Çinlə birgə reallaşacaq nəhəng nəqliyyat layihəsi - Prezident mühüm anlaşmanı təsdiqlədi

Azərbaycanın regional nəqliyyat, tranzit habına çevrilmək istiqamətində 10 ildən artıq müddətdə həyata keçirdiyi layihələrin uğurla nəticələnməsi üçün əlverişli şərait formalaşıb

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu” təsdiqlənib. Avqustun 15-də Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Memorandum ölkələr arasında bu il iyulun 1-də imzalanıb. Onun qarşılıqlı əlaqələrin inkişafında, xüsusilə Azərbaycan üçün böyük əhəmiyyəti ola bilər. Belə ki, Çin hazırda beynəlxalq ticarət yollarının yenidən çizilməsi prosesinin başlıca oyunçularından biridir. Çindən Avropaya yükdaşımalar beynəlxalq ticarətin mühüm hissəsidir. Rusiyanın Ukraynaya təcavüzü ilə Avropanın Asiya və xüsusilə də Çinlə ticarətinin yeni - Rusiyadankənar ərazilərlə təşkili ən aktual məsələyə çevrilib. Ötən ilin payızından - Yəmən husilərinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları başlanandan sonra bu məsələ daha da aktuallaşıb. Eyni zamanda Çin-Avropa ticarətinin Rusiya və Qırmızı dənizdənkənar yolu kimi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə maraq on dəfələrlə yüksəlib. Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanan bu dəhliz həm də Orta dəhliz adlandırılır. 

Prezident bu sənədi TƏSDİQLƏDİ

Avropa İttifaqı və ABŞ dəhlizin tamamən Çinin nəzarətində olmasına imkan verməmək üçün onun keçdiyi Mərkəzi Asiya dövlətlərinə diqqəti artırıblar. Mart ayında rəsmi Brüssel marşrutun zəif həlqələri olan Qazaxıstan, Özbəkistan və Qırğızıstanda infrastrukturla bağlı layihələrə 4,7 milyard avro ayırıb. Aİ-nin dəhlizinn inkişafına 10 milyard avro sərf edəcəyi açıqlanıb. 

May ayında isə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Cənubi Qafqaz vasitəsilə Orta dəhliz-Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) inkişaf etdirmək üçün Anlaşma Memorandumu imzalayıblar. Memorandum regionda mühüm enerji, nəqliyyat, rəqəmsal və kənd təsərrüfatı infrastrukturunun planlaşdırılması, dizaynı və tikintisini təkmilləşdirməyi hədəfləyir. Həmçinin memorandumla gömrük, tarif və sərhəd əməliyyatlarının səmərəliliyini artırılması, Orta dəhlizin inkişafı üçün Cənubi Qafqaz iqtisadiyyatlarına özəl investisiyalarının cəlb edilməsi, eləcə də Avropa və Cənubi Qafqaz ölkələri arasında iqtisadi əlaqəni inkişaf etdirmək üçün ən yüksək beynəlxalq standartların tətbiqi hədəflənir.

Həm ABŞ, həm də Aİ Ermənistanı da Orta dəhlizə cəlb etmək, beləliklə də marşrutun keçdiyi Mərkəzi Asiya və Cənubi Qafqazı Çin və Rusiyanın təsir dairəsindən çıxarmağı planlaşdırırlar.

Beynəlxalq güclərin hər birinin öz marağı olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Azərbaycan üçün regional tranzit habına çevrilmə planının reallaşması, beynəlxalq ticarət prosesinin mühüm oyunçusu olmaq kimi geniş imkanlar açır. Bu dəhliz həm də Azərbaycanın Çinlə münasibətlərinə yeni təkan verə bilər. 

Azərbaycan və Çin arasında son illərdə iqtisadi-ticari əlaqələrin sürətlə dərinləşməsi prosesi gedir. Ölkələr arasında qarşılıqlı ticarətin həcmi əhəmiyyətli həcmdə böyüyüb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,1 milyard dollar, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar, 2023-cü ildə isə 44 faiz böyüməklə 3,1 milyard dollar təşkil edib. Son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Hazırda Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, birinci ən böyük idxal mənbəyidir. 

Azərbaycan və Çin arasında nəqliyyat marşrutlarının inkişafı haqqında  Anlaşma Memorandumu təsdiqlənib - AZƏRTAC

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin yanvar-iyul aylarında Azərbaycanla HonKonq da daxil olmaqla, Çin arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard 976 milyon 598,42 min dollar təşkil edib. Ötən ilin yeddi ayında bu göstərici 1 milyard 622 milyon 417,18 min dollar olmuşdu. Bu isə ticarət həcmlərinin illik ifadədə 22 faiz artdığını göstərir. Təəssüf ki, bu artım əsasən Çinə ixracın azalması fonunda idxalın çoxalması hesabınadır. Belə ki, ötən ilin 7 ayında Azərbaycandan Çinə 65 milyon 102,90 min dollarlıq mal və məhsul ixrac olunmuşdusa, bu ilin eyni dövründə göstərici 5 dəfəyə yaxın azalmaqla 13 milyon 636,26 min dollara düşüb...

Çin həm də ölkəmizdə potensial investorlardan hesab edilir. İndiyə qədər Çindən Azərbaycana 1,5 milyard dollara qədər sərmayə yatırılıb. Öz növbəsində, Azərbaycan bu Asiya-Sakit region ölkəsinə çoxhəcmli investisiya qoyuluşlarında xüsusi paya malikdir və investisiyaların həcmi 1,7 milyard dolları ötür.

Azərbaycan hökuməti Çinə qeyri-neft məhsullarının perspektivli ixrac bazarı kimi baxır. Azərbaycan məhsullarının Çinə ixracını təşviq etmək məqsədi ilə 2018-ci ildən etibarən Pekin, Sian, Çindao, Canciacie, Şanxay və Urumçi şəhərlərində bir neçə “Azərbaycan Ticarət Evi” və “Azərbaycan Şərab Evi” açılıb. Yaxın vaxtlarda Çinin daha 2 şəhərində ticarət evi açılacaq. 

Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Keçən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb (Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan təqribən 2 dəfə çoxdur). Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrasına başlayıb.

Son iki ildə Azərbaycanla Çin əlaqələrinin sürətli inkişafı diqqəti cəlb edir: Azərbaycan Çində keçirilən çoxsaylı sərgilərdə bir qayda olaraq geniş nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan Çin şirkətlərinin yaşıl enerji, belə enerjidən istifadə edən texnologiyaların istehsalına cəlb olunmasında maraqlıdır. Bu baxımdan, artıq ilkin əməkdaşlıq əlaqələrinin təməli qoyulub. Bir müddət öncə Azərbaycanla Çin mərkəzli BYD şirkəti arasında strateji əməkdaşlıq çərçivəsinin imzalanması ilə 160 elektrik mühərrikli avtobusun, 100 enerjidoldurma aparatının alınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransında dediyinə görə, şirkətin 2025-ci ildən yerli istehsala başlaması və ehtiyat hissələrini mərhələli şəkildə formalaşdırması nəzərdə tutulub: “Dünyanın ən böyük elektrik mühərrikli nəqliyyat vasitəsi istehsalçılarından olan BYD Azərbaycana 34 mln. dollar investisiya yatırıb. Yaxın vaxtlarda istehsalın başlanması planlaşdırılır”.

Çin şirkətləri bir qayda olaraq Azərbaycanda xüsusi iqtisadi rejimi olan ərazilərdə fəaliyyət göstərirlər. Məsələn, 2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Müəssisəyə 70 milyon dollar yatırım edilib, 400-dən yuxarı işçi heyəti var...

Transxəzər dəhlizi ilə daşımaların asanlaşması, müddətinin azalması Azərbaycanın bu ölkədən sürətlə artan idxalının dəyərini aşağı sala bilər. Azərbaycan Dövlət Dəmir Yolunun məlumatına görə, Çindən Orta dəhlizlə cari ilin əvvəlindən iyun ayının sonuna kimi ümumilikdə 105 blok qatar yola salınıb. İlin birinci yarısında Orta dəhlizlə daşınmaların həcmi 2,1 milyon tona çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artım deməkdir. Yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcmi 2,5 milyon tona qədər artıb. Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62  faiz çoxdur. Nazirlik bu il TBNM vasitəsilə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.

Azərbaycan Orta dəhlizlə getdikcə artan yük axınını vaxtında ötürmək üçün öz infrastrukturunu sürətlə təkmilləşdirir. Bakı-Tiflis-Qars dəmiryol xəttində aparılan təkmilləşdirmə işləri may ayında yekunlaşdırılıb. Nəticədə yolun ötürücülük gücü 5 milyon tona çatdırılıb. 

Bugünlərdə isə “Azərbaycan Dəmir Yolları” QSC “Gürcüstan Dəmir Yolları” SC ilə birlikdə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradıb. Bunu səhmdar cəmiyyətin sədri Rövşən Rüstəmov X sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, yeni müəssisə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək: “Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat bağlantılarını, xüsusilə Orta dəhlizin potensialını gücləndirməyə yönəldiləcək”.

Beləliklə, Azərbaycanın regional nəqliyyat, tranzit habına çevrilmək istiqamətində 10 ildən artıq müddətdə həyata keçirdiyi layihələrin uğurla nəticələnməsi üçün əlverişli şərait formalaşıb. Çinlə imzalanan memorandum bu sahədə irəliləmək üçün fundamental əsasların yaradılmasına gətirib çıxara bilər. 

Dünya SAKİT,
“Yeni Müsavat”

17.08.2024 10:13
798