Çinin idxalı kəskin azalıb

Oktyabr ayında dünyanın ən böyük istehlakçısı olan Çin idxalının həcmi 2,3 faiz azalaraq 4 aylıq minimuma - 213,3 milyard dollara düşüb.

Musavat.com ölkənin Baş Gömrük İdarəsinin statistikasına istinadən xəbər verir ki, ötən ay Çinin ixrası illik müqayisədə 12,7 faiz artaraq 309 milyard dollara çatıb ki, bu da son 27 ayın ən yüksək göstəricisidir.

Trading Economics analitikləri orta hesabla oktyabrda ixracın 5 faiz artacağını, idxalın isə 1,5 faiz azalacağını proqnozlaşdırmışdılar.
Sentyabrda Çinin ixracı 2,4 faiz, idxalı isə 0,3 faiz artmışdı.

Ölkənin xarici ticarət profisiti sentyabrda 81,7 milyard dollardan oktyabrda 95,7 milyard dollara yüksəlib. Bu, iyun ayından bu yana ən yüksək profisitdir.

Qeyd edək ki, Çinin idxalının azalması xammal bazarları üçün ciddi mənfi siqnal kimi qiymətləndirilir. Çünki əksər məhsulların ən böyük alıcısının alış qabiliyyətinin azalması xammal qiymətlərinin ucuzlaşmasına səbəb olur.


Musavat.com

07.11.2024 19:44
261