Son üç ildə Çində dollar milyarderlərinin sayı 30 faizdən çox azalıb.
Musavat.com xəbər verir ki, məlumatı "Financial Times" (FT) Hurun araşdırma qrupuna istinadən yayıb.
Araşdırmaya görə, dinamika hökumətin sərt tədbirləri, iqtisadiyyatın bəzi sektorlarında zəiflik və birjalardakı depressiya ilə əlaqəlidir. Əgər 2021-ci ildə Çində 1185 dollar milyarderi var idisə, üç ildən sonra onların sayı cəmi 753 nəfər olub. Təkcə son bir ildə onların sayı 16 faiz azalıb.
Bundan əlavə, çinli milyarderlərin reytinqində birinci yerləri tutanların keyfiyyət tərkibi dəyişir. Məsələn, "ByteDance" (TikTok-un sahibi) rəhbəri Zhang Yiming 49 milyard dollar sərvətlə ən varlı şəxs olub. Əvvəllər bu vəzifəni "şüşələnmiş suyun kralı" Çjonq Şanşan tuturdu.
Üçüncü yerdə "Tencent"in yaradıcısı Poni Ma, dördüncü yerdə Pinduoduo və Temu-nun yaradıcısı Kolin Huanq qərarlaşıb. 2020-ci ildə siyahıya başçılıq edən, lakin həmin il ictimaiyyətin nəzərindən itən Alibaba-nın sahibi Cek Ma 2024-cü ildə 10-cu yerdədir.
Analitiklərin fikrincə, super zəngin insanların sayının azalması, tikinti sektorunun zəngin köhnə qvardiyasının Çinin bir vaxtlar inkişaf edən daşınmaz əmlak bazarının çökməsi nəticəsində sıradan çıxmasına görə baş verir.
Bundan əvvəl Çin sənayesinin problemlərinin pisləşdiyi barədə məlumat verilmişdi. Ən pis vəziyyət tikinti sənayesində, kömür hasilatı və avadanlıq istehsalındadır.
Musavat.com