Çindən həyəcanlı məlumat: Aparıcı sənaye istehsalçılarının gəliri kəskin azaldı

 

 

Bu ilin yanvar-fevralında dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində iri sənaye şirkətlərinin ümumi mənfəəti illik ifadədə 22,9 faiz azalaraq 887,2 milyard yuan, yaxud 129 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, Çin Dövlət Statistika İdarəsinin məlumatına əsasən ölkədə illik gəliri 20 milyon yuandan yüksək olan şirkətlər iri şirkətlər hesab olunur. Ötən il belə şirkətlərin ümumi mənfəəti 4 faiz azalmışdı. Bu ilin iki ayında 41 sənaye sahəsindən 28-də gəlirlərin kəskin azalması qeydə alınıb. O cümlədən kompüter və digər elektron avadanlıqlar istehsalçılarının gəliri 77 faiz, əlvan metal emalçılarının gəliri 57,2 faiz, kimyaçıların gəliri 56,6 faiz, avtomobil istehsalçılarının gəliri isə 41,7 faiz azalıb.

Bu zaman dövlətə məxsus şirkətlərdə gəlirin azalması 17,5 faiz, özəl şirkətlərdə 19,9 faiz olub. Xarici mənşəli şirkətlərin gəliri isə 35,7 faiz azalıb.

Dünya iqtisadiyyatının artım lokomotivi sayılan Çində şirkətlərin gəlirinin azalması ölkəyə investisiya axınını azaldacaq əsas amillərdən biri hesab olunur. İnvestisiyaların azalması Çində proqnozlaşdırılan iqtisadi artım hədəfinə nail olunmasına problem yarada bilər. Bu isə dünya xammal bazarlarında, o cümlədən də neft bazarında qiymətlərin kəskin azalmasına gətirib çıxara bilər.

Musavat.com

27.03.2023 11:32
598