"Çin ABŞ-a barışıq əlini uzadıb. Amma iki dövlətin barışması bəzilərini məyus edəcək".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.
Politoloq qeyd edib ki, Çin ticarət tarifləri ilə bağlı ABŞ-la danışıqlara hazırdır:
"Ancaq Çin rəsmiləri danışıqlara razılıq verməzdən əvvəl ABŞ prezidenti Donald Tramp administrasiyasından daha çox ehtiram görmək istəyir. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, hörmət göstərmək danışıqlara başlamaq üçün ən vacib şərtdir: “Bu, Tramp komandasının Çin haqqında aşağılayıcı ifadələrinin azaldılmasını nəzərdə tutur. ABŞ administrasiyasının kəskin açıqlamaları Pekini Donald Trampın da Çin barədə eyni fikirdə olduğuna inandırır”.
Pekindən verilən açıqlamalardan aydın olur ki, Çin rəhbərliyi Trampdan konkret addımlar gözləyir. Bunun ən vacib şərti artırılmış rüsumların aşağı salınması və başlanmış iqtisadi müharibəyə son verilməsidir.
Ancaq təbii ki, Vaşinqtonun da bu məsələdə öz şərtləri var. Donald Tramp Çinin ABŞ qonşuluğunda yerləşən ölkələr və Avropa ilə ticarət aktivliyini azaltmasını tələb edir".
Politoloqun fikrincə, Vaşinqton və Pekin arasındakı problemlərin həll olunması ABŞ-la qonşu olan ölkələr üçün yaxşı heç nə vəd etmir:
"Kanada, Meksika və Panama son zamanlar Çinlə sıx iqtisadi əlaqələr qurub. Bu, onların ABŞ-dən müstəqil güclü iqtisadi sistem qurmasına zəmin yaradır. Hər üç dövlət hazırda Trampın basqıları qarşısında əsasən Çinin dəstəyi hesabına ayaqda dururlar. Vaşinqton və Pekinin razılaşması hər üç dövləti çətin vəziyyətdə qoya bilər.
Nəzərə almaq lazımdır ki, Donald Trampın öz qonşuları, xüsusilə də Kanadaya qarşı çox ciddi ərazi iddiaları var. Bu barışıq, eyni zamanda Avropa Birliyinin tabutuna vurulan son mismar kimi də dəyərləndirilə bilər. Trampın gəlişi ilə ABŞ Avropaya qarşı sərt tədbirlərə əl atıb ki, Birlik ölkələri buna cavab olaraq Çinlə əməkdaşlığı ən yüksək səviyyəyə çatdırıblar.
Xüsusilə Almaniya əvvəldən mövcud olan əlaqələri daha da genişləndirib. Hazırda Çin və Almaniya sənayenin müxtəlif sahələri üzrə sıx əməkdaşlıq həyata keçirirlər. Avropa Birliyi ölkələri Çinlə əməkdaşlığı gücləndirərək ABŞ-dan asılılığı maksimum azaltmağı hədəfləyirlər.
Əgər razılaşma baş tutarsa, Birlik ölkələri Trampın təhdidlərinə boyun əyməyə məcbur qala bilərlər.
ABŞ-Çin yaxınlaşmasının ən çox zərər vuracağı ölkə isə şübhəsiz ki, Ukraynadır. Rəsmi Kiyev Tramp hakimiyyətə gəldikdən dərhal sonra Pekinlə əlaqələrini ən yüksək səviyyəyə çatdırıb.
Hazırda Kiyevdə müxtəlif çinli mütəxəssislərin olduğu, müharibədən sonrakı dövrdə Ukraynanın yenidən qurulmasında əsas söz sahibi ölkələrdən birinin məhz Çin olacağı barədə fikirlər var. Rəsmi Pekin Ukraynaya iqtisadi, maliyyə və diplomatik sahələrdə geniş dəstək verir. Zelenskinin bu dəstəkdən məhrum olması onun Tramp və Putin qarşısında təklənməsi ilə nəticələnə bilər. Həm Çin, həm ABŞ danışıqlara həvəsli görünür. Lakin qalıcı barışıq üçün hər iki tərəfin güzəştə getməsi vacibdir. İndi müzakirə edilən əsas məsələ isə kimin nə qədər geri çəkiləcəyidir".
Xalidə Gəray
Musavat.com