Çinin kritik yarımkeçirici materiallara tətbiq etdiyi ixrac nəzarəti təchizat zəncirlərini gərginləşdirir, Qərbdə qabaqcıl çiplərin və hərbi optik avadanlıqların istehsalının azalması qorxusunu artırır.
Musavat.com xəbər verir ki, bu barədə Financial Times-ın məqaləsində qeyd edilir.
Bildirilir ki, Pekinin germanium və qallium tədarükünü məhdudlaşdırması son bir ildə Avropada bu mineralların qiymətinin təxminən iki dəfə artmasına səbəb olub. Bu elementlərdən hərbi və rabitə vasitələri üçün yarımkeçiricilər və komponentlər istehsal olunur.
Pekin keçən il məhdudiyyətləri tətbiq etməklə, onların ABŞ-ın qabaqcıl çiplərin və çip istehsalı avadanlıqlarının satışına qoyduğu məhdudiyyətlərə cavab olaraq “milli təhlükəsizlik və maraqları” qoruduğunu elan edib.
Materialda qeyd olunur ki, məhdudiyyətlər və əlavə ixrac nəzarəti Pekinin dünyanın onlarla kritik resurs tədarükündəki üstünlüyünü üzə çıxarıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, Çin dünyada qalliumun 98 faizini və germaniumun 60 faizini istehsal edir. Yarımkeçirici materialların böyük istehlakçısını təmsil edən bir şəxs nəşrə bildirib ki, "Çinlə bağlı vəziyyət kritikdir".
Təhlilçilər qeyd ediblər ki, nəzarətlər Çinin dövlət rəhbəri Si Cinpin hökumətinin Qərbin iqtisadi maraqlarını hədəfə almağa hazır olduğunu açıq şəkildə göstərir. Məqsəd Çinin qabaqcıl çiplərə və digər qabaqcıl texnologiyalara çıxış üzərində nəzarətini geri qaytarmaqdır. Təsirə məruz qalan şirkətin sözçüsü bildirib ki, Çin qalliumunun bəzi böyük tədarükləri hələ də davam etsə də, nəzarət tətbiq olunduqdan sonra ümumi ixrac təxminən yarıya qədər azalıb: “Əgər Çin ilin birinci yarısında olduğu kimi qalium ixracını azaldacaqsa, o zaman ehtiyatlarımız tükənəcək və çatışmazlıq yaranacaq”.
Məqalədə qeyd edilir ki, bu iki material qabaqcıl mikroprosessorlar, fiber-optik məhsulların və gecə görmə eynəklərinin istehsalı üçün vacibdir, ona görə də Pekinin ixracına əlavə məhdudiyyətlər bu cür malların istehsalını poza bilər.
Bu ay Pekin həmçinin zirehdələn döyüş sursatı, gecəgörmə eynəkləri və dəqiq optika istehsalında istifadə edilən mineral olan sürmənin ixracına məhdudiyyətlər elan edib. Bu addım Çinin qrafit və nadir torpaq elementlərinin çıxarılması və ayrılması üçün istifadə olunan texnologiyalara ixrac nəzarəti tətbiq etməsindən sonra atılıb.
Treyderlərin fikrincə, qallium və germanium nəzarət altında olduqda, hər bir fərdi partiya təsdiq tələb edir - 30 gündən 80 günə qədər. Bu, qeyri-müəyyənlik səbəbindən uzunmüddətli təchizat müqavilələrini qeyri-mümkün edir. İxrac icazəsi üçün ərizələrdə alıcı və nəzərdə tutulan istifadə göstərilməlidir.
Musavat.com