COP29-u boykot etmək arzusu gözlərində qaldı - Çingiz Qənizadə

Bakıda keçirilən COP29 İqlim dəyişikliyi konfransı barədə boykot çağırışı edənlərin arzusu gözündə qaldı.

Bu sözləri Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, BMT-nın konfrasına ev sahibliyi edən Bakı, bu tədbiri yüksək səviyyədə təşkil edib. Hüquq müdafiəçisi hesab edir ki, aparılan çirkin təbliğat kampaniyası, ermənipərəst dairələrin boykot çağırışları effekt vermədi: "Bu konfransın təşkilatçılığı adamı heyran edir. Dünya liderləri də bəyan edirlər ki, Azərbaycan konfransa möhtəşəm hazırlaşıb. Bütün müasir avadanlıqlar, səviyyəli pavilyonlar, maddi - texniki baza baxımdan təşkilatçılıq yüksək səviyyədədir. Eyni zamanda, qonaqların qarşılanması, təhlükəsizlik, intizam mükəmməl təşkil edilib. Əksər dövlətlərin başçıları Azərbaycana minnətdarlıq edirlər. Ona görə də boykot deyənlərin xain planları suya düşdü".

Çingiz Qənizadənin sözlərinə görə, Böyük Britaniyanın baş naziri, Türkiyə prezidenti, Avropa Şurasının baş katibi, Avropa İttifaqı Şurasının prezidenti, Balkan dövlətlərinin rəhbərləri, Şərqi Avropa ölkələrinin liderləri, Skandinaviya ölkələrinin başçıları COP29-da iştirak edirlər və hansı boykotdan söhbət gedə bilər: "Çin, Mərkəzi Asiya ölkələri, Cənub - Şərqi Asiya respublikaları, müsəlman - ərəb dövlətləri, Afrika, Latın Amerikası, Okeaniya və bir çox coğrafiyalardan hökumət başçıları, prezidentlər Bakımıza təşrif buyurubsa, deməli, bəzi məkrli qüvvələr pərt oldular".

Ç. Qənizadə hesab edir ki, COP29 əvvəlkilərdən fərqləndi və daha nümunəvi oldu: "Bəzi beynəlxalq təşkilatların apardığı iyrənc kampaniya, bəzi qurumların qətnamələri boşa çıxdı. Azərbaycan dünyaya öz tolerantlığını, dünya Azərbaycana hörmətini nümayiş etdirdi".

Nigar Həsənli
Musavat.com

14.11.2024 20:28
359