COP barədə gop olmayan bilgilər

İndiyə qədər Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) qoşulmuş ölkələrin 28 sessiyası keçirilib. Bakıda keçirilən COP29 tədbiri, adından da göründüyü kimi, 29-cudur.

Bu konvensiyaya qoşulan ölkələr ildə bir dəfə dünyada iqlim dəyişikliyi ilə mübarizə üçün çoxtərəfli fəaliyyəti müzakirə etməkdən ötrü bir araya gəlirlər. Hazırda konvensiyada 198 ölkə iştirak edir.

Tərəflərin ilk konfransı (COP) 1995-ci ildə Almaniyanın Berlin şəhərində keçirilib. COP28 isə 2023-cü ilin sonunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP29 bu ilin bu ayında Azərbaycanda, Bakıda keçirilir, COP30 isə Braziliyada olacaq.

Yəni bu, Azərbaycanın tədbiri deyil, beynəlxalq tədbirdir, Azərbaycan tədbirə ev sahibliyi etsə də, təşkilatçı BMT-dir. Hansı ölkə bu tədbirdə iştirak etmirsə, ölkəmizə acıq edərək, onu boykot etmək yolu tutursa, ilk növbədə BMT-nin tədbirini pozur, ona hörmətsizlik edir.

Demokratiya və insan haqları motiviylə COP29-a qarşı təbliğat aparan ölkələrin mövqeyi isə tənqidə daha dözümsüzdür. İndən belə onlar nə edəcəklər? Bəlkə COP31, COP 37 və ya COP43 demokratiya ilə problemləri olan ölkələrdə keçiriləcək, o zaman onlar qoşulduqları konvensiyaya məhəl qoymayacaqlar?

Dünyadakı ölkələrin üçdə ikisində dövləti Avropadakı kimi idarə etmirlər. Fərqli dövlət quruluşları, idarəetmə üsulları var. Dünya ölkələrinin çoxunu diktatorlar, avtoritar liderlər, krallar, ömürlük hökmdarlar, xunta liderləri idarə edir. Gerçəklik budur.

İndi belə çıxır ki, ölkələrin tamamı demokratikləşməyincə COP kimi tədbirlər keçirilməməlidir, çünki keçirilsə də, ABŞ, Kanada və Avropa dövlətləri tərəfindən boykot olunacaq.

Yox, məsələn, sabah COP sammiti Səudiyyə Ərəbistanında, Misirdə, Çində, Esvtinidə keçiriləcəksə və iqlim konvensiyasının üzvü olan 198 ölkənin hamısının rəhbərləri orada iştirak edəcəksə, o zaman bu ayrı-seçkiliyin, ikili standartların, tərəf tutma hallarının təsdiqi demək olacaq.

***

Ayrıca dünya alimlərinin son araşdırmaları ortaya çıxarır ki, bəşər əhlinin iqlim dəyişmələri üçün bu qədər çox həyəcanlanması əbəs yerə ifrat şəkil alıb.

Almaniya Federal Ətraf Mühit İdarəsinin araşdırmalarına görə, bu sahədə durum o qədər də faciəvi deyil. Bu hökumət departamentinin açıqladığı araşdırmaların nəticələri Yohan Henrix von Tünen İnstitutu və ya qısaca Tünen İnstitutu kimi tanınan Braunşveyqdəki tədqiqat mərkəzinin apardığı tədqiqata əsaslanır.

Mərkəzin iqlim siyasətində meşələrin rolu ilə bağlı araşdırması hər şeyi alt-üst edir. Alman alimləri belə qənaətə gəliblər ki, meşə karbon qazını udmur, əksinə, atmosferi onunla doyurur. Meşələr əvvəlcə düşünüldüyündən əhəmiyyətli dərəcədə daha az CO₂ udur. Quraqlıq və zərərvericilərin ağacları zədələməsi meşənin karbon qazını udmaq qabiliyyətinə mənfi təsir göstərir. Qeyd edilir ki, məsələn, Almaniya meşələrinin 2018-2021-ci illər ərzində karbon qazı udma qabiliyyəti hər il 55-60 milyon ton azalmalıdır. Alman alimlərinin hesablama üsullarını bütün dünyadakı meşələrə şamil etsək, xüsusən də Rusiyanın və Kanadanın göstəriciləri əvvəllər düşünüldüyü kimi əlverişli olmaya bilər. Yəni meşələrin obrazlı şəkildə “dünyanın ağciyərləri” adlandırılması şişirtmədir.

Eyni yanlış ehkam planetdə istehsal olunan soyuducuların atmosferin ozon qatını məhv etməsi xüsusunda da bəşəriyyətin şüuruna kütləvi şəkildə həkk olunub. Gerçəklik isə budur ki, ozon qatının nazilməsi, deşilməsi insan oğlunun hər hansı fəaliyyətinin nəticəsi deyil. Artıq sübut olunub ki, ozon dəliklərinin yaranmasının əsas səbəbi günəşin aktivliyidir. Günəşlə mübarizə aparmaq isə çox çətindir – xüsusilə də ozon qatını ondan qorumaq sahəsində.

Planetimizin qlobal istiləşməsi nəzəriyyəsində də eyni yanlış düşüncələr var. Mövcud olduğu milyardlarla il ərzində Yer dəfələrlə həm soyuma, həm də istiləşmə dövrləri yaşayıb. Məsələn, buz dövrü haqqında orta məktəb dərsliklərində bilgilər var və bunu hamı bilir. Eyni zamanda vaxtilə Yer o qədər qlobal istiləşməyə məruz qalıb ki, əbədi buzlar qitəsi Antarktidada cəngəlliklər əmələ gəlib. Bir sıra alimlər iddia edirlər ki, cari istiləşmənin səbəbi yenə də insan fəaliyyəti deyil, günəşin aktivliyi və ya planetin maili oxundakı dəyişiklikdir.

Belə təbii proseslər Yer və onun ətrafında milyon illərdir gedir və gedəcək. Bəzi su hövzələrinin quruması, o cümlədən son illərdə Xəzər dənizinin dayazlaşması da insan oğlunun fəaliyyətinin nəticəsi deyil, qlobal təbii prosesin nəticəsidir. Vaxt gələcək, Xəzər yenidən qabaracaq, dərinləşəcək.

Ancaq çayların, dənizlərin, okeanların plastik tullantılarla faciəvi şəkildə çirklənməsi sırf insan oğlunun fəaliyyətidir və bu məsələdə bir sıra böyük ölkələr (Çin, ABŞ, Hindistan, Braziliya) xüsusi məsuliyyət daşıyırlar. Onların sənaye istehsalının tullantıları planetin hər tərəfində çirklənməyə səbəb olur.  Bu dövlətlər isə iqlim dəyişmələrinə, ekoloji problemlərə görə məsuliyyəti başqalarına yükləmək istəyirlər. 

13.11.2024 10:17
1598