Bu gün COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək “Rio Üçlüyü” təşəbbüsünün rəsmi açılışı üçün Rio Konvensiyasının gələcək sədrləri ilə görüş keçirib.
Bu unikal əməkdaşlığın məqsədi Azərbaycandan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kolumbiyadan BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası və Səudiyyə Ərəbistanı Krallığından BMT-nin Səhralaşma ilə mübarizə haqqında Konvensiyasını təmsil edən üç yeni COP sədrliyinin səylərini koordinasiya etməklə, qlobal dayanıqlılıq təşəbbüslərini gücləndirməkdir.
Hər üç ölkəni təxirəsalınmaz və əlaqələndirilmiş fəaliyyətə start vermək üçün öz COP sədrliklərindən istifadə etmək əzmi birləşdirir. Onlar beynəlxalq ictimaiyyəti həm qarşıdan gələn COP29 tədbirində, həm də ondan sonra əməkdaşlıq üçün uzunmüddətli platforma kimi xidmət göstərəcək bu təşəbbüsə qoşulmağa çağırırlar.
Bugünkü açılış hökumətlər, çoxtərəfli təşkilatlar və vətəndaş cəmiyyətini təmsil edən müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə yanaşı, bu mühüm qlobal prioritetlər sahəsində əməkdaşlıqla bağlı mövcud olan problem və imkanları ön plana çıxarıb.
Görüş zamanı həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin nümayəndələri konvensiyalararası əməkdaşlığın qlobal dayanıqlılıq üzrə effektiv həll variantlarını necə təmin edə biləcəyi xüsusunda fikirlər irəli sürüb və öz perspektivlərini bölüşüblər.
COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev qeyd edib: “Bizim məqsədimiz hər üç Rio Konvensiyası üzrə əməkdaşlığı gücləndirməklə sinerji yaratmaq, səmərəliliyi artırmaq və həm insanlara, həm də planetə fayda verəcək konkret nəticələri təmin etməkdir. Bu yanaşma onu göstərir ki, hər bir konvensiyanın məqsədi bir-biri ilə sıx əlaqəlidir və bir sahədə əldə olunan irəliləyiş digərlərində də irəliləyişin əldə olunmasına təkan verə bilər.”
“Rio Üçlüyü” təşəbbüsünün təməlini təşkil edən və üç ölkə tərəfindən qəbul edilmiş Birgə Bəyannamə iqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi və səhralaşma kimi bir-biri ilə əlaqəli problemlərin həlli üçün praktiki və koordinasiyalı fəaliyyətlərin vacibliyini vurğulamaqla yanaşı, hökumətlər, çoxtərəfli qurumlar və vətəndaş cəmiyyəti arasında daha güclü tərəfdaşlığa çağırır. Muxtar Babayevin də bildirdiyi kimi: “Bu təşəbbüs planetimizin ən aktual ekoloji problemləri üçün inteqrasiya olunmuş və davamlı həllərin hazırlanması baxımından mühüm fürsətdir. Biz beynəlxalq ictimaiyyəti hamı üçün daha dayanıqlı gələcək qurmaq naminə birləşməyə və çiyin-çiyinə çalışmağa çağırırıq.”