“Çips ürək xəstəliklərinə, xərçəngə yol açır” –XƏBƏRDARLIQ  

Xəbər verdiyimiz kimi iyunun 8-də Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun qəfil halı pisləşib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq uşağın həyatını xilas etmək olmayıb. 

Hadisədən sonra uşağın valideynləri iddia ediblər ki, uşaq çipsdən zəhərlənərək həyatını itirib. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında bu iddianı rədd edib. Bildirilib ki, Turquta ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. 

Elə isə çips ürək çatışmazlığına səbəb ola bilərmi?

Suala tanınmış həkim Abbas Bağırov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, böyüklər üçün “ağız dadı” hesab edilən, uşaqlar üçün  cazibəli qida kimi görünən çips can sağlığına önəmli dərəcədə ziyan vuran bir məhsuldur:

“Dünyanın inkişaf etmiş ölkələrində sağlamlıq üçün təhdid yaratdığına görə mütəxəssislər və alimlər tərəfindən çipsin istehlakına və istehsalına qadağa qoyulmasının zaman-zaman gündəmə gətirirlər. Çünki çipsin içərisində ciddi zərərli maddələr var.  

Karbohidratla zəngin olduğundan qanda insulinin səviyyəsinə və davamlı aclıq hissinin itməməsinə səbəb olmaqla kökələməyə - artıq çəkiyə, ürək-damar xəstəliklərinə, infarkt, xərçəng kimi xəstəliklərə yola açır. Azyaşlıların və yeniyetmələrin müvafiq şikayət müraciətinin statistikasına baxdıqda görürük ki, mədə-bağırsaq xəstəliklərinin 75%-dən yuxarısı davamlı çipslə qidalanan uşaqlarda qeydə alınır.

Çipsin içərisindəki duzun, karbohidratın və yağın miqdarı azyaşlıların metabolizm aktının sürət və zamanına müvafiq deyil. Odur ki, çipsin istifadəsi təhlükə yaradır. Hamilə qadınların çipsdən çox istifadə etməsi döldə bətndaxili inkişaf pozulmalarına səbəb olur.  

Nəzərə alaq ki, çips hazırlanarkən kartof məhsulları 120 dərəcədən yuxarı temperatura məruz qalır. Bu vəziyyətdə isə akrilamidlərin əmələgəlmə prosesi qaçılmazdır. 

Çünki bu maddə orqanizm üçün çox ciddi həyati təhlükə yaradır. Çipsin içərisinə qatılmış trans yağlar özləri də infarkt və bütün növ damar tıxanmaları yaradan amildir. Bu cür yağlar depressiyaların əmələ gəlməsinə, yaddaş pozulmalarına təkan verən faktorlardır. Trans yağlar diabetin yaranmasına şərait yaradan ən güclü səbəblərdən biri kimi izlənilir. Həmçinin sonsuzluq, qaraciyər pozulmaları, Alzhaymer, Parkinson xəstəlikləri də bu cür trans yağların təsirindən sürətlə inkişaf etməyə başlayırlar. 

Abbas Bağırov onu da qeyd edib ki, çips zərərli xolesterin səviyyəsini artırmaqla damar xəstəliklərinin də artmasına zəmin yaradır, ürək krizlərini ikiqat çoxaldır: 

“Çipsin davamlı istifadəsindən patoloji kökəlmə, bədən ph-nın pozulması, xolesterolun yüksəlməsi, ürək infarktı riskinin çoxalması, şəkərli diabet, mədə-bağırsaq kimi patoloji hallar yaradır. 

Bu pozuntular hər biri ölümə aparan yollardır. Çips normal qablaşmada, normal şəraitdə, optimal temperaturda saxlanılırsa, ondan həftədə bir dəfə istifadə edilə bilər. Azyaşlılara çips kalorisi və tərkibi yaşa uyğun hesablanıb, verilməlidir. Ən əsası paketlərin üzərində təlimatlandırıcı qeydlər olmalıdır”.

13.06.2024 13:57
531