Çin maliyyə konqlomeratı “Zhongzhi Enterprise Group Co.” iflas edib. “Financial Times”ın yazdığına görə, şirkət "tamamilə müflisləşmə" səbəbiylə iflas və ləğvetmə üçün məhkəməyə müraciət edib.
Pekin məhkəməsinə verdiyi iddiada maliyyə şirkəti borclarını ödəyə bilmədiyini bildirib.
Hələ noyabr ayında “Zhongzhi” investorlara aktivlərinin yoxlanılmış balans dəyərinin 200 milyard yuan (28 milyard dollar) və öhdəliklərinin isə təxminən 460 milyard yuan olduğuna dair məlumat göndərmişdi.
“Zhongzhi” Çində sərvətlərin idarə edilməsi bazarında ən böyük özəl oyunçulardan biri idi və fəaliyyətinin pik dövründə 140 milyard dollardan çox aktivləri idarə edirdi.
FT yazır ki, Çinin kölgə bank sistemində mərkəzi yer tutan şirkətin iflası, xüsusən də daşınmaz əmlak bazarındakı tənəzzüllə əlaqələndirilir və maliyyə sektorunun digər nümayəndələrinin də çətinliklərlə üzləşə biləcəyi qorxusunu artırır.
Musavat.com