Ekspert: “On milyon qarşılığında bu sıxıntı varsa, 20 milyon əhalimiz olduğu zaman nə sıxıntılar yaşanacaq...”
Milli Məclisin noyabrın 21-də keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov ailələrə ikinci uşaqdan sonra yardımların verilməsinin vacibliyini diqqətə çatdırıb. Ailələrə uşaqlarla bağlı təminatın verilməsinin daha məqbul olduğunu söyləyən deputat vurğulayıb ki, ailədə 5 uşağın olması fonunda ona hansısa təminatın verilməsi kimi yanaşma doğru deyil: “Təklif odur ki, iki uşaqdan sonra ailələrə bu təminatlar nəzərdə tutulsa, daha yaxşı olar”.
Qeyd edək ki, illərdir uşaq pulu məsələsi gündəmə gəlir, məsələ müzakirəyə çıxarılır və sonda bu istiqamətdə hər hansı müsbət addımın atıldığını görmürük. Narahat doğuran məsələ isə odur ki, son illər rəsmi statistikada ölkəmizdə yeni doğulanların sayının azalmasıdır. Ekspertlər hesab edir ki, bu amil indi özünü göstərməsə də, gələcəkdə demoqrafıq vəziyyətin pisləşməsinə səbəb ola bilər.
Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 milyon 163 min 176 nəfər təşkil edir. Dövlət Statistika Komitəsi aylıq hesabatına istinadən xəbər verir ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75 min 623 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşmüşdür. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.
2023-cü ilin yanvar-avqust ayları ərzində ölkədə 40 min 472 ölüm halı qeydə alınmış və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 6,0-a düşüb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.
Niyə illərdir müzakirəyə çıxarılan bu məsələ öz həllini tapa bilmir? Uşaq pulu məsələsi reallıqda necə həll oluna bilər?
Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, uşaq pulu ilə bağlı belə bir qərarın qəbul edilməsinin tərəfdarıdır: “Amma bugünkü iqtisadi reallıq şəraitində, bugünkü demoqrafik göstəricilər və maliyyə yükü şəraitində hökumətin belə bir qərar qəbul edəcəyini gözləmirəm. Bu gün on milyonluq ölkə əhalisinin yaşaması, iqtisadi fəaliyyəti üçün adama düşən su, torpaq ehtiyatları qonşu ölkələrlə müqayisədə daha azdır. On milyon qarşılığında bu sıxıntı varsa, 20 milyon əhalimiz olduğu zaman nə sıxıntılar yaşanacaq. Əhalinin sayının artması məhdud torpaqları çərçivəsində sosial problemlər yaradır. Bəli, əgər o dərəcədə, iqtisadi dərəcədə səmərəli bir iqtisadiyyat qurularsa, bu olmaz. Amma bugünkü reallıqlar daxilində əhali sayının kəskin artması həm də sosial problem deməkdir. Azərbaycanda iyirmi milyonluq əhalinin təminatı daha ciddi problemlər yarada bilər. Ona görə 3, 4-cü uşaqlara deyil, məhz yalnız birinci uşağa görə ödənişlərin verilməsinin tərəfdarıyam. Çünki onsuz da Azərbaycanda bir, ya da ikiuşaqlı ailələr daha çoxdur, ələlxüsus da aztəminatlı ailələrə bu tip uşaq pulunun ayrılmasının tərəfdarıyam. Artıq ikinci uşaqdan sonrakı uşağa uşaq pulunun verilməsinin deyil. Məhz ilk iki uşağa”.
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Əslində demoqrafıq artım həndəsi silsilə ilə artmır. Bu mümkün deyil. Bu, illərə yayılmış bir artım olur. Yeri gəlmişkən, Azərbaycanda əhalinin artımı 2050-ci ildən sonra zəifləyəcək. İndiki proyeksiya BMT-nin hesabatına görə Azərbaycan 50-ci ildə 11.3 milyon, amma 100-cü ildə 9 milyon olacaq. Əksinə, indiki templə götürəndə orada elmi modelləşmə prinsipi var. BMT-nin əmək və insan resursları agentliyi bunu ölkələr üzrə hesablayır. Bu, elmi yanaşmadır. Artım tempinin riyazi modellərinin qurulmasına görədir. Bizdə uşaq pulu veriləcəksə, əhali "kəskin artacaq" prinsipi yanlışdır. Çünki bir çox ölkələrdə bu tətbiq olunur. Rusiyada 20 ilə yaxındır tətbiq olunur, əhali artmır, əksinə, azalma baş verir. Yəni bu, demokqrafik partlayışa gətirib çıxarmır. Demoqrafik problemlərin həll edilməsinə yardımçı olur".
Ekspert əlavə edib ki, Azərbaycanda ikinci uşaqdan başlayaraq uşaq pulunun verilməsi məsələsi birdəfəlik həll olunsa, ölkənin gələcəkdəki demoqrafik problemlərinin yaranmamasına səbəb olar: “İndiki vəziyyət hələ ki pis deyil. Düzdür, uşaqların doğuş sayında azalma var. Amma Gürcüstan və Ermənistana, Cənubi Qafqaz ölkələrinə baxanda onlardan qat-qat yaxşı vəziyyətdəyik. Onlarda demoqrafik vəziyyət həddən artıq pisdir. Azərbaycandakı vəziyyət Avropa ölkələrindən də yaxşıdır. Amma getdikcə doğuş sayı azalır. Birinci uşağı planlaşdırarkən ailələrə daha rahat olur, yaxınlar, qohumlar ilk uşaqda kömək edirlər. Amma ailələr ikinci, üçüncü uşağı dünyaya gətirməyə çox vaxt risk etmirlər, maddi çətinliklərdən çəkinirlər. Ona görə də ikinci uşaqdan başlayaraq ailələrə müəyyən yardımın olması Azərbaycanın gələcəkdə demoqrafıq problemlərinin qarşısını ala biləcək faktora çevrilə bilər. Bu baxımdan, uşaq pulu məsələsi həllini tapmalıdır. Yeri gəlmişkən, beş istiqamət üzrə müxtəlif adlar altında uşaq pulu verilir. Sosial yardımlar kimi, imkansız ailələrə yardımlar kimi, çoxuşaqlı ailələrə yardımlar var. Biz bunu bir mərkəzdə cəmləşdirməyə və ayrılan vəsaiti bir az artıraraq və ikinci uşaqdan başlayaraq ailələrə yardım verilməsi daha doğru yanaşma ola bilər”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”