Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, Çingiz Mehdiyev "Formula 1" yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilir.
O, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri olub. Əməliyyat Şirkətinin icraçı direktoru mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimov olub. Çingiz Mehdiyev isə onun sağ əli olub.
Çingiz Mehdiyev ittiham üzrə özünü təqsirli bilmir.
Prosesdə Çingiz Mehdiyevin həyat yoldaşı Nərminə Ələkbərova ifadə verib.
Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Həmin ifadəsində o, Çingiz Mehdiyevin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına Amerikada bahalı mülklər aldığını deyib. İstintaq dövründə üzləşmə zamanı Nərminə Ələkbərova Çingiz Mehdiyevin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə külli miqdarda pullar köçürdüyünü bildirib. Bundan başqa, ailə sürücüsü Mais Abdullayevin adına da hesab açılmaqla ora pullar köçürüldüyünü iddia edib.
Çingiz Mehdiyevin vəkili Faiq Nəcəfov Nərminə Ələkbərovaya suallar ünvanlayıb.
N.Ələkbərova bildirib ki, Mais Abdullayevi onların ailəsi ilə iş yoldaşları tanış edib. M.Abdullayevin fiziki şəxs kimi hesabı "Unibank"da, yəni Nərminə Ələkbərovanın işlədiyi bankda olub:
"2018-ci ildən isə Çingiz Mehdiyevin qanunsuz işləri barədə məlumat topladım, 2023-cü ildə onun əməlləri barədə istintaq orqanına məlumat verdim. Hətta uşağımı da əlimdən aldı".
Vəkil Faiq Nəcəfov isə uşaqla bağlı məhkəmə psixoloji ekspertizası təyin olunduqdan sonra qızın Nərminə Ələkbərovanın əlindən alındığını bildirib.
Çingiz Mehdiyev deyib ki, qızı öz istəyi ilə onun yanında qalmaq qərarı verib:
"2019-cu ildən Nərminə Ələkbərova ilə ayrı yaşasaq da, 2023-cü ildə mən boşanma ilə bağlı məhkəməyə müraciət etdim. Uşaq da məhkəmənin qərarı ilə mənə verilib, qızım mənimlə qalmaq istədi, mənim yanıma gələndə 15 yaşı var idi. Artıq 2 ildir qızımı mən saxlayıram. Boşanmaya ərizə verdikdən sonra Nərminə xanım şəxsi qərəzlik edərək məndən istintaq orqanına şikayət etdi".
Vəkil Faiq Nəcəfov bir neçə vəsatətlə çıxış edib. Deyib ki, Çingiz Mehdiyevin əmlaklarının üzərinə həbs qoyulub, ancaq həmin əmlaklar Çingiz Mehdiyevin anasına məxsusdur və bu hadisədən uzun illər qabaq alınıb:
"Əmlakların dəyəri 1 milyondan artıqdır. İttiham üzrə mənimsəmə 400 min manat civarındadır, onun da 100 min manatı ödənilib. Qoy qiymətləndirici şirkət tərəfindən 510 min manat dəyərləndirilən evin üzərində həbs qalsın, qalan əmlakların üzərindən isə həbs götürülsün. Çünki Çingiz Mehdiyevin qazanc yeri yoxdur, həmin əmlaklarını satıb müəyyən problemlərini həll etmək istəyir".
Prokuror Orxan Səmədov vəkilin vəsatətinin təmin edilməməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
İttihama görə, Çingiz Mehdiyev İdman Nazirliyi vasitəsi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə ayrılmış 397 min 852 manat 82 qəpik vəsaiti mənimsəyib. Bundan başqa, Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesabına 1 milyon 436 min 735 manat 18 qəpik köçürməklə leqallaşdırıb.
Qeyd edək ki, 2016-2018-ci illərdə "Formula 1" yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur. Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir. Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb. İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adı ilə anasının şirkəti, sürücüsü ilə müqavilələr bağlanıb.
Növbəti proses iyulun 22-də davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com