"Çirkli pul"lar, əxlaqsız davranışlar: "TikTok" bəlamız hara gedir?

Bir neçə gün bundan əvvəl "Tiktok"da qarşıma bir video çıxdı. Hansı ki, həmin videonun milyonlarla baxışı vardı. Sözügedən bu videonun məğzi bayağı mövzular, Azərbaycanın milli genofonduna mənfi təsir edən amillərdən ibarət idi.

Bu gün "Tiktok"un Azərbaycan seqmentindəki milyonlarla baxış toplayan videoların əksəriyyətinə diqqət yetirsək, həmin paylaşımlarda qeyri-etik davranışların daha çox sərgiləndiyini, söyüşlərdən isə daha çox istifadə edildiyini görərik. Məhz bu səbəbdən daxili işlər orqanları da bu istiqamətdə ciddi işlər görür.

Elə digər ciddi məsələlərdən biri də bu platformada "çirkli pul"ların yuyulmasıdır. Fikir versəniz görərsiniz ki, sadə bir "tiktoker" ayda bəzən ağlasığmaz məbləğdə vəsait qazanır. "Tiktok"da və başqa platformalarda at oynadan "jeton mafiyası" külli miqdarda vəsaiti sosial şəbəkə fəallarının əli ilə yuyur.

Əlbəttə ki, "Tiktok" kimi sosial şəbəkələri bağlamaq bu insanları yoxa çıxarmayacaq, onlar bu dəfə başqa şəbəkələrdə aktivləşib yenə insanların gözünə girəcəklər.

Bəs, bu problemi kökündən həll etməyin yolu nədir?

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı jurnalist Məhəmmədəli Qəribli Lent.az-a açıqlamasında bildirib ki, bəzi media nümayəndələri, siyasətçilər, QHT-lər və cəmiyyətin aktiv təbəqəsi texnoloji yenilikləri, transformasiyaları tez qəbul edə bilmir.

Onun sözlərinə görə, müəyyən zaman keçdikdən sonra onlar bu platformalara yavaş-yavaş adaptasiya olmağa çalışırlar:

"Biz bunu internet yeni yarandığı zamanda da hiss etmişdik. Bu gün "Facebook" az qala rəsmi mənbə kimi istifadə olunur. Amma illər öncə "Facebook"a qeyri-ciddi bir platforma kimi baxırdılar. Bu fikirlər eləcə də "TikTok" platformasına da aiddir. Bu gün biz "TikTok" əyləncə platformasıdır. Orada ancaq bayağı paylaşımlar edilir deyib, gözümüzü yumub, keçməməliyik. 3 il əvvəl "TikTok" dünyada çox geniş yayılmağa başladı. Biz ora girdikdə sanki yad atmosferə düşmüş kimi hiss edirdik. Çünki "TikTok" bir çox bayağı işlərlə məşğul olan və bunun fonunda pul qazanan şəxslər tərəfindən zəbt olunub. Orada daha çox oliqarx insanlar, məşhur biznesmenlərin övladları, bloggerlər, keçmiş siyasətçilər vardı. Bu şəxslər orada özləri üçün müəyyən kütlə formalaşdırmışdılar.

Məhəmmədəli Qəribli fikirlərinə davam edərək həmçinin qeyd edib ki, "TikTok"da hədiyyələr pul ekvivalentindədir:

"Pul qazanmaq üçün də müxtəlif oyunlar təşkil olunur və bura əxlaqsız insanları cəlb edirdilər. Bununla həmin şəxslər öz kütlələrini getdikcə böyüdürdülər. Çirkli pullar da elə məhz burada yuyulurdu. Əlbəttə ki, bu gün "TikTok"da çirkli pulların yuyulması ilə bağlı kifayət qədər ciddi faktlar var. Çünki "TikTok"da jeton satışı ilə bağlı məşğul olan şəxslər var. Bu gün hər hansı bir şəxs kiməsə hədiyyə alıb, göndərmək istəyirsə, öz kartı vasitəsilə bunu edə bilər. Amma bəzi şəxslər ucuz jeton satdıqları barəsində elan verirlər. Hədiyyə atmaq üçün "TikTok"un müəyyən etdiyi qiymətdən daha ucuz jeton satmaq imkanı varsa, deməli burda bəzi qaranlıq məqamlar var. Buna oxşar nümunəni türkiyəli məşhur fenomen Dilan Polat məsələsində də gördük. Amma bu gün artıq bu cür şəxslər "veriliş" adı altında külli miqdarda pul qazanırlar. Belə ki, həmin "veriliş"də müxtəlif şoular təşkil olunur və bir qrup şəxs tərəfindən jetonlar atılır. Guya izləyicilər də qalib etmək istədiyi "tiktoker"ə hədiyyələr göndərir. Amma həmin şəxslərə razılaşma əsasında cüzi miqdarda pul verilir. Nəticədə külli miqdarda mənbəyi məlum olmayan pullar "TikTok" vasitəsilə yuyulur. İlkin iddialara görə, bu pullar oğurlanmış kartlar vasitəsilə ələ keçirilir. Daha sonra isə "TikTok"da jetonlara çevrilir. Həmin jetonlar "TikTok"da "dəstəkçi"lərə paylanılır. "Dəstəkçi"lər də canlı yayımda bu jetonları "tiktoker"lərə hədiyyə olaraq göndərirlər. Bütün bu proseslər geniş bir mexanizmdir. Bununla əlaqədər hüquq mühafizə orqanları tərəfindən müəyyən addımlar atılır.

Məsələnin digər tərəfi əxlaqi və mənəvi dəyərlərlə bağlıdır. Böyük kütləyə sahib olan şəxslər "TikTok"da uşaqların, gənclərin, ümumilikdə Azərbaycanın genofonduna mənfi təsir edən işlərlə məşğul olurlar. Çox təəssüflər olsun ki, "tiktoker"lərin əksəriyyəti bu auditoriyanı söyüş söyməklə qazanıblar. Hesab edirəm ki, bu yöndə hüquq-mühafizə orqanları və digər aidiyyatı qurumlar tərəfindən işlər davam etməlidir. Azərbaycan polisi əlbəttə ki, "TikTok"dan istifadəyə nəzarət etmək üçün hər evə polis qoya bilməz. Bu məsələdə vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Digər tərəfdən hüquq-mühafizə orqanları ilə yanaşı cəmiyyətdə söz sahibi olan ziyalılar, jurnalistlər və QHT rəhbərləri də "TikTok"da fəal olmalıdırlar. Çünki hər birimiz bu bəladan xilas olmağın yolunu tapmalı, öz töhfəmizi və faydamızı verməliyik".

Elə ürəkağrıdan məsələlərdən biri də "TikTok"da qeyri-etik ifadələrin işlədilməsi, gənclərin, yeniyetmələrin, uşaqların bu cür davranışları örnək götürməsidir.

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu saytımıza açıqlamasında bildirib ki, cəmiyyət günü-gündən mürəkkəbləşir və həssaslaşır:

"Belə olduqda isə insanlara təsir edən amillərin sayı da getdikcə çoxalır. Burada əsas məsələ yeniyetmələrin, gənclərin, uşaqların bu hadisələrə qarşı münasibətini dəyişdirməkdir. Bu amillərin onlara neqativ təsir etməməsi üçün müəyyən addımlar atılmalıdır. Burada valideynlərin də rolu böyükdür. Valideynlər öz uşaqlarını daha düzgün formalaşdırmalı, bu cür informasiyalara qarşı düzgün münasibət bəsləməyi öyrətməlidir. Bundan əlavə həmçinin məktəb də vacib rol oynayır. Təbii ki, ancaq maarifləndirmə yolu ilə bu cür problemlərin qarşısını almaq olmur. Bəzən inzibati cəzalar vermək də lazımdır. Bununla bağlı məsələlər qanunvericilikdə də müddəalar əks olunmalıdır. Əgər, kimsə özünü bu cür platformalarda normal apara bilmirsə, müəyyən cəzalar tətbiq edilməlidir".

11.04.2024 20:57
1329