Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov bu mövzuda “Yeni Müsavat”a çox maraqlı faktlar açıqladı: “Rusiyanın rəsmi statistika məlumatlarına əsasən, 2023-cü ildə bu ölkədə əhalinin sayı 146 milyon 143 min nəfər olmuşdu. İl ərzində 1 milyon 857 nəfər doğulmuş, 2 milyon 25 min nəfər ölmüşdü. Doğulanlarla ölənlərin arasında fərq, ölənlərin xeyrinə 168 min nəfər təşkil etmişdi ki, bu da ölənlərin sayının doğulanların sayından 9,1% çox olması anlamına gəlir.
Bütün bu göstəricilər ortada olduğu təqdirdə Rusiya rəsmi mənbələri öz saytlarında ölkədə əhalinin artımına dair göstəriciləri dərc edir. Bəs bu artımlar nəyin hesabına baş verir? Təbii ki, bu artım Rusiyaya xaricdən, ilk növbədə keçmiş sovet respublikalarından və daha çox Orta Asiyadan gələn miqrantların hesabına baş verir. Baxın, 2023-cü ildə Rusiyaya gələn miqrantların sayı 228 min nəfər olmuşdu. Beləliklə, göstərilən ildə Rusiya əhalisinin sayının 168 min nəfər azalmasına baxmayaraq, ölkəyə bir ildə gəlmiş 228 min miqrant hesabına əhalinin təbii artımı 60 min nəfər (228 min - 168 min) təşkil etmişdi.
Bir sözlə, Rusiya bu gün özünün demoqrafik durumunu yalnız ölkəyə gələn miqrantların hesabına tənzimləyə bilir. 2000-2014-cü illərdə Rusiyanın Sankt-Peterburq şəhərində yaşamışam. Yaşadığım şəhərin bütün kommunal xidmətlərində, tikinti, yol infrastrukturunda və bu sıradan olan digər sahələrdə çalışanların (bu işləri el dilində “qara işlər” adlandırırlar) demək olar ki, hamısı müstəsna olaraq Orta Asiyadan gələn miqrantlardan və ilk növbədə tacik və özbək əsilli insanlardan ibarət idi. Orada yaşadığım müddətdə apardığım araşdırmalarla müəyyən etdim ki, Rusiyanın paytaxtı Moskvada və onun digər şəhərlərində də durum eynidir. Beləliklə, Rusiyanın demoqrafik durumunun “çulunu sudan çıxaran” və ölkənin işçi qüvvəsinə olan tələbatını ödəyənlər əsasən miqrantlardır. Bu sırada Orta Asiyadan, xüsusilə Tacikistan və Özbəkistandan gələn miqrantlar böyük üstünlük təşkil edir. Rusiya hökumətinin atdığı addımlara baxmayaraq, bu ölkədə hazırki demoqrafik durum olduqca acınacaqlı vəziyyətdədir. Hökumətin gördüyü tədbirlər gözləntiləri qətiyyən doğrultmur. Əvvəldə dediyimiz kimi, son 2023-cü ildə Rusiyada əhalinin 168 min nəfər təbii azalması baş vermiş və bu durum yalnız ölkəyə gələn 228 min miqrantların hesabına bir qədər tənzimlənmişdi. Rusiyada demoqrafik vəziyyəti və xüsusilə də əhalinin cins tərkibindəki acınacaqlı durumu bundan sonrakı illərdə bir qədər də ağırlaşdıran amil Rusiya-Ukrayna müharibəsindəki itkilər olacaq. Bu günə olan məlumatlara görə, onların sayı 450 min nəfərdən çoxdur və bu rəqəm getdikcə artmaqdadır".
Fikrət Yusifov
Sabiq nazir Rusiya hökumətinin atdığı addımlardan da söz açdı: “Son hadisə - "Crocus City Hall"- da baş vermiş terror aktından sonra Rusiya hökuməti ölkədə miqrantlarla bağlı vəziyyəti tənzimləmək üçün addımlar atmaq istəyir. Ancaq hansı addımlar atılacaq? Rusiyada bu gün on minlərlə miqrant mövcud qaydaları kobud şəkildə pozaraq fəaliyyət göstərsə də, hakimiyyət bu vəziyyəti düzəltmək üçün qətiyyət göstərə bilmir. Çünki miqrantlara göstərilən təzyiqlər sonda onların ölkəni tərk etməsi ilə nəticələnir ki, bu da Rusiya hakimiyyətinə qətiyyən sərf etmir. Bu gün Rusiyada bir neçə milyon nəfər işçi qüvvəsi çatışmazlığı fonunda hökumətin bu cür davranışı anlaşılandır. Terror aktının törədilməsində günahkar bilinən tacik əsilli şəxslərin olması, Rusiyada çalışan taciklərin kütləvi şəkildə bu ölkəni tərk etməsi ilə nəticələnməkdədir. Bu durum nə Rusiyaya, nə də Tacikistan hökumətinə lazım deyil. Rusiyada kommunal xidmətləri sferasında ən ağır işlərdə tacikləri əvəz edəcək bir başqa insanlar tapmaq olduqca müşkül bir məsələdir. Hökumət ya həmin işlərdə çalışmaq istəyənlərə taciklərə ödədiyindən 3-4 dəfə çox əmək haqqı ödəməli, ya da hər vəchlə taciklərin ölkədə qalmasına şərait yaratmalıdır. Gerçəklər bundan ibarətdir.
Yəni Rusiya hökuməti indi bu məsələnin həllində pat durumundadır. Taciklərin Rusiyanı tərk etməsinin nəticələrini Rusiya telekanalları vasitəsilə nümayiş etdirilən kadrlarda da görmək mümkündür. Məişət tullantılarının bəzi şəhərlərin mərkəzində belə günlərlə daşınmaması rus insanlarının ciddi narahatlığına səbəb olur. Əslində miqrantların Rusiyanı tərk etməsi prosesi Rusiyanın Ukraynaya hücumundan sonra başlamışdı. Müharibə başladıqdan sonra rus rublunun kəskin ucuzlaşması səbəbindən miqrantlar möhkəm valyuta hesabı ilə əvvəlkindən daha az qazanc əldə edirlər. Təbii ki, onlar qazandıqları pulun bir hissəsini vətənlərinə, öz doğmalarına göndərirlər. Digər tərəfdən, miqrantları bəzən haqsız olaraq yığıb cəbhəyə göndərirlər ki, bir çoxları da bu səbəbdən Rusiyanı tərk edirlər.
Rusiyada bir qədər fərqli aqibəti azərbaycanlılar yaşayır. Bizim həmyerlilərimiz Rusiyada əsasən ticarətlə məşğul olsalar da, rus rublunun ucuzlaşması səbəbindən onlar da ciddi problemlərlə üzləşirlər və bəziləri geriyə, Azərbaycana qayıdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”