“Ukraynada keçirilən xüsusi əməliyyatda Rusiyanın qələbə qazanması və məqsədlərinə çatması ehtimalı realdır” Musavat.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynadakı müharibənin gələcək perspektivlərini belə qiymətləndirib.
Britaniyanın hökumət başçısına görə, Ukraynadakı müharibə ilin sonuna qədər davam edə və nəticədə qalib tərəf Rusiya ola bilər. Onun sözlərinə görə, Rusiya indi Mariupolda Krıma gedən quru dəhlizinin təhlükəsizliyini təmin etməyə çox yaxındır. "Mən qorxuram ki, bu mərhələdə vəziyyət daha da gözlənilməz olsun"- Boris Conson deyib.
Maraqlıdır ki, ötən ay Conson fərqli fikirlər söyləmişdi. O demişdi ki, Ukrayna Rusiya ilə müharibədə qalib gələ bilər. “Müəyyən mənada Putin artıq uğursuzluğa düçar olub və uduzub. Çünki o, ukraynalıların kütləvi şəkildə bu cür müqavimətə qalxacağını sözün əsl mənasında bilmirdi və Ukraynanın mahiyyətini tamamilə səhv başa düşürdü. O, Ukrayna xalqını gücləndirdi. Putin Ukraynanı özünə tabe edə və bu mənada qalib gələ bilməz”, - Conson qeyd edib.
Aprelin 9-da isə Kiyevdə olan Britaniyanın baş naziri “Ukraynalıların şir cəsurluğu var” deməyi unutmamışdı. Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq edən Boris Consonunun fikirlərindəki dəyişikliklərin səbəbi haqda dəqiq nəsə demək mümkün deyil. Consonun düşündüklərini dilə gətirməsi isə başqa bir qalmaqalın da “fitlini çəkib”.
Belə ki, Polşanın quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak Britaniyanın baş naziri Boris Consonu hərbi sirləri açıqlamaqda ittiham edib. Bu barədə “Fakt” nəşri məlumat yayıb.
Skşipçak britaniyalı baş nazirin Ukrayna hərbçilərinin başqa ölkələrin ərazisində yeni silah və texnika ilə işləmək üçün təlim keçməsindən bəhs etdiyi bəyanatına diqqət çəkib.
Hindistanda olarkən Boris Conson deyib ki, Polşada ukraynalılara hava hücumundan müdafiə, Böyük Britaniyada isə zirehli texnikadan istifadə üzrə təlimlər keçirilir. Daha sonra onun mətbuat katibi Böyük Britaniyada onlarla ukraynalı hərbçinin olduğunu təsdiqləyib.
Britaniya baş nazirinin məhz bu səmimiyyəti polşalı generalı şoka salıb. O, Consonu “son dərəcə məsuliyyətsiz” adlandırıb. “Təsəvvür etmək çətindir ki, siyasətçilərdən biri televiziyada bizim planlarımızdan və ya təlimlərimizdən danışıb” deyə, Skşipçak bildirib.
Polşalı general bu cür bəyanatların “fəlakətli nəticələrə” səbəb ola biləcəyinə diqqət çəkib. O vurğulayıb ki, indi Moskva Qərbdəki düşmənlərinin planlarından xəbərdar olub. Polşalı general "baş nazirin bundan xəbəri olmaya bilər, lakin bu cür bəyanatlarla o, əsgərlərin həyatını təhlükə altına qoyur" deyərək, gileylənib.
Orxan ƏLİYEV,
Musavat.com