COP29 YAŞIL ZONASININ İLK TƏRƏFDAŞLARI AÇIQLANIB

Qeydiyyatdan keçən tərəflər arasında sənayedə enerji keçidi üçün mühüm əhəmiyyət kəsb edən müxtəlif şirkətlər var

Musavat.com xəbər verir ki, Azərbaycanda keçiriləcək COP29-un Yaşıl Zonası üçün ilk rəsmi tərəfdaşlar açıqlanıb. Onların arasında Enerji keçidi üzrə Tərəfdaş “SOCAR Green”, Strateji təsir üzrə Tərəfdaş “PASHA Holding” və Dayanıqlı inkişaf üzrə Tərəfdaş “Azersun Holding” kimi Azərbaycan şirkətləri yer alır. Bu tərəfdaşlıq sözügedən şirkətlərin dayanıqlı fəaliyyət və qlobal iqlim hədəflərinə kollektiv sadiqliyini nümayiş etdirir.

Yerli tərəfdaşlar Azərbaycanın Milli Öhdəlik Proqramında iştirak edir. Bu proqramın məqsədi COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təklif olunan məsləhət və təlim sessiyalarında iştirak etməklə, peşəkar bacarıqları və resursların idarə olunmasını artırmaq üçün iqlim hədəflərinə nail olunması, gələcək ekoloji, sosial və korporativ idarəetmə (ESG) strategiyalarının formalaşdırılması və yerli tərəfdaşlıq meyarlarına uyğunluq baxımından Azərbaycan şirkətlərinin daxili potensialının qiymətləndirilməsidir.

Yaradılan bu imkandan istifadə etməklə, COP29 Yaşıl Zonasının Tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərinin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm həlledici rolu nümayiş etdirə bilərlər.

Yaşıl Zonada COP29 Tərəfdaşlarına builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.

Tərəfdaşların birgə səyləri sayəsində Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək. Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, şəbəkələşmə imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.

Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli və çoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi və şəbəkələşmə imkanlarını təklif edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilk Yaşıl Zona tərəfdaşlarının elan edilməsi ilə bağlı qeyd etmişdir: “Mən “SOCAR Green”, “Pasha Holding” və “Azersun Holding” şirkətlərini Azərbaycanda keçiriləcək COP29 tədbirində Yaşıl Zonanın ilk rəsmi tərəfdaşları kimi salamlayıram. Builki COP beynəlxalq iqlim siyasətlərinin müzakirəsi, iqlim fəaliyyətinin təşviqi və həm dayanıqlı, həm də davamlı gələcək naminə qlobal əməkdaşlıq üçün mühüm platforma olacaq. Yaşıl Zona tərəfdaşlarımız COP29 çərçivəsində bu ambisiyanı həyata keçirməyimizə dəstək baxımından mühüm rol oynayacaqlar və biz faydalı iqlim fəaliyyəti naminə sıx əməkdaşlıq edəcəyimizə ümid bəsləyirik.”

COP29-a tərəfdaşlığını bəyan edən “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev bildirmişdir: ““SOCAR Green” şirkəti olaraq, bizim COP29 ilə tərəfdaşlığımız Azərbaycanın dayanıqlı gələcəyə keçid prosesinə rəhbərlik etmək əzmimizin bariz göstəricisidir. Birlikdə biz icmaları innovativ təmiz enerji həlləri ilə gücləndirir, karbon emissiyalarını minimuma endirir və ekoloji məsuliyyəti təşviq edirik. Bu əməkdaşlıq gələcək nəsillərə sağlam planeti miras qoymaq üçün üzərimizə götürdüyümüz missiya çərçivəsində atılan mühüm addımdır.”

“PASHA Holding” şirkətinin Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev qeyd etmişdir: “COP29 tədbiri “PASHA Holding” şirkəti tərəfindən həyata keçirilən dayanıqlılıq fəaliyyətləri baxımından mühüm rol oynayacaq. Bu səbəbdən, biz bu il Bakıda keçiriləcək COP29 konfransının Strateji təsir üzrə Tərəfdaşı olmaqdan qürur duyuruq. Biz daha çox məlumat toplamaq və təcrübə mübadiləsi aparmaq üçün dünya liderləri və maraqlı tərəflərlə çalışmağa, eləcə də daha firavan və dayanıqlı dünya naminə konstruktiv əməkdaşlıq və irəliləyiş imkanlarını araşdırmağa can atırıq.”

“Azersun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl bildirmişdir: “COP29 tədbirinin tərəfdaşı olmaq “Azersun” şirkətinin dayanıqlılığa olan sarsılmaz əzmkarlığının göstəricisidir. İnanırıq ki, qlobal liderlərlə birlikdə çalışmaqla, biz əhəmiyyətli dəyişikliyə nail ola və hamımız üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz səbirsizliklə COP29 Yaşıl Zonasında keçirəcəyimiz görüş və fəaliyyətləri gözləyirik.”
Azərbaycanda təşkil olunan COP29 tədbirinin Yaşıl Zonasında iştirak etmək və tərəfdaş olmaq üçün imkanlar hələ də mövcuddur. 

 

Musavat.com

 

14.09.2024 00:06
736