Çinli dron istehsalçısı DJI, guya Çin Silahlı Qüvvələri ilə əməkdaşlıq etdiyi iddiası ilə şirkətin siyahıya daxil edilməsinə görə ABŞ Müdafiə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət bu ittihamların əsassız olduğunu və siyahıya daxil edilməsinin ona böyük maliyyə zərəri vurduğunu bildirir.
Dünyanın ən böyük dron istehsalçısı olan DJI, ABŞ kommersiya dronlarının satışlarının yarısından çoxunu təşkil edir. DJI, Vaşinqton dairə məhkəməsindən Pentaqondan onu "Çin hərbi şirkətləri" siyahısından çıxarmağı tələb etməsini istəyir. Şirkət iddia edir ki, "Çin ordusuna məxsus deyil və ordunun nəzarəti altında deyil".
Siyahıya daxil edilmək, ABŞ təşkilatlarına və şirkətlərinə belə strukturlarla biznes əlaqələri qurmağın milli təhlükəsizlik riskləri barədə xəbərdarlıq məqsədi daşıyır.
DJI məhkəmə iddiasında bildirib ki, Müdafiə Nazirliyinin “qanunsuz və yanlış qərarı” nəticəsində “şirkət bir çox müqavilələri itirib, milli təhlükəsizliyə təhdid olaraq damğalanıb və bir neçə federal hökumət qurumu ilə müqavilələr bağlamaq qadağan olunub”.
ABŞ Müdafiə Nazirliyi bu məsələ ilə bağlı şərh verməkdən imtina edib. DJI bildirib ki, Pentaqonla siyahıya daxil edilmə barədə 16 ay ərzində heç bir əlaqə qurulmayıb və buna görə də şirkət “federal məhkəməyə müraciət etməkdən başqa çıxış yolu görməyib”.
DJI ABŞ-da artan təzyiqlərlə üzləşir. Bu həftə DJI Reuters-ə bildirib ki, ABŞ Gömrük və Sərhəd Xidməti Uyğur Zorla Əmək Qanununa əsaslanaraq bəzi DJI dronlarını ABŞ-a buraxmaqdan imtina edib. ABŞ qanunvericiləri DJI dronlarının məlumat ötürülməsi, nəzarət və milli təhlükəsizlik baxımından təhlükə yaratdığı ilə bağlı dəfələrlə narahatlıqlarını bildiriblər. Lakin şirkət bu iddiaları rədd edir. Keçən ay ABŞ Nümayəndələr Palatası DJI dronlarının ABŞ-da istifadəsinə qadağa qoyulması üçün səs verib. Qanun layihəsi hazırda Senatda təsdiq olunmasını gözləyir.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün