Cinsi azlıqların istifadə etdiyi şəbəkədə tanış olduqları şəxsin başına oyun açdılar

Bakıda 3 nəfər dost cinsi azlıqların toplaşdığı sosial şəbəkədən tanış olduqları şəxsə qarşı soyğunçuluq ediblər. Həmin şəxsi görüşə çağıraraq telefonunu və çantasını alıblar.

Musavat.com xəbər verir ki, cinayəti törədən dostların 17, 18 və 19 yaşları olub.

Onlar “Hornet” adlı sosial şəbəkədə qeydiyyatdan keçiblər. Həmin sosial şəbəkədən əsasən cinsi azlıq nümayəndələri istifadə edirmiş.

Dostlar bir nəfərlə tanış olaraq onunla görüşməyi qərarlaşdırıblar. Plana əsasən, həmin şəxsi Nərimanovda görüşə çağırıblar. Görüşə tək gələn şəxsin telefonunu, çantasını əlindən alaraq qaçıblar.

Telefonu sataraq pulu öz aralarında bölüşməyi qərarlaşdıran dostlar onu yol kənarında torpaq ərazidə gizlədiblər ki, gecə ilə izlərini tapmaq mümkün olmasın. Səhər gələndə isə telefonu gizlətdikləri yerdə tapmayıblar.

Məhkəmədə məlum olub ki, həbsdə olan gənclərlə zərərçəkmişlər barışıb. Zərərçəkmiş şəxs deyib ki, görüşə getməkdə məqsədi tanış olduğu şəxslə sadəcə danışmaq olub. O, cinsi əlaqədə olmaq məqsədi ilə görüşə getmədiyini bildirib.

Məhkəmənin hökmü ilə həbsdə olan gənclərin hər biri barəsində 3 il 6 ay müddətinə cəza təyin edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıblar.

İ.Muradov
Musavat.com

27.05.2025 12:44
641