COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlanıb

Hazırkı tarixə olan məlumata əsasən, bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 min nəfəri keçib.

Bu barədə Musavat.com-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd edək ki, beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu ilin 24 iyun tarixindən etibarən başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin sayının da günbəgün artımı ilə müşaiyət edilir. COP tədbirlərinə xas olan əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə daha da artması gözlənilir.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.

21.10.2024 17:05
1148