Çörəyi zibilə atanlar- İsrafın yaratdığı aclıq və ya qiymət artımı- REPORTAJ

Azərbaycanda yaxın günlərdə çörəyin qiymətində artım gözlənilir. Artımın 5 qəpik civarında olacağı ehtimal edilir. Artıma səbəb bütün dünyada buğda məhsullarının qiymətində müşahidə olunan bahalaşmadır.

Qlobal dünyanın bir parçası olan Azərbaycana da bu proses təsirsiz ötüşmür.

Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehlak edən ölkələr sırasındadır.

Belə ki, dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir – ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir. Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, çörək və sair un məhsullarının istehsalına 2020-ci ildə 1 milyon 26 min 670 ton un istifadə edilib. Bu, adambaşına 102,667 kiloqram deməkdir. Daha 841 465 ton un isə ərzaq məhsulu kimi istifadə olunub. 2020-ci ildə Azərbaycanda 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub. Bu, adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir. Adambaşına un istehlakı isə 84,4 kiloqram təşkil edir. Aydın məsələdir ki, bu qədər çörəyin hamısı insanlar tərəfindən tam istehlak olunmur: ölkəmizdə çörəyə israfçı münasibətin olması heç kimə sirr deyil.

Dünyada taxılın qiymətinin bahalaşması fonunda Azərbaycanda da çörəyin qiyməti bahalaşdı. Lakin bu, insanların israfçılığına təsir etmədi. Yenə də zibil qutularının yanında qalaq-qalaq kiflənmiş, köhnəlmiş çörək görürük. İnsanlar normalarından artıq çörək idxal edir, azca bərkiyən kimi də zibilə atırlar. Eləcə də restoranların da xeyli sayda çörəyi israf etdiyinin şahidi oluruq.

Yem yerlərində 25 qəpiyə qurumuş çörəklər satılır. Satıcılar deyirlər ki, bu, mağazaların piştaxtalarında artıq qalan çörəklərdir.

Ekspertlər bildirirlər ki, israfın qarşısı alınarsa bu, qiymətə də müsbət mənada təsir edər.

Musavat.com mövzu ilə bağlı hazırladığımız video materialı təqdim edir:

 

Əli Rais,
Elçin Əkbərov,
Musavat.com

17.08.2022 19:11
1998