Çinin bu addımı fransız milyarderə bir gündə 17 milyard dollar qazandırdı  

Lüks mallah istehsalçısı LVMH-nin (Louis Vuitton Moet Hennessy) rəhbəri Bernard Arno Çin iqtisadiyyatını stimullaşdırmaq üçün genişmiqyaslı tədbirlər paketinin əsas faydalananlarından biri olub - cəmi bir gündə onun sərvəti 17 milyard dollar artıb.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, 75 yaşlı fransız maqnatın sərvətində belə sürətli artım sentyabrın 26-da LVMH səhmlərinin 9,9 faiz bahalaşması fonunda baş verib.

İnvestorlar Pekinin təsdiqlədiyi stimullaşdırma tədbirlərinin ölkədə lüks mallara tələbatın artmasına səbəb olacağını gözləyirlər. Bloomberg xatırladır ki, Asiya regionu 2023-cü ildə LVMH satışlarının 38 faizini təmin edib.

"Bloomberg Billionaires Index"ə görə, sıçrayış Arnonun xalis sərvətini 201 milyard dollara çatdırıb.

Agentlik qeyd edir ki, 2024-cü ildə Arnonun tamamilə onun LVMH-dəki 48 faizlik payına bağlı sərvəti bütün milyarderlər arasında ən əhəmiyyətli azalmaya məruz qalıb - 24 milyard dollar. Buna səbəb Çində istehlakçı xərclərinin azalması və bunun dünyanın ən böyük lüks mal istehsalçısının qazancına mənfi təsir göstərməsidir.

"Bloomberg"in məlumatına görə, Bernard Arno hazırda planetin ən varlı adamları siyahısında dördüncü yerdədir.

Musavat.com

27.09.2024 18:16
1831