Çindən gətirilib türk malı adı ilə satılır - Bu məktəbli geyimləri təhlükə saçır - Videoreportaj

Yeni tədris ilinin başlamasına çox az zaman qalıb. Valideynlər məktəbli geyim və ləvazimatlarını almaq üçün artıq mağaza və bazarlara üz tutublar.

Satışda Bakı Tikiş Evinin hazırladığı məktəbli formaları ilə yanaşı, Türkiyədən gətirilən və Bakının müxtəlif yerlərində sexdə tikilən geyimlərə də rast gəlmək olur. Maraqlıdır, onlar arasında hansı kefiyyət və qiymət fərqləri var?

Musavat.com-un əməkdaşı real vəziyyəti öyrənmək üçün “8-ci km” bazarına baş çəkib. Bazarda müxtəlif kefiyyət və qiymətdə olan məktəbli geyimlərinə rast gəldik. Ən ucuz qısa qol köynək 6 manata satılır. Türkiyədən gətirilən formalar isə sex mallarına nisbətən bahadır. Satıcılar bunu materialın pambıqdan olması ilə əlaqələndirir. Onların sözlərinə görə, sexlərdə əsasən sintetikadan olan parçalardan geyimlər tikilir. Ona görə də qiymətlər ucuz başa gəlir. Bu cür geyimlər az təminatlı ailələr nəzərə alaraq satışa çıxarılır.

WhatsApp Image 2024-08-27 at 16.31.03 (1).jpeg (206 KB)

“Yerli mallar və Türkiyədən gələnlər var. Ən ucuz koftanı 7 manata satıram. İnsanlar daha çox pambıqdan olan geyimləri almağa üstünlük verirlər. Türkiyədən gətirilənlə yerli sexlərə tikilən geyimlər arasında 6-7 manat arası fərq var. Türkiyə malı tikişində və kefiyyətində fərqlənir. Məsələn, mən öz oğluma da Türkiyə malı alıram”, - Satıcılardan biri deyir.

Onun sözlərinə görə, sexdə tikilən şalvarlar 15 manata satılırsa, Türkiyədən gətirilənlərin qiyməti 25 manatdır.

“Biz topdan satış yerlərindən alırıq. Bakı Tikiş Evinin məhsulları da yaxşıdır”.

WhatsApp Image 2024-08-27 at 16.31.01.jpeg (260 KB)

Bəs valideynlər məktəbli geyimlərini haradan almağa üstünlük verirlər? Seçimlərdə kefiyyətə, yoxsa qiymətə üstünlük verilir?

Valideynlərdən biri bildirir: “Uşaqlarımın məktəbli geyimlərini bazardan almışıq. Materialı bizi qane edir. Koftanı 11 manata, şalvar və yubkanı 18 manata aldım. Materialı pambıqdan olan türk malıdır. Ötən il Bakı Tikiş Evinin geyimlərini almışdım, ancaq razı qalmamışdım”.

Digər valideyn isə Bakıdakı mağazalardan birindən aldığını bildirir.

“Qiymət bahadır. Qolsuz köynəyi 15 manata, şalvarı isə 25 manata aldım. Türkiyə malıdır. Yerli malların materialı yaxşı deyil”.

Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov Musavat.com-a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin qərarına əsasən bütün polo köynəklər 100 faiz pambıqdır. Şalvar və ətəklərin isə 60 faizi yundur.

1663010731_729.jpg (73 KB)

“Bakı şəhərində 11 satış mərkəzimiz var. Hamısında məktəb formaları satılır və sertifikatları var. Satış mərkəzlərimizdən satılan mallara 1il zəmanət veririk. Təsadüfü alınan məktəb formalarının isə belə zəmanəti yoxdur. İkincisi onun materialı və mənşəyi bilinmir. Hansı şəraitdə tikildiyi də məlum deyil. Bir dəfə yuyulandan sonra əski olacaq. Uşaqların həyatını riskə atmaq olmaz. Təsadüfü yerlərdən alınanlar onlarda allergiya yarada bilər. Çindən gətirib yalandan deyirlər ki, Türkiyə malıdır. Özünüz düşünün Türkiyədən gələn geyimi bu qiymətə verərlərmi? Sizcə, daha baha olmazmı?

Bizim mərkəzdə 20 faiz qiymət endirimi də etmişik. Polo köynəyin qiymətini sentyabr ayının 25-nə kimi 15 manatdan 12 manata, şalvar və ətəklərin qiymətini isə 25 manatdan 20 manata endirmişik”.

Şahanə Rəhimli
Musavat.com

27.08.2024 19:00
932