Çingiz Abdullayev “Noviçok”la zəhərlənib?-özü açıqladı

AYB katibinə Moskvadan niyə zəng ediblər və təklif ediblər ki...

Aprel ayının 5-də zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev haqqın.az saytına video-müsahibəsində bu olayla bağlı ilginc açıqlamalar verib.

Musavat.com xəbər verir ki, onun dediyinə görə, bu zəhərlənmədən üç ay əvvəl həm Azərbaycanda, həm Türkiyədə çekap müayinədən keçib, 65 yaşı olmasına baxmayaraq, bütün orqanlarının funksiyası əla vəziyyətdə olub.

Bu olaydan əvvəl-mart ayında Qazaxıstanın Prezidenti Füzuliyə səfər edərkən o da nümayəndə heyətinin tərkibində olub. Prezident İlham Əliyevin təyyarəsi ilə Füzuliyə gedən Ç.Abdullayev burdakı tədbirlərdə iştirak etdikdən sonra bir neçə nəfərlə Xankəndiyə gediblər. Orada da səhhətində xüsusi heç bir dəyişiklik hiss etməyib, amma Bakıya qayıtdıqdan bir neçə gün sonra özünü pis hiss etməyə başlayıb.

Aprelin 5-də isə vəziyyəti daha da pisləşib. Onu əvvəl “Mediklab”a gətiriblər, amma xanımı buradan onun Gömrük Hospitalına köçürüb. Bura aparanda isə artıq o huşsuz vəziyyətdə olub. Onun böyrəkləri, digər daxili orqanları iflas həddində olub. Bu da onda olan şəkərdə və qida zəhərlənməsində heç vaxt mümkün deyil. 

66198d1c2928c66198d1c2928d171295055666198d1c2928a66198d1c2928b.jpg (234 KB)

Yazıçılar Birliyinin katibi deyib ki, dərhal Prezidentin köməkçisi Anar Ələkbərov xəstəxanaya gəlib, hətta onu xüsusi təyyarə ilə Almaniyaya aparılmaqla bağlı təklif edilib. “Niyə razılaşmadınız” sualına Ç.Abdullayev zarafatla “axı mən özümdə deyildim” deyib, sonra isə Azərbaycan həkimlərini tərifləyib.

Ç.Abdullayev deyib ki, iki gün sonra özünə gəlib. Müsahibədə deyib ki, həkimlərin də dəqiq rəyi onun qidadan zəhərlənmədiyidir. O, deyib ki, 65 yaşında heç vaxt siqaret çəkməyib, harada gəldi yemək yemir, spirtli içkini adətən təyyarədə rahatlıq üçün içir, suyu isə adətən, özü ilə götürür. İş yerinə gəlincə, burda da çayı belə ayrıcadır.

Ç.Abdullayev jurnalistin “Noviçok”la zəhərlənə biləcəyi sualına birmənalı cavab verməyib, amma inkar da etməyib. Jurnalist yada salıb ki, bu kimyəvi zəhərlənmədən adətən, Rusiya kəşfiyyatı istifadə edir. Ç.Abdullayev deyib ki, ona Dövlət Dumasından zəng ediblər, “Noviçok” zəhərlənməsi üzrə mütəxəssisin müayinəsindən keçməsini təklif ediblər. Ç.Abdullayev xəstəxanada olduğu müddətdə 10 kiloqram arıqlayıb, son müayinələrə görə daxili orqanlarının tam bərpa edildiyini bildirib, “o dünyadan” qayıtmasına görə həkimlərə təşəkkür edib.

Musavat.com-un arayışı:

“Noviçok” qrupuna daxil olan (noviçok Azərbaycan dilinə tərcümədə yeni mənası verir) maddələrin hazırlanmasına 1971-ci ildə Sovet İttifaqında, Moskvadakı Dövlət Üzvi Kimya və Texnologiya Elmi Tədqiqat İnstitutunda başlanıb, 1993-cü ildə, Sovet İttifaqı dağılandan iki il sonra proses tamamlanıb.

“Noviçok” sinir iflici yaradan oxşar kimyəvi maddələr içində ən ölümcülü sayılır. Həm bərk, həm maye halında növləri olan “Noviçok” maddəsi ürəyin fəaliyyətini yavaşladaraq nəfəs yollarını qapadır. 

Screenshot_3.png (481 KB)

Aqrokimyəvi maddələrdən hazırlanan “Noviçok”un istehsalında istifadə olunan maddələrin yasaq altında olmadığı bildirilir.

Mərkəzi Qərargahı Niderlandın Haaqa şəhərində yerləşən Kimyəvi Silahlara Qadağa Təşkilatı 1990-cı ildə “Noviçok” qrupuna daxil olan maddələri nəzarətdə saxlanan maddələr kimi rəsmiləşdirib. 2020-ci il iyulun 7-dən “Noviçok” kimyəvi silah kimi tanınıb, onun istehsalı, istifadəsi və yayılması yasaqlanıb.

“Noviçok”un adı gündəmə 2018-ci ildə gəlib. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı 2018-ci il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiyada istehsal olunan, sinir iflici törədən xüsusi maddə ilə zəhərləndirilib. Həmin xüsusi maddənin “Noviçok” olduğu üzə çıxıb.

 

Musavat.com

02.07.2024 00:40
5132