COP29 beynəlxalq ictimai-siyasi cəhətdən Azərbaycana nə qazandıracaq?

COP29-a sayılı günlər qalıb. Dünyanın diqqəti iki həftəyə yaxın Bakıya yönələcək. Azərbaycan adı aparıcı beynəlxalq media orqanlarında trendə çevriləcək.

Təbii ki, hazırda bəşəriyyət qarşısında ən ciddi problem kimi dayanan iqlim dəyişmələri, qlobal istiləşməyə qarşı mübarizə ilə bağlı dövlət və hökumət başçıları, dünyanın aparıcı beynəlxalq qurumlarının iştirakı ilə təşkil olunacaq müzakirələr meydanı olan COP29 həm də Azərbaycanın artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir.

Musavat.com xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bakı bu imtahandan da uğurla çıxacaq

Ölkəmizin bundan əvvəl BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına ən çətin dövrdə rəhbərlik etməsi, əldə olunan nəticələr çox da uzaq keçmişə aid deyil. Pandemiyanın tüğyan etdiyi zamanlarda Bakının təşkilatın sədri olaraq irəli sürdüyü təşəbbüslərin, gerçəkləşdirdiyi layihələrin beynəlxalq birlik tərəfindən yekdil olaraq dəstəklənməsi COVID təhlükəsinin aradan qaldırılmasında mühüm rol oynadı. İndi isə növbədə daha ciddi problem olan iqlim kataklizmləri dayanır. Beynəlxalq ekspertlər Bakının bu imtahandan da uğurla çıxacağı qənaətindədirlər.

Diplomatik səylər

Cəmi doqquz ay ərzində dünyanın ən böyük tədbirinə ev sahibliyi üçün hazırlıq müddəti olan Azərbaycanın bu işin öhdəsindən belə qısa müddətdə layiqincə gəldiyi yaxşı mənada hər kəsi təəccübləndirir. Rəsmi məlumatlardan da görünür ki, COP29-a hazırlıq artıq son mərhələdədir. Bu müzakirələrin planetimizin gələcəyi üçün müsbət qərarlarla yekunlaşması ilə bağlı Bakı platforması iştirakçılara hər bir şəraiti yaradacaq. Bu, tək təşkilati baxımdan deyil. Həm də vasitəçilik, mövqelərin uzlaşdırılması, yekun qərarlarda fikir ayrılıqlarının ortadan qaldırılması prosesinə də aiddir. Sirr deyil ki, ölkə başçısının tapşırığı əsasında COP29 rəhbərliyi hazırlıq müddətində dünyanın bir çox ölkələrinin rəhbərlikləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirərək iqlim konfransının uğurlu sonluqla yekunlaşması üçün çox ciddi, gərgin diplomatik və siyasi danışıqlar aparıb. Bakının bu təşəbbüslərinin ilkin dəyərləndirmələri də artıq özünü müsbət istiqamətdə büruzə verməkdədir.

 

Beynəlxalq dəstək

Xatırladaq ki, COP29-un Azərbaycanda keçirilməsi təşəbbüsü beynəlxalq birlik tərəfindən yekdilliklə qəbul edilən qərar əsasında reallaşır. Bu, keçən müddət ərzində dünyanın əksər ölkələrinin Bakıya siyasi dəstək bəyanatlarında da özünü göstərir.

Məsələn, ABŞ Prezidenti Cozef Bayden azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi məktubda bildirir:

"Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq".

Rusiya, Çin, Braziliya kimi ölkələrin ali rəhbərləri də COP29-un Bakıda keçirilməsini dəstəkləyirlər. Verilən bəyanatlarda COP29-un Bakıda uğurla keçirilməsinə sadiqlik ifadə olunur.

COP29-a ictimai-siyasi baxış

Dünyanın müxtəlif ölkələrinin rəsmiləri, ictimai xadimləri, tanınmış ekspertlər də Azərbaycanın COP29-u uğurla təşkil edəcəyinə və hədəflərinə çatacağına əmindirlər. Diqqət edək:

Cahit Bağçı, Türkiyənin Azərbaycandakı səfiri:

- Biz COP29-u Azərbaycanı daha da gücləndirəcək qlobal tədbir kimi görürük. Türkiyə olaraq bu tədbirdə ən yüksək səviyyədə iştirak edəcəyik

Valeri Kolyux, Ukrayna Ali Radasının deputatı:

- Konfransın Bakıda keçirilməsi Azərbaycanın bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyi, iqlim dəyişmələrinə qarşı qlobal mübarizə üçün ekoloji texnologiyaların tətbiqi sahəsində ciddi geosiyasi oyunçuya çevrilməsindən xəbər verir.

Prajakti Kalra, Kembric Mərkəzi Asiya Forumunun tədqiqatçısı:

- Bir çox insan Azərbaycanın COP29-a ev sahibliyi etməsinə təəccüblənir, lakin tarixən bu bölgə iqlim və ətraf mühit problemlərinin həllində həmişə mərkəzi rol oynayıb. Bura sivilizasiyanın beşiyidir.

Valeriu Kiver, Moldovanın Ukraynadakı səfiri:

- Bu il dövlət rəhbərlərinin və əksər ölkələrin ətraf mühit nazirlərinin Bakıda toplaşaraq bu məsələni müzakirə etməsi Azərbaycanın qlobal səviyyədə qazandığı nüfuzu bir daha sübut edir. Əminəm ki, ölkə rəhbərliyinin və hökumətinin gördüyü tədbirlər sayəsində bu tədbir uğurla keçəcək.

Bu fikirlər ancaq son bir neçə gündə COP29-la bağlı səsləndirilən bəyanatların çox kiçik bir hissəsinin təqdimatıdır.

Hörmətin və dəstəyin parlaq sübutu

Bakı bu dəfə də dünyada adından söz etdirməyi bacaracaq. COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə təşkili Azərbaycana istər regional, istərsə də beynəlxalq səviyyədə çoxşaxəli dividentlər vəd edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur:

"Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik".

02.11.2024 12:44
433