“Çox pisəm, bu nə iş idi başımıza gəldi” – Rais Rəsulzadə tarixçinin ölümündən danışdı  

 “Nəsiman Yaqublubun yol qəzasında öldüyünü eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Hələ də inanana bilmirəm. Bu, nə iş idi başımıza gəldi”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə tarixçi-professor Nəsiman Yaqublunun yol qəzasında həlak olmasından danışarkən deyib. 

O bildirib ki, tarixçinin ölümü ilə bağlı xəbəri dünən gecə alıb. 

“Xoşbulaqda idim. Xəbəri eşidən kimi yola düşdüm. Dəfninə çatmağa hazırlaşıram. Nəsimanın oğlu ilə danışdım. Hamı çaşqın vəziyyətdədir. Heyf Nəsiman kimi nəhəng insan bu dünyanı belə tez tərk etdi. Çox pisəm. Keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm”.

Xatırladaq ki, avqustun 25-də tarixçi professor, Müsavat Partiyasının deputatlığa namizədi Nəsiman Yaqublu yol qəzası nəticəsində həyatını itirib. Onun ölümünə səbəb olan qəza ötən gün saat 19:00 radələrində Cəbrayıl rayonu ərazisində baş verib.

  Qeyd edək ki, Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mahir araşdırmaçısı idi. AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı araşdırmaların müəllifi kimi tanınırdı. 

Şahanə Rəhimli

Musavat.com

26.08.2024 11:40
1135