Çindən Avropa İttifaqına brendi zərbəsi; Fransa şirkətlərinin səhmləri sürətlə ucuzlaşır

Çin hakimiyyəti Avropa İttifaqından brendi idxalına qarşı antidempinq araşdırmasına başlayıb. Çin Ticarət Nazirliyindən verilən açıqlamaya görə, yoxlama zamanı 200 litrdən az qablarda Aİ-dən tədarük edilən spirtli məhsullar diqqət mərkəzində olacaq.

Ticarət Nazirliyindən bildiriblər ki, araşdırma qərarı Çin Spirtli İçki İstehsalçıları Assosiasiyasının yerli brendi istehsalçıları adından verdiyi şikayətlə əlaqədar qəbul edilib. Lakin ekspertlərə görə, Çin hakimiyyətinin qərarı Pekinlə Aİ arasında ticarət mübahisəsinin kəskinləşməsindən xəbər verir. Keçən ilin sentyabrında Aİ səlahiyyətliləri Çin elektrik avtomobil istehsalçılarına, dekabrda isə Çindən biodizel idxalına qarşı antiinhisar araşdırması başladıb.

Çinin qərarından sonra Fransanın spirtli içki istehsalçıları olan “Remy Cointreau”, “Pernod Ricard” və LVMH “Moet Hennessy Louis Vuitton”un səhmləri cümə günü müvafiq olaraq 12 faiz, 4,9 faiz və 2 faiz, “British Diageo”nun səhmələri isə 2,3 faiz ucuzlaşıb.

Musavat.com

06.01.2024 00:06
1414