Mahmud Hacıyev: “Cəmiyyətdə qadınların rolu artdıqca, onlar tərəfindən törədilən cinayətlərin artması gözlənilməz deyil”
Son illərdə dələduzluq əməlləri xeyli artıb. Burada bir məqam diqqəti xüsusi cəlb edir: Dələduzluq əməli törədən qadınların sayı da artır. Əksər dələduzluq olaylarında mütləq qadınların iştirakı, təşkilatçılığı halı üzə çıxır.
Son iki fakt elə bir həftə ərzində qeydə alınıb.
Binəqədi rayonunda bir qadının naməlum şəxs tərəfindən aldadılaraq 10 min manat, 10 min dollar və 500 avro pulunun alınması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova saxlanılıb. İyun-iyul aylarında isə paytaxt sakini olan bir nəfərin aldadılaraq 98 min 930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova müəyyən olunaraq saxlanılıb.
Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
İyunda daha bir dələduzluq və oğurluq maddələri ilə axtarışda olan şəxslər tutulublar.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini Ruhiyyə Quliyeva Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rəşad İsgəndərli və 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ufat Aslanov isə müvafiq olaraq Nəsimi və Suraxanı Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən tutulublar.
“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Məlumatı”na görə, 2023-cü ildə 25 min 6 cinayət törətmiş şəxs müəyyən edilib. Onlardan 1299-u qadın olub. 2022?ci ildə isə 24 min 432 cinayət törətmiş şəxsdən isə 1227-si qadın olub. Yəni qadınların törətdiyi cinayətlər ümumi cinayətlərin az qismini təşkil etsə də, bu, cinayətə meyilli qadınlarının sayının artdığı həqiqətini dəyişmir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,3 faizdir. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 10,0 faiz artıb. Qeyd edək ki, 2023-cü ildə qadınların əsasən hansı cinayətləri törətdikləri haqqında məlumat olmasa da, əvvəlki illərin statistikasında qadınlar ən çox dələduzluqda ittiham olunublar.
Qadınların dələduzluq əməlləri törətməsi halları niyə artıb? Onlar insanları daha tez inandırıb tora sala bilir, yoxsa şəbəkə cinayətlərində qadınlardan iz azdırmaq üçün istifadə olunur? Ümumiyyətlə, bu tip cinayətlərin artmasının sosial səbəbləri nədir?
Mahmud Hacıyev
Keçmiş polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, qadınlar tərəfindən cinayətlərin artmasına qanunauyğunluq kimi baxmaq lazımdır: “Cəmiyyətdə qadınların rolu artdıqca, qadınlar tərəfindən törədilən cinayətlərin artması gözlənilməz deyil. Qadınlar zərif cinsin nümayəndəsidir, onlar kişilərə nisbətən daha az cinayət törədirlər. Ümumiyyətlə, cinayət törətmək qadınlara xas deyil. Bütün dünyada belədir. Kişilər daha çox cinayət törədir. Qadınların əksəriyyətinin bıçaqlanma, adam öldürmə və digər cinayətlər törətməsi özünümüdafiə xarakteri daşıyır. Adətən qadınlar daha çox zorakılığa məruz qalır və sonu cinayətlə nəticələnir. Qadınlar nadir hallarda öldürür. Qeyd etmək lazımdır ki, ən zəif kişi qadından fiziki cəhətdən güclü olur. Bu zaman da qadın bıçağa əl atmağa məcbur olur. Qadının adam öldürməsinə qəsdən törədilən cinayət demək olmaz. Bu, həmin qadının daha çox özünümüdafiə xarakteri daşıyır. Ən çox ailə problemləri olan qadınlar cinayət törətməyə məcbur olurlar. Dələduzluq isə tamah məqsədilə törədilən cinayətdir. Bu say da kişilərdə daha çoxdur. Cinayəti uşaq da, yeniyetmə, ahıl yaşda insan da, qadın da törədə bilər. Bunu dırnaqarası olsa da, qanunauyğunluq kimi qəbul eləmək lazımdır”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”