“Bizi 21 gün zirzəmidə saxladılar. Daha sonra isə çöllüyə aparıb silahı başımıza dirədilər, dedilər, ya sənədə imza atmalıyıq, ya da bizi orada güllələyəcəklər”.
Bunu Musavat.com-a Çeçenistanın paytaxtı Qroznıda “Severni Axmat” hərbi hissəsində saxlanılan Tovuz sakini Elxan Şirinov deyib.
E. Şirinov bildirib ki, dayısı oğlu Vüqar Məhərrəmov da onunla birgədir:
“İndi hərbi hissədəyik. Burada 45 batalyon, hər batalyonda isə 30 nəfər var. Hər gün bizi sıraya düzüb öz dillərində nəsə danışırlar, daha sonra qayıdıb uzanırıq və günorta yeməkxanaya gedirik. Burada dayım oğlu və məndən başqa azərbaycanlı yoxdur. Lakin tacik, özbək və s. millətlərin nümayəndələrinə rast gəlmək olar.
Digər 3 azərbaycanlı isə miqrantların müvəqqəti saxlanma məntəqəsində qaldı. Biz bir həftəyə yaxındır ki, buradayıq. Hazırda hər hansısa zorakılıqla qarşılaşmırıq. Təzyiqi imza atdırana qədər göstərdilər. Qohumum və mən miqrasiya qeydiyyatı bitdiyi üçün həbs edildik. Vətənimizə deportasiya edilmək istəyirik. Lakin ruslar etmək istəmir. Bizi Ukrayna ilə döyüşə hazırlayırlar. Mənim 50 yaşım var. 50 yaşlı kişidən əsgər olar? Axı bu mənim müharibəm deyil. Lakin buradakılar üçün fərqi yoxdur, 70 yaşın da olsa, aparacaqlar”.
Hazırda təcridxanada saxlanılan Nihad Rzayevin atası Tapdıq Rzayev saytımıza deyib ki, dünən oğlu ilə danışıb:
“Oğlum deyir ki, məni buradan xilas edin. Özünün dediyinə görə, fiziki zorakılıq göstərilmir”.
Qeyd edək ki, may ayından Çeçenistana işləməyə gedən Tovuz sakinləri Rzayev Nihad Tafdıq oğlu, Şirinov Elxan Əkbər oğlu və Məhərrəmov Vüqar Nazim oğlu miqrasiya probleminə görə orada həbs olunublar. Nihadın atası, Tovuz rayon sakini Tafdıq Rzayevin sözlərinə görə, yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər.
Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.
Bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.
Şahanə Rəhimli
Musavat.com