Bakıda keçiriləcək COP29-da iştirak edəcək nümayəndələrin və digər qonaqların akkreditasiya kartlarının verilməsinə başlanılıb.
Bu barədə Musavat.com-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, tədbir günlərində konfransda iştirakı təsdiqləyən sənədin təqdim olunması zamanı növbələrin və gözləmə vaxtının minimuma endirilməsi, eləcə də iştirakçıların rahatlığının təmin edilməsi məqsədilə akkreditasiya kartları hər gün səhər saat 09:00-dan axşam saat 18:00-a qədər konfrans məkanının əsas girişindəki qeydiyyat masalarından təhvil alına bilər.
İştirakçılardan COP29 konfransına qeydiyyatdan keçdiklərini təsdiqləyən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmi elektron məktubunun çap edilmiş nüsxəsini və qeydiyyat zamanı təqdim edilmiş fotoşəkilli şəxsiyyət sənədinin – pasportun və ya şəxsiyyət vəsiqəsinin əslini təqdim etmələri tələb olunur.
Təhlükəsizlik məqsədilə akkreditasiya kartı yalnız konfrans iştirakçısı tərəfindən şəxsən, qeydiyyat masasından təhvil alınmalıdır.